QARANLIQDAN AYDINLIĞA

ELBARİZ MƏMMƏDLİ

Hər kəs öz oyununu oynayır. Zaman o qədər hərəkətlidir ki, burda kimin ədalətli və ya ədalətsiz olduğunu çözməyə macal yoxdur. Onsuz da biz, tarixi düşmənlərimizi yaxşı tanıyırıq və indiki hərəkətliliyin içində İranın önə çıxacağını sadəcə olaraq, ağlımıza gətirməzdik. Hərçənd ki, biz, cənub qonşularımıza qarşı onların bütün iddia və riyakarlıqlarına rəğmən heç vaxt sərt mövqe göstərməmişik. Bəs, indi nə baş verir? Azərbaycan və Ermənistan dövlət başçıları Rusiyanın qısqanclığına baxmayaraq, Avropada görüşlər keçirir, sülh istiqamətində müəyyən razılaşmalar əldə olunur və belə bir vaxtda eynilə Fransa kimi, ermənilərin havadarı rolunda İran ortalığa atılır. Niyə? Bunu əsaslandırmaq üçün bir neçə faktı misal gətirmək olar:

Birincisi, İran aqoniya vəziyyətindədir və dünyada gedən proseslərin imperiya qalıqlarını süpürüb tarixin arxivinə atacağından əndişələnir. Ölkədə gedən proseslər də bunun göstəricisidir.

İkincisi, Qarabağ düyününü əsas memarı olan Rusiyanın başı cəncəldə olduğu üçün cənub qonşumuz gərginliyin donmuş və ya açıq şəkildə davamlılığına maraqlıdır. Çünki Zəngəzur dəhlizinin açılması, faktiki olaraq, İranın Ermənistanla quru sərhəd əlaqələrinin tükənməsinə səbəb olur və Türk dünyasının birləşmə niyyətlərini xeyli önə çıxarır.

Üçüncüsü, Türkiyə və Türk dünyasına düşmən münasibətdə olan Fransanın niyyətlərini onunla köhnə bağları olan İran öz üzərinə götürür. Qafanda və Təbrizdə qarşılıqlı konsulluqlar açmaqla, ABŞ, Rusiya, Fransa kimi dövlətlərlə birgə antitürk mövqedə dayanır. Öz daxilində baş verən olaylarda da Azərbaycan izi axtarır. Sərhədlərimizə qoşun yığıb təlimlərə başlayır. Bakıda İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycan hərbi nümayəndələrinin görüşü cənub qonşumuzu hövsələdən çıxarır….

Belə bir vaxtda İranın pilotsuz uçuş aparatları Rusiya-Ukrayna savaşında peyda olur və günahsız ukraynalıların məhvinə yönəldilir. Bu bizə və ya başqalarına mesajdırmı, söyləmək çətindir. Əsas olan odur ki, İran özünün qanlı siyasətini qorumaq üçün bütün çirkin variantlara gedir. Guya bölgədə sionistlərin var olmasına qarşı çıxır və quyruğunu oynadır. Reallıqda isə, farsların İsraildən nə qədər qorxduğunu kifayət qədər tutarlı faktlarla əsaslandırmaq olar. O ki, qaldı Hidistandan uzanan yolla Ermənistan və İranın dünyaya çıxışına, bu yalnız xülyadır. Çin və Rusiyanın başı üzərindən belə bir niyyətin reallaşması inandırıcı deyil.

O ki, qaldı bizim problemin köklü həllinə, adını tutduğumuz düşmən dövlətlərin hamısı buna qarşı köklənərək, ermənilərin istəklərinə yaşıl işıq yanıncaya qədər münaqişəni uzatmaq istəyirlər. Ruslar xəlvəti pasport paylayır, ermənilərin silah arsenalını gücləndirir, İran konsulluqlar açıb Qərbin qarşısında öz varlığını gözə soxur, Azərbaycana əzələ nümayiş etdirir. ABŞ və Fransa sərsəm bəyanatlarla aranı qarışdırır, hətta ermənilərin referendum keçirmək istəyi qabardılır. ABŞ rus hərbi bazasının Ermənistandan çıxarılacağı halda, hayların üzünə NATO qapılarının açılacağı vədini verir. Beynəlxalq sülhməramlı qüvvələrin Qarabağa gətirilməsi haqda fikirlər səsləndirilir və.s.

Qeyd etdiyimiz həmlələrin qarşısında o qədər də güclü görünməyən Azərbaycan tərəfinin Türkiyənin prezident R.T. Ərdoğan başda olmaqla, böyük nümayəndə heyətini Zəngilan hava limanının açılışına dəvət etməsi, İranla yanaşı , bir çox dövlətlərə cavab addımı oldu. Açılış mərasimində cənab Ərdoğanın bəyanat və jestləri, Şuşa bəyannaməsinin xatırlanması cəmiiyətimizdə suallar doğuran bir çox narahatlıqlara aydınlıq gətirdi. Bu tədbirin bütün qonşularımız tərəfindən isti qarşılanmadığı isə şəksizdir.

Fəqət, bu qədər gərginliyin və qeyri müəyyənliyin fonunda Azərbaycan cəmiyyətinin hələ də bütövləşə bilməməsi, hadisələrin arxasınca sürünməsi məyusluq doğurur. Ölkənin ictimai-siyasi arenasında hələ də rus, fars agentura şəbəkəsi, Qərbin yalançı demokratiyasının ilhamçıları at oynadırlar. Şöhrət və sərvət üçün əxlaqını ayaq altına atıb hakimiyyətə yarınanlar, Tərtər cinayətlərini törədənlər, pkk-ya xidmət göstərənlər, İran təbliğatı aparanlar, ən nəhayət, 1993- cü ildə Elçibəyi meydanda tək qoyub Surətin beş-üç əli silahlısının qarşısından qaçanlar, prezident qvardiyasının cəngavər oğullarını güdaza verənlər ortada yenə fikir sahibidirlər.

Bəs, xalq? Xalq bunların heç birinin yanında deyil. Çünki haqqın və ədalətin bərqərar olmadığı yerdə bütöv xalqı axtarmaq mənasızdır. Hamının diqqəti Qarabağa yönəlməli, riyakar dünyanın cavabı məhz xalq birliyi ilə verilməlidir. O zaman bütün qaranlıqların aydınlığa qovuşmaq imkanı var.

Bu xəbəri paylaşın: