
ELBARİZ MƏMMƏDLİ
Gör, kimlərdi hədəfdə, yenə budanan haqdı,
Qulağımız duyanlar elə fəryad səsidi.
İlahi, bu məmləkət niyə, səndən uzaqdı?
Elə bil ki, hər şeyin burda son nəfəsidi.
DÜNYA ÖZ KEFİNDƏDİ
Gör, kimlərdi hədəfdə, yenə budanan haqdı,
Qulağımız duyanlar elə fəryad səsidi.
İlahi, bu məmləkət niyə, səndən uzaqdı?
Elə bil ki, hər şeyin burda son nəfəsidi.
Tarixdə çox yaşanıb, qan qoxulu zamanlar,
Hamının yolu üstdən bəd niyyətli şər keçib.
Sizə elə gəlməsin, boşa axıb bu qanlar,
Dərdi köksünə çəkən neçə nəsillər keçib.
Bilgədən Poladacan min-min ərlər budanıb,
Qanı hopub haqq olan bayraqların rənginə,
Bizim olan gerçəyi kim şərləyib, kim danıb?
Ruhumuz ünvan olub dərdlərin ahənginə.
İndi susub qalmışıq yalan-palan içində,
Qoymur baş qaldırmağa köhnə günahlar bizi.
Dünyanın dar günündə, vaxtın köçhaköçündə,
Çağırır qul olmağa yenə məddahlar bizi.
Dörd tərəfdən ünvandı varlığımız hədəfə,
Hələ yol bitməyib ki, Xoçalıdan Laçına.
Vətən girov qoyanlar yenə düzülüb səfə,
Yenə qurban gedirik kimlərinsə suçuna.
Yüz illərdi can qoyur azadlığın yolunda,
Ağılları budanır millət Millət olammır.
Yüz illərdi qalmışıq qapıların dalıda,
Bu torpağın övladı həqiqətə bulammır.
Dünya öz kefindədi, dərdimiz nə vecinə,
Biz sükuta daldıqca, varlığımız aşınır.
Qara əllər ruhunun elə hopub içinə,
Olub qalan yaddaşı zülmətlərə daşınır.
Hələ də müəmmadı varlığımız, müəmma,
Haqqı sevən millətin savaşı belə olmaz.
Tiran hökmranlığı zamanlar sürər, amma,
Özünü tanıyanlar hürr olar, kölə olmaz.

ŞÜKR
Tanrı verən ömürdü, yaşayıram birtəhər,
Daşıyıram yükünü ürəyimin oduyla.
Təki evdən çıxanda ümidlərlə hər səhər,
Çıxım adam adıyla, dönüm adam adıyla.
Köklədim yaşantımı bu torpağın oduna
Tamahı daş yarann yanında durammadım.
Güvəndim azadlığa, ömür qoydum adına,
Mən eşq qalası qurdum, ev-eşik qurammadım.
Neçə dost, neçə doğma əsir düşdü nəfsinə,
Ayrıldı yollarımız yarıda neçəsiylə.
Həyat məni atanda ehtiyacın köksünə,
Çıxdım imtahanından ürəyimin səsilə.
Dünya çox qəribədi, haqqı cəllad əlində,
Hamını məst eləyib quru-quru yalanlar,
Yenə ər kişiləri dara çəkir dilindən,
Şərə çəpik çalanlar, qarnına qul olanlar.
Görmüşəm neçəsini, düşüncəsi barlanıb,
Köləliyə gedəli vücudu «fağır»laşıb.
Nə vaxtdan bu ölkədə dələduzlar varlanıb,
Bu zavallı millətin dərdləri ağırlaşıb.
Neçə arzum varıydı, qoymadılar bitməyə,
Tərtəmiz eşqimi də qəmə tağ elədilər.
Bir həsrətli qız vardı, qapısından ötməyə,
Hamar el yolunu da mənə dağ elədilər.
Bu şəhərdə nə var ki, havası zəhər dadır,
Sıxılıram önündə hiyləgər baxışların.
Kimsə duya biləmməz mənimçün nədir adı,
Qırx ildi bu məkanda ötürdüyüm qışların.
Eh, illər ötdü keçdi, gileyim yox yaşımdan,
Şükr, zaman içində özüm ola bilmişəm.
Çıxarıb çörəyimi bu dünyanın daşından,
Elə doğulduğum tək, özüm qala bilmişəm.

HƏR KƏS BİR AĞAC ƏKSİN
Hər kəs bir ağac əksə, Vətən gülüstan olar,
Bozaran torpaqların taleyinə gün doğar.
Gözəlliklər hər yanı çəkib köksünə alar,
Sozalan ruhumuzdan hər gün toy-düyün doğar.
Qalıbdı girovunda əli baltalıların,
Yüz ilin ağacını kəsir qudurğan, kəsir.
Kürsüdə kötükləşən boynu xaltalıların,
Haram əli hər addım pöhrə-pöhrə can kəsir.
Sabah nələr olacaq, hələ ki, anlayan yox,
Taleyi ürək yaxır şoranlaşan torpağın.
Quruyan bulaqların ağrısını duyan yox,
Zirvəsi qar saxlamır göyə dikələn dağın.
Dənizi, çayı gölü elə çəpərləyiblər,
Eli həsrət qoyublar, elin olan sərvətə.
Bu milləti dərdinin başına hərləyiblər,
Dövlətini-varını süpürləyib xəlvətə.
Zövqümüz meşələrin kötük dərdi çoxalıb,
Havasızlıq önündə nəfəsimiz təngiyir.
Deyəsən ədalətin hələ yolu çox qalıb,
Bizə növbə çatanda tora düşüb ləngiyir.
Bozaran torpaqlardan əl çəkilib, nə vaxtdı,
Sinəsi parça-parça susuzluqdan ağlayır.
Hər kəs bir ağac əksin, biganəlik günahdı,
Bu yol bombalar əkən qara əli bağlayır.
Tamahın ağuşunda dünyamız qan qoxuyur,
Şimalın daşa dönmüş buzlaqları əriyir.
Neçə ki, yer üzündə silah dili oxuyur,
Bəşəriyyət özünü ölümlərə sürüyür.

