Şəhid atası Xəlil Əliyevə həsr olunmuş abidəni tamamlamaq arzusundadır

Əliyev Xəlil Novruz oğlu 8 mart 1972-ci ildə Gəncə şəhərində anadan olub. O, 1987-ci ildə 19 saylı orta məktəbi bitirdikdən sonra Avtomobil Nəqliyyatı Texnikumuna daxil olmuşdu.

Xəlil Əliyev 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, nizam intizamlı əsgər olduğuna görə hərbi hissə rəhbərliyi tərəfindən ailəsi ilə görüşmək üçün ezamiyyət verilmiş, Xəlil Əliyev ezamiyyətə gələn zaman könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılmışdır.

Xəlil Əliyev cəbhəyə getdiyi günlərdən etibarən əsgərlər arasında öz qorxmazlığı və bacarığı ilə seçilən bir əsgər olmuşdur.

O, Yenikənd, Drambon, Sırxavənd, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə qorxmazcasına vuruşub. Xəlil Əliyev sonuncu döyüşü zamanı kəşfiyyatçı kimi 20 nəfər əsgərdən ibarət bir dəstə ilə bir neçə postu alaraq irəliləyib Qarakənd zirvə postunda hər tərəfdən mühasirəyə düşmüşdür. Həmin vaxt əsgərlər arasında subay və ən cavanı Xəlil olmuşdur. Əsgər yoldaşlarının dediyinə görə, atəş açaraq 19 nəfərin mühasirədən çıxmasına şərait yaratmış, özü isə öz mövqeyindən tərpənməmişdi. Xəlilin döyüş yoldaşları onu səsləsələr də o, yaralı olduğunu bildirmiş və həmin yeri tərk etməyib. Həmin atışma zamanı Xəlil Əliyevin gülləsi qurtarmış, o, düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü partlatmışdır.

Beləliklə, qəhrəman döyüşçü Xəlil Əliyev 19 sentyabr 1992-ci ildə Qarakənd uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur.

Xatırladaq ki, 27 iyun 2021-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Gəncə şəhəri, İmamzadə məkanında 1992-ci ildə, Qarakənd ətrafında gedən ağır döyüşlərdə şəhid olmuş Əliyev Xəlil Mirnovruz oğlunun Anım mərasimi keçirilməsini xəbər vermişdik.

Tədbirdə şəhid Xəlil Əliyevin atası, əmiləri, xeyriyyəçi Hacı Rövşən Məmmədov, Gəncə şəhər şöbəsinin sədr müavini Eldar Verdiyev, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov yerli icra hakimiyyətinin nümayəmdələri iştirak etmişdilər.

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid atası Mirnovruz Əliyevə Xatirə medalını təqdim etmişdi.

Bu günlərdə şəhidin atası şəhidin xatirəsinə həsr olunmuş abidənin formasını dəyişmək arzusundadır. Yeni variantın eskizini bizə təqdim edib. Şəhidlər unudulmamalıdırlar.

Allah rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: