Paşinyan: «Azərbaycan ərazi bütövlüyümüzü tanısın, sülh sazişi imzalamağa hazırıq»

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla bölgədə «uzunmüddətli sabitlik və təhlükəsizliyi» təmin edən sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Bununla yanaşı, Nikol Paşinyan Azərbaycanı Ermənistanın bəzi ərazilərini «işğal etməkdə» ittiham edib. Rəsmi Bakı Paşinyanın son çıxışına münasibət bildirməyib, lakin bundan əvvəl Ermənistanın ərazisinə girdiyi barədə iddiaların «əsassız» olduğunu deyib.

Sentyabrın 13-14-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş və 200-dən çox hərbçinin həlak olmasına səbəb olmuş döyüşlərdən sonra hər iki ölkə bir-birini sülh prosesinə zərbə vurmaqda ittiham edib.

Cümə günü BMT Baş Assambleyasının 77-ci yığıncağında çıxış edən Nikol Paşinyan sülh sazişini imzalamağa hazır olduğunu deyərək Bakının «qeyri-səmimiliyindən» gileylənib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh sazişi, sərhədlərin demarkasiyası, regional kommunikasiyaların açılması gündəmindən istifadə edərək, özünü bölgədə, Ermənistanla sülhə nail olmağa səy göstərən ölkə kimi təqdim etməyə çalışır və «Azərbaycanın bəyanatlarından hətta onun sülh səylərinə sadiq qalması təsəvvürü yarana bilər».

Paşinyan Azərbaycanı «bütün bu mövzulardan Ermənistana qarşı ərazi iddiaları üçün istifadə» etməkdə ittiham edib.

«Məsələn, sülh sazişinin ən əsas müddəalarından biri Ermənistan və Azərbaycan arasında qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınmasıdır. Biz artıq bunu etməyə hazır olduğumuzu bəyan etmişik, lakin Azərbaycan indiyədək bunu etməyib. Əksinə, Azərbaycan açıq bəyan edir ki, Ermənistanın bütün cənub və şərq hissələri, hətta paytaxt Yerevan Azərbaycan torpağıdır», — Paşinyan deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Ermənistanın bəzi ərazilərini «işğal etməyə davam edir və bu hal Azərbaycan tərəfindən təcavüz risklərini daha da artırır».

Bununla əlaqədar, Ermənistan Baş naziri Azərbaycan Prezidentinə «rəsmən və açıq sual» ünvanlayıb: «Siz Ermənistan ərazisi kimi tanıdığınız və ya Ermənistan Respublikası kimi tanımağa hazır olduğunuz xəritə göstərə bilərsinizmi?».

Onun sözlərinə görə, sonradan elə çıxmasın ki, Azərbaycanın nöqteyi-nəzərindən, «Ermənistan Respublikası Ermənistanın yarısı, yaxud yarısından da az hissəsidir»

«Əgər Azərbaycan Ermənistan ərazisini tək nəzəri deyil, konkret olaraq beynəlxalq səviyyədə tanınmış 29 min 800 kvadrat kilometr təşkil edən ərazisini tanısaydı, bu, o demək olar ki, biz hər iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyaraq, sülh sazişini imzalaya bilərik», — o deyib.

Onun sözlərinə görə, əks təqdirdə «məzmundan məhrum edilmiş sülh sazişimiz olar və imzalandıqdan sonra Azərbaycan sərhədin demarkasiyası prosesindən yeni ərazi iddiaları və işğal üçün istifadə edər».

İlham Əliyev: «Delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz»

Azərbaycan hələ bir müddət əvvəldən Ermənistanı bir-birinin ərazi bütövlüyünü tanıyaraq sülh sazişi imzalamağa çağırınb.

Çərşənbə günü Azərbaycan Prezidenti Ermənistanın sülh istəmədiyini, revanşist «əhval-ruhiyyədə» olduğunu deyib.

Laçında çıxış edən İlham Əliyev deyib ki, rəsmi Yerevan bir ilə yaxındır ki, sərhədlərin delimitasiyası prosesini «süründürür».

«Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər», — İlham Əliyev deyib.

Azərbaycan prezidenti bildirib ki, xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr «kimin hansı torpaqda yerləşdiyini açıq-aydın» göstərir.

«Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz».

Ötən həftənin əvvəlində Azərbaycan-Ermənistan sərhədində başlayan və hər iki tərəfdən 200-dən artıq itki ilə müşayiət olunan döyüşlər sülh prosesinin kövrək olduğunun təsdiqidir, təhlillərdə deyilir.

Bu həftə sərhəddə baş verən gərginliyi ABŞ dövlət katibi Antony Blinken-nin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri, Ceyhun Bayramov və Ararat Mirzoyan müzakirə ediblər.

Görüşdən sonra hər iki ölkə yaydığı məlumatda danışıqlara hazır olduqlarını bəyan ediblər. Azərbaycan tərəfi danışıqların üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun davam etdirilməsini istəyib, Ermənistan tərəfi isə «münasibətlərin hərtərəfli normallaşmasında» iştirak etməyə hazır olduğunu deyib.

Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşündə əhalini «uzunmüddətli davamlı sülhə» hazırlamağın vacibliyi qeyd olunub.

Mənbə: BBC

Bu xəbəri paylaşın: