Qarşıdan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 28 illiyi gəlir!
Bu məqsədlə görüləcək tədbirlər barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) NTK sədri Niyazi Quliyev öz fikirlərini bizimlə bölüşüb.

AVMVİB NTK sədri N. Quliyev bildirdi ki, AVMVİB fəaliyyəti dövründə qarşıya qoyduğu məqsədlərə nail olmağa çalışıb. Əsas məqsəd isə dövlətimizin veteranlarla bağlı siyasətini dəstəkləmək və bu istiqamətdə addımlar atmaqdır. AVMVİB olaraq bu istiqamətdə, istər öz daxili imkanlarımız hesabına, istərsə də hökumət dəstəyi ilə genişmiqyaslı layihələr həyata keçirib və hər zaman dövlətimizin yürütdüyü Qarabağ siyasətini bir mənalı şəkildə dəstəkləyib.
Hazırda 82 şəhər və rayon şöbələrimiz ictimai əsaslarla fəaliyyət göstərir. Bu gün üzvlərimizin sayı 87 min nəfəri keçib. Könüllülük əsasında birliyə üzv olan hər bir müharibə veteranının ilk istəyi onunla birgə səngərlərdə olmuş döyüşçülərlə birgə olmaqdır. Bu günədək bizdən ayrılıb gedənlər oldu və hətta təşkilatlar yaratdılar. Ortada isə olan ən iri ictimai birlik, elə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyidir (AVMVİB). Bu gün könüllülük və ictimai əsaslarlafəaliyyətini qurmuş şöbələrimizin fəaliyyətindəki çətinliklərdən xəbərimiz var. Hətta bəzi rayonlarda bu azmış kimi rayon rəhbərləri də əlavə problemlər yaratmağa çalışırlar. Neçə şöbəmizin qərargahı yoxdur. Daim fəal olan AVMVİB Nəsimi rayon şöbəsinin mövcud yeri əlindən alınıb və bu günədək bu fəallığı ilə seçilən şöbəmiz öz tədbirlərini Qənimətlər Parkında keçirməyə məcbur olub.
N. Quliyev qeyd etdi ki, hər bir AVMVİB üzvü illər boyu torpaqlarımızın düşmən işğalından azad ediləcəyi günləri gözlədi. Ona görə də bir təşkilat olaraq ilk gündən Müzəffər Ali Baş Komandanın əmrinə uyğun olaraq başlanmış 44 günlük Vətən uğrundakı döyüşlərdə ordumuzun dəstəyinə tələsdik. AVMVİB üzvləri cəbhənin bütün istiqamətlərində, istər döyüşlərdə, istərsə də maddi və mənəvi dəstək göstərməyə çalışırdılar.
30 il boyunca heç bir beynəlxaq təşkilatın addım atmadığını, dünya birliyinin işğalçılara göz yumduğunu görən dövlətimiz artıq öz məsələsini özü həll edərək müdafiəyə qalxdi. Qanında milli ruh olan, döyüş əzmli xalqımızın mərd igid oğulları – on minlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə başladı. Biz dəfələrlə bəyan etmişik və bir daha edirəm ki, bu ruhun qorunub saxlanması AVMVİB-nin əsas missiyalarından olub. Bu illər ərzində orta məktəblərdə, ali məktəblərdə və hərbi hissələrdə minlərlə tədbirlər, görüşlər keçirmişik. Şəhid adlarının əbədiləşdirilməsi yolunda mücadilə vermişik. Bir faktı qeyd edim ki, Şəhidlər Xiyabanında Daşaltının məzarsız şəhidlərinin xatirəsinə kiçik bir daş qoymağa qarşı Bakı şəhərinin sabiq başçısı Hacıbala Abutalıbov əsil «mübariz»ə çevrilmişdi. O məzarsız qəhrəmanların adının əbədiləşdirməsinə həsr olunan daşı gecə ikən qoyduq. Bu gün Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun və Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovun diqqət və qayğısı sayəsində o şəhidlərimizin adları həkk olunmuş Abidə şəhid yaxınlarının ziyarət yerinə çevrilib.
Niyazi Quliyev, qarşıdan gələn AVMVİB-nin yatranmasının 28 illiyi ilə bağlı müharibə veteranlarını təbrik edərək bu müqəddəs yolda şəhid olan döyüşçülərə Allahdan rəhmət dilədi. Sağlamlığını itirmiş qazilərimizə can sağlığı arzuladı. Bu illər ərzində AVMVİB sıralarından Qarabağın azadlığını görmədən nigaran ruhla sıralarımızı tərk etmiş döyüş dostlarımıza da rəhmət dilədi. Bildirdi ki, AVMVİB üvləri hər cür tərifə və alqışa layiqdirlər…
