Bu ölkədə Rusiya Federasiyasının qanunları keçərliymiş…

Hər iki Vətən müharibəsinin veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü qazimiz İ. Beydullayevin qızı Gülnar Beydullayevanın başına gətirilən qanunsuzluqla və uşağının oğurlanaraq sərhəddən keçirilməsiylə bağlı məlumat vermişdik. Bu barədə aidiyyatlı qurumlara və hətta bu qaçırılma olayında «vasitəçilik» etmiş DİN 102 Xidmətinə məlumatlar vermişdik. Lakin bu günədək aldığımız tək cavab, «Mülki işdir, məhkəməyə müraciət edin» olub.

Xatırladaq ki, Gülnar Beydullayeva 6 iyul 2022-ci ildə həyat yoldaşı Şamil Zamanoviç Manafovla birgə yaşadığı Rusiyadan atasıgilə qonaq gəliblər. O cümlədən 3 yaş yarımlıq oğlu Yusif Manafov da onlarla birgə gəlib. Gəldiyi gundən də Agdaş şəhərində Gülnarın atasıgildə yaşayıblar. Sonra aralarında söz-söhbətlər yaranıb və bir müddətdən sonra planlaşdırılmış bir şəkildə Ş. Manafov, dayısı Şirvan şəhər sakini Elşən Qəfər oğlu Cabbarovla uşağı görüş adıyla DİN 102 Xidmətinə zəng olunduqdan sonra Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının iştirakıyla gəzdirmək üçün atasına veriblər. Lakin atası uşağı Ağdaş və Oğuzda deyil, Rusiyada gəzdirmək «qərarına» gəlib. Bir mənalı olaraq, 3,5 yaşlı uşağın ikinci valideynin icazəsi olmadan sərhəddən keçirilməsi faktı ortadadır. Faktiki olaraq dünyanın bütün ölkələrindən bədnam şəkildə qovulan Rusiya Fedarasiyasının Konsulluğunun bu qanunsuzluqda əli olmasını müəyyən etdik. Bu barədə geniş yazı hazırlayacağıq.

Şirvan şəhər sakini Elşən Qəfər oğlu Cabbarov və Ş. Manafovun Oğuz rayonu Filfilli kəndində yaşayan ailə üzvlərinin bu işdən xəbərləri olub. Lakin bu günədək faktla bağlı heç bir hüquqi prosedur həyata keçirilməyib. Hadisəylə bağlı bir nəfəri çağırıb bircə sual da verən olmayıb.

Onsuz da bu məsələ ilə bağlı məhkəməyə müraciət ediləcək.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Əgər yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir.

Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarına əsasən yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi ilə əlaqədar yaranan mübahisələrdə cavabdeh kimi buna razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yerin müəyyənləşdirilməsi mümkün olmayan digər valideyn çıxış edir. Bu kateqoriya işlər üzrə iddialar razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya orqanın himayəsinə və yaxud qəyyumluğuna, o cümlədən bir nəfərin övladlığına verildiyi hallarda həmin şəxslərin özü ilə uşağı ölkədən çıxarması üçün hər hansı icazənin alınması tələb olunmur.

Gülnar Beydullayeva Azərbaycan Respublikasının, həyat yoldaşı Şamil Manafov isə Rusiya Federasiyası vətəndaşıdır. Maraqlı burasıdır ki, öz ölkəsində Gülnar Beydullayevanın hüquqlarını RF qanunları ilə pozublar. Nə vaxtdan Azərbaycanda Rusiya Qanunları daha üstün sayılır?

Ölkə qanunvericiliyinə görə valideynlərdən biri əcnəbi olduğu hallarda valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir.

Olay Azərbaycanda baş verdiyi üçün Azərbaycan qanunları əsas götürülməli idi. Lakin RF Azərbaycandakı səfirliyi, DSX və Miqrasiya Xidməti bəs hansı qanuna istinad edərək qanunsuz şəkildə boşanma həddində olan bir ailənin azyaşlı uşağını sərhəddən buraxıb?

Dövlət Sərhəd Xidmətinin rəsmi cavabını sizlərə təqdim edirik: «Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az rəsmi saytına ünvanladığınız elektron müraciətə Sərhəd Nəzarətində baxılmışdır.

Manafov Yusuf Şamiloviç Rusiya Federasiyasının vətəndaşı olduğundan Azərbaycan Respublikasının qanunvericiliyində dövlət sərhədindən keçdiyi təqdirdə razılıq ərizəsinin tələb olunması nəzərdə tutulmadığından Rusiya Federasiyasının pasportu əsasında dövlət sərhədindən buraxılmışdır.

Məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur».

Belə bir sual ortadadır: Dövlət Sərhəd Xidməti nə vaxtdan Rusiya Federasiyasının qanunları ilə işləyir?! Sual budur. Yuxarıda Azərbaycan qanunları ilə bu uşağın oğurlanaraq aparılmasına yol verilmir.

Bəs RF və MDB qərarları nə vaxtdan bizim qanunlardan üstün elan edilib?

Rusiya qanunvericiliyinə uyğun olan bir şəkildə azyaşılı uşağın Rusiya Federasiyasının vətəndaşı olan nümayəndənin müşayiəti ilə Rusiyadan getməsinə qadağa şamil edilmir. Eyni zamanda, fikir ayrılığı olan əcnəbi valideyn Rusiya Federasiyasından uşaqla birlikdə gedə bilməz. Bəs Azərbaycandan gedə bilərmi?

Yetkinlik yaşına çatmayan şəxs Rusiyanı qanuni nümayəndələrinin müşayiəti olmadan ölkəni tərk etdikdə, pasportundan əlavə, onlardan birinin notarial qaydada təsdiq edilmiş razılığı da yanında olmalıdır.

114-FZ saylı Federal Qanunun 20-ci maddəsinə əsasən:

Uşaq valideynlərindən biri ilə Rusiya Federasiyasının hüdudlarından kənara səyahət edərsə, ikincisindən razılıq tələb olunmur.

Üstəlik, uşaq hər iki valideynlə səyahət edərsə, razılıq tələb olunmur.

Nadir hallarda, uşaq onlarla səyahət etsə belə, hər iki valideyndən (anadan ataya, atadan anaya) çarpaz icazə tələb olunur.

«Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında» Sazişin təsdiq edilməsi barədə sazişin 5-ci maddəsində deyilir: «Tərəflərin səlahiyyətli orqanları digər dövlətin ərazisində olan yetkinlik yaşına çatmayanın şəxsiyyətini müəyyən etmək məqsədilə təmənnasız və sorğu əsasında onun daimi yaşadığı dövləti müəyyən etməyə, habelə lazım gəldikdə, yetkinlik yaşına çatmayan şəxsə və daim yaşayış yeri olduğu dövlətə aparılması zamanı onu müşayiət edən şəxslərə dövlət sərhədini keçmək üçün tələb olunan sənədlərin müəyyən edilməsinə imkan verən məlumatı sorğu əsasında təmənnasız təqdim edirlər. Yetkinlik yaşına çatmayan şəxsin olduğu yer barəsində himayəçilik və qəyyumluq üzrə valideynlik hüququnu həyata keçirən fiziki və ya hüquqi şəxs, habelə yetkinlik yaşına çatmayanın daimi yaşayış yeri olan dövlətin onun qaldığı dövlətdəki diplomatik nümayəndəliyi (konsulluq idarəsi) məlumatlandırılır».

Bu baş verənlər müstəqilliyini bəyan etmiş bir ölkə üçün sadəcə bir ayıbdır. Uğrunda canımızdan keçdiyimiz o sərhədlər daxilində hüquqlarımızın qorunmaması isə başqa bir ayıbdır. Maraqlı burasıdır ki, aidiyyatlı qurumlar uşaq oğurluğu sayılacaq bu əmələ sakitcə məhkəmə yolunu göstərirlər. Fakt bundan ibarətdir ki, ölkə vətəndaşının hüquqları pozulub.

Görəsən məhkəmələrimiz hansı ölkənin qanunları ilə işləyir?!

Əlaqə: +99450 752 58 18

Fədai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: