- XAQANİ ƏDƏBOĞLU
AVMVİB Mətbuat Xidməti
Maraqlıdır ki, bizim ölkədə qeyri-ənənəvi bir statistika var. İrəvanlı türklər (azərbaycanlılar) öz saylarını artıq 5 milyona, gürcüstanlı türklər (azərbaycanlılar) 1,5 milyona, ləzgi azərbaycanlıları 3 milyona, talış azərbaycanlıları 2 milyona, tat azərbaycanlıları 1 milyona, kürdlər 500 minə, ermənilər 30 min erməni gəlin və uşaqları ilə birgə 150 minə, ruslar 150 minə və s. kimi rəqəmlər səsləndirirlər. Nə yazıq ki, həmişə etnik İrəvan türk-azərbaycanlıları buna rəvac verirlər. Bir vaxtlar 3 milyon, daha sonra Rəsul Quliyev bu rəqəmi 4 milyona qaldırmaqla yerdə qalan türk qövmünə, ölkənin əsil sahiblərinə say qoymamışdı. Çünki ən son statistik məlumatda sayımız cəmi 10 milyon 147 min 380 nəfər olub. Amma bu qeyri-rəsmi «separatçı demoqrafik» statiskaya görə alınan rəqəm isə 13 milyon 300 min nəfərdir. Əlbəttə ki, buradan bu qondarma rəqəmləri uyduranlardan soruşuram: Bəs onda biz kimik?
Hər kəs bilməlidir ki, müasir dövrdə demoqrafiya dünyanın diqqət mərkəzində olan ciddi bir sosial amilə çevrilib və dünyanın yenidən düzənlənməsində bu amilin xüsusi rolu var. Ona görə də bəzi separat meyilli etnik qrup nümayəndələri zaman-zaman bu sahədə yalan statistik rəqəmləri və uydurma «assimlyasiya» nağıllarını dövriyyəyə buraxırlar. Ona görə də diqqətli olmalıyıq.
Deputat Əziz Ələkbərli avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağında belə deyib: “Təkcə 1948-1953-cü illər deportasiyası zamanı bu ərazidən 150 min nəfərə yaxın soydaşımız deportasiya olunub. 1988-1991-ci illərdə deportasiya olunanların sayı 300 min nəfərə yaxın idi. Ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib”.


Bu zərərli tendensiyanı Ana etnosa qovuşsa da etniklikdən qurtula bilməyən İrəvanlı soydaşlarımızın tez-tez yayması, erməni məxfi xidmət orqanları tərəfindən təxminlərə görə 1987-ci ilin fevral ayında hazırlanmış «Erasx» adlı bir əməliyyatın konturlarıdır və bu içimizdə bu gün daha çox özünə türk, yaxud da azərbaycanlı deyə bilməyənlər özlərinə «Yeraz» deyərək yayırlar və əfsuslar olsun ki, bizim saf və bir az da sadəlövh xalqımız fərqinə varmadan bu qondarma adı «İrəvan azərbaycanlıları» olduğunu düşünərək onlara yardımçı olurlar. Hətta bu deyim zəifləyən kimi eyni mərkəzdən idarə olunanlar cılız və düşük kliplər yayınlayıb ölkədə qıcıq yaratmağa çalışırlar. Detallara diqqət edək. Bu ad İrəvan-Xankəndi (Stepanakert) avtomobil yolunun üzərində yerləşən Yerasx adlı bir kəndin, yoxuşun adından götürülüb, buradan Naxçıvana gedən və bu gün qeyri-aktiv olan magistral yolu da Yerasx ərazisindən keçir. Kənddən 500 metr aralıda Cənubi Qafqaz dəmir yolunun Yeraşx stansiyası, Masis-Yerasx xəttinin terminalı (Şərura sərhəd keçidi sökülüb) yerləşir.
İndi isə bəzi adamlar tərəfindən zaman-zaman məqsədli şəkildə yayılan statistik məlumatlara aydınlıq gətirək.
Məlum Qarabağ hadisələri zamanı Yuxarı Qarabağda komendantlıqlar yaradılmışdı və bu komendatlardan biriylə dostluq edirdik. Bir gün mənə dedi ki, bilirəm, sən Vətənini çox sevirsən. Bir sirr verəcəyəm, amma mənim adım olmasın. Sizin ölkəyə göndərilən qaçqınları niyə dəqiq uçotunu aparmırsınız? Dedim ki, görmürsən nə gündə qovulublar, bizim millətin nümayəndələridir. Rus podpolkovnik dedi ki, məndə məlumat var, onların içərisində sizə çoxlu adamlar göndərilir. Doğrusu inanmadım. Sonra eyni faktı başqa bir rus zabit Sırxavənd Ərazi Rayon Partiya Komitəsinin II katibiinə söylədiyini eşidəndə anonim olsa da MK-ya məlumat yazdım. Ə. Vəzirovun dövründə bu məlumata reaksiya verilmədi.
İndi isə statistik rəqəmləri diqqətinizə çatdırmaq yerinə düşərdi. Hörmətli deputat bildirir ki, 1948-1953-cü illər deportasiyası zamanı bu ərazidən 150 min nəfərə yaxın soydaşımız deportasiya olunub. Əslində isə bu rəqəm 100 min nəfərdən də az olub. Stalinin imzasıyla qərarda da belə yazılıb (Bax: Qərar: 23 dekabr 1947-ci ildə İ. Stalinin imzaladığı köçürmə haqqında qərarda deyilirdi: «1948-1960-cı illərdə könüllülük əsasında (?!) köçürmə).
Qərarda göstərilir ki, Azərbaycan SSR-in Kür-Araz ovalığına Ermənistan SSR-dən 100 min kolxozçu və digər azərbaycanlı əhali köçürülsün, onlardan: 10 min nəfər — 1948-ci ildə, 40 min nəfər — 1949-cu ildə və 50 min nəfər — 1950-ci ildə. Yəni tarixlə məşğul olan deputat bu rəqəmin də 150 min deyil, 100 min olduğunu bilməliydi və Stalin gorbagor olduqdan sonra əhalinin bir hissəsi, xüsusən Göyçəyə, Dərələyəz və Zəngəzura qayıtmağa nail olmuşdular (Qərar və köç bileti əlavə olunub).


Eyni faktı Ermənistana 90 min erməninin gəldiyini tarixçi Vladislav Zubok qeydə alıb: «Uğursuz İmperiya: Soyuq Müharibədə Sovet İttifaqı Stalindən Qorbaçova qədər» (Sıtat: Türkiyədə “dədə-baba torpaqlarını” qaytarmaq arzusu baş tutmayandan sonra (Qars, Ərdahan nəzərdə tutulur — red.) Ermənistan liderləri Azərbaycana qarşı hiylə qurmağa başladılar. Ermənistanın partiya katibi Qriqori Arutyunov şikayət etdi ki, repatriantlar üçün yer yoxdur (baxmayaraq ki, Sovet Ermənistanına proqnozlaşdırılan 400.000 erməni əvəzinə cəmi 90.000 nəfər (bəzi mənbələrdə 96 min göstərilib-red.) gəlmişdi). O, Ermənistan ərazisində yaşayan azərbaycanlı kəndlilərin Azərbaycana köçürülməsini təklif etdi».
Digər bir tərəfdən 1939-cu il statistikasına görə Ermənistanda azərbaycanlıların sayı 130.898 nəfər göstərilib, 1959-cu ildə bu rəqəm 107.748 nəfər idisə, burada müharibəni də nəzərə alsaq 150.000 nəfərin deportasiyasından söz gedə bilməz. 1949-cu ilə aid siyahıyaalma sənədləri yoxdur. Güman ki, keçirilməyib. Deməli, deputatın dediyi 150 min rəqəminin heç bir əsası yoxdur.
Əziz Ələkbərli bildirib ki, ən böyük deportasiya isə 1918-1920-ci illər soyqırımı zamanı baş verib”. Amma 1905-ci il qırğınları və deportasiyalarını unudub. Həm də burada rəqəm deməyib. Bu gün 1918-20-ci illər haqqında məlumatlar yetərincədir. Belə məlumatların birində deyilir ki, erməni silahlı birləşmələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında (Zəngəzur həmişə Qarabağa aid olmuş bir mahaldır-red.) 115 azərbaycanlı kəndini yerlə-yeksan etmiş, 3.257 kişi, 2.276 qadın və 2196 uşaq qətlə yetirilmişdir. Bu mahalda ümumilikdə 10.068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50.000 azərbaycanlı isə qaçqın düşüb. Qərbi Zəngəzur heç zaman, nə İrəvan xanlığına, nə də Ararat (indiki Hayastan) respublikasına aid olmayıb. Qarabağ xanlığı yarananda bu əraziləri Qaradağ xanından aldığı məlum tarixi reallıqdır. Zəngəzurun Ermənistana verilməsi isə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi satqın kommunistlərin qərarı ilə həll olunub.
Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. Tarixi bilgilərə görə, XVIII əsrdə Pənahəli xan Mehri və Güney mahallarını Qaradağ xanının əlindən, Tatev və Sisyan mahallarını Naxçıvan xanının əlindən, Zəngəzur və Qapanı isə Təbriz xanının əlindən aldı. Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi, Qarabağ ərazisi kimi Zəngəzur yenidən bir inzibati vahidin tərkibində birləşdirildi. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də Qarabağ qubernatorluğunun tərkibində olub. 1917-1920-ci illərə dair statistik məlumatlardan aydın olan odur ki, Azərbaycanlıların Zaqafqaziyadakı 2353,7 min nəfərlik sayları 1920-ci ildə ermənilərin və rusların törətdikləri qırğınlar sayəsində 1952,2 min nəfərədək azalmışdı. Bir çox mənbələrdə göstərilir ki, 1913 – 1920 — ci illərdə, xüsusən I Dünya müharibəsi (1914–18) nəticəsində xarici müdaxilə, ermənilərin azərbaycanlıların törətdiyi soyqırımı və s. Azərbaycan əhalisi 387 min nəfər (16,6%) azalıb, yəni 2339,2 min nəfərdən 1952,2 min nəfərə düşmüşdü. Bu isə 400 min azərbaycanlının məhv edilməsi anlamında qəbul edilə bilər…
1920-ci il hadisələrində isə, Türkiyə ilə sərhəd ərazilərinin əhalisi, əsasən Anadoluya üz tutub və bu gün İğdır, Qars, Ərdahan və s. bölgələrdə yaşamaqdadırlar. Digər bir məlumatda isə deyilir ki, 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlıların sayı burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur.
Daha sonra cənab deputat deyir ki, 1988-1991-ci illərdə deportasiya olunanların sayı 300 min nəfərə yaxın idi. Amma deputat olmamışdan öncə 2016-cı ildə Modern.az-a belə demişdi: «Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz də qarşımıza bütün bu məsələləri həll etməyi qoymuşuq. Strateji hədəfimiz İrəvan və bütün Qərbi Azərbaycandır! Heç kimsə bizi bu yoldan saxlaya bilməz!» Bu gün isə say davasının məğzi belə demir…
Ürək ağrıdıcı haldır ki, İrəvanlı soydaşlarımız, nədənsə bu cür statistikanı xarici təşkilatlar üçün deyil, daim məqsədi bəlli bir şəkildə daxili auditoriyaya bəyan edirlər.
Mətləbdən uzaqlaşmayaq. Sonralar bu statistik məlumatları 1989-cu il SSRİ statistikası məlumatları ilə tutuşdurdum və həmin zabitin haqlı olduğunu gördüm. Rəqəmlər sovet zabitinin dediyi faktı təsdiqləyirdi. Həqiqətən də ölkəmizə bizə aid olmayan adamlar ötürülüb və bu artıq Dövlətin təhlükəsizliyinə bir təhdidə çevrilə bilər. Bunca illər ərzində dəfələrlə yazmışam ki, qaçqınların statusunu ləğv edənlərin də məqsədi, məhz bu izi itirmək olub. İravan xanlığı ərazilərindən qovulmuş soydaşlarımız bu gün öz ensklopedik demoqrafiya dəftərlərini hazırlamaları, belə saxtakarcasına say artırmaqdan daha xeyirli ola bilərdi. Kənd-kənd, rayon — rayon sayımızı və etnik tərkibimizi üzə çıxara bilsək o adamları tərk-silah edə bilərik.
1989-cu il Siyahıyaalması SSRİ-də keçirilən ən son demoqrafiyanı əks etdirən statistik məlumat olaraq qalır. SSRİ siyahıya almalarına görə Ermənistanda 1939-cu ildə — 130.896 nəfər, 1959-cu ildə — 107.748 nəfər (müharibə və Stalinin mənfur köçürmə siyasəti əhali sayının azalmasına səbəb olub-müəl.), 1970-ci ildə 148.189 nəfər, 1979-cu ildə 160.841 nəfər, 1988-ci ildə bu rəqəm bəzi mənbələrdə demoqrafiq artıma +1265 nəfər olmaqla, 162.106 nəfər və ən son 1989-cu ildə isə 84.860 nəfər olaraq göstərilib. Azərbaycanlı qaçqınların sayının 162 min nəfərdən artıq olması mümkün deyildi.


Bu gün deputat deyən 300 minlik say, Tomas de Vaalın kitabında 186 min nəfər əks olunub, o cümlədən T. Vaal bu saya 18 min kürd və 3,5 min rusu əlavə edib. «1988-ci ildən 1992-ci ilə qədər milli ayrı-seçkilik nəticəsində demək olar ki, bütün azərbaycanlı əhali Ermənistanı tərk etdi. Bura 1988-1989-cu illərdə Ermənistandan Azərbaycana köçmüş 186.000 azərbaycanlı, o cümlədən 18.000 müsəlman kürd və 3.500 nəfər rus daxildir (Томac Де Ваал. «Черный сад»)». Kürd və rusların 21,5 minlik sayını çıxsaq alınan rəqəm 161,5 min nəfər olar və bu da bizim təxminlərə tam uyğundur. Bütün İrəvanlı qardaşlarımızdan soruşuram: Siz, içərinizdə qaçqın kimi gələn rus icması görübsünüzmü? İkinci sualım isə Əcəmi (şiə) kürdlərlə bağlıdır.
Digər bir mənbədə isə deyilir ki, 1988-ci ildən həyata zorakı deportasiya zamanı Ermənistan Respublilası ərazisində azərbaycanlılara məxsus 170 və 94 ermənilərlə qarışıq olan yaşayış məntəqələri tamamilə erməniləşdirildi. Ermənistan adlanan bu qədim türk torpaqlarında həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində 22 rayon və 6 şəhərdən təqribən 160 min (17 min nəfəri kürd olmaqla-Statistik məlumat) azərbaycanlı doğma vətənindən barbarcasına qovuldu. Yəni bütün mənbələrin heç birində Ə. Ələkbərlinin 300 minlik statistikası özünü doğrultmur və feyk olduğu üzə çıxır. Amma burada maraqlı məqam bu rəqəmlərin şişirdilməsi deyil, 17 min və 18 min kürd adıyla gələnlərin kimliyi olmalıdır və bu gün bizə saxta «separatçı statistika» soxuşdurmağa çalışanlar, bu Vətənə sığınmış vətənpərvər insanlarımız bu faktı üzə çıxarmaq üçün çalışmalıdırlar (Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966-1001 («Национальный состав населения по СССР, республикам, областям, районам»)
Diqqət edin: 1989-CU İLDƏ ERMƏNİSTANDA MÜSƏLMAN KÜRDLƏRİN SAYI 4151 NƏFƏR GÖSTƏRİLİB. BU SAY 2011-Cİ İLDƏ 2162 NƏFƏR (BƏZİ MƏNBƏLƏRDƏ 1898 NƏFƏR) OLARAQ QEYD EDİLİR. Yəni bu onu göstərir ki, müsəlman kürdlərin yarısı bura köçüb. Azərbaycanda bu rəqəm statistik məlumatlarda özünü belə əks etdirib. 1970-ci ildə kürdlərin sayı 5466 nəfər, 1979-cu ildə 5651 nəfər, 1989-cu ilin siyahıyaalmada isə bu rəqəm qəflətən 12.226 nəfərə yüksəlir. Əgər Ermənistandan bütün kürdlər köçmüş olsaydı belə bu rəqəm 10 min civarında ola bilərdi. Lakin orada bu gün də yaşamaqda olan kürd müsəlmanlar qalıb. Artım tempi +190 nəfər olmaqla bu rəqəm cəmi 7800 nəfər edirsə, qeyriləri kimlərdir? Yaxud da öz kitabında Britaniya kəşfiyyatının məlumatlarından bol-bol istifadə etmiş, Tomas de Vaal «Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında» kitabında «18.000 müsəlman kürd və 3.500 nəfər rus» sayını haradan götürə bilərdi? İllərin sualı budur.
Yəni bu adamlar, nə kürd, nə də türklərdir. Özlərinə kürd, türk və azərbaycanlı deyilməsini istəmədikləri üçün «Yeraz» adını uydurub xalqımızı parçalamaqla məşğul olan və özlərini bu ad arxasında gizləyən şəxslərdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, bu ölkənin türkü də, ləzgisi də, talışı da, tatı da, avarı da, kürdü də bu Vətən uğrunda tək yumruq olmağı bacarır. Bölücülərə qarnımız toxdur. Axtarırsınız «arxa qapıdan ölkəyə soxulanları» axtarın. Bizim problem budur, cənab deputat. Sizə say gərəkdirsə, Azərbaycan əhalisinin sayı ən son məlumata görə 10 milyon 147 min 380 nəfər nəfərdir…


