Zəngilan rayonu yeni inkişaf dövrünə qədəm qoyub

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 

XƏZƏR RAYON SAKİNİ

Tarixi faktlardan məlum olduğu kimi, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər.

Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar — yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.  Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Erməni vandalizmin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri aşağıdakılardır:

Tarixi-dini abidələr: İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri. Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi. Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.

Bildiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Həmçinin, 2020-ci il noyabr ayının 26-da «Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün, rayonda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilandan keçən logistik layihələr üzərində işlər görülür. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.

Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.  Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri:

23.12.2020:

  • Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılması.

14.02.2021:

  • Görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi.

21.10.2021:

  • Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq;
  • Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərlə tanışlıq;
  • Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlıq;
  • ““Zəngilan” yarımstansiyasının açılışında iştirak;
  • Zəngilan rayonunda Yarımstansiyanın təməlqoyma mərasimi;
  • Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüş.

26.10.2021:

  • Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması;
  • Zəngilan rayonunda “Dost HYPERLINK «https://president.az/articles/53740″Aqropark”ınHYPERLINK «https://president.az/articles/53740» təməlinin qoyulması;
  • Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq.

27.05.2022:

  • Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq;
  • Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanışlıq;
  • Zəngilan məscidinin tikinti işləri ilə tanışlıq;
  • Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanışlıq; 
  • Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. “Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq, bu ağır yükdən xilas oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağında qalan torpaqlarımızı azad etdi, xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdı. 30 il ərzində erməni vandalları dədə-baba torpaqlarımızda vandalizm aktları törətmiş, tarix abidələrimizə, milli mədəni irsimizə xeyli ziyan vurmuşlar. Qarabağımızın füsünkar təbiəti talan edilmiş, mədəni, tarixi abidələrimiz dağıdılmışdır.

Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir. Görülən işlərin olduqca böyük ərazilər əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır. Həmçinin, yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaqdır. Böyük maliyyə tələb edən irimiqyaslı layihələrdə iştirak etmək istəyən ölkələrin və şirkətlərin sayının çoxluğu Azərbaycana olan etimadın, etibarın nəticəsidir. Azərbaycan hər bir zaman beynəlxalq layihələrin icrasında özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə azadlığa qovuşmuş torpaqlarımıza böyük coşğu ilə qayıdırıq…

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Bu xəbəri paylaşın: