Firdovsi yalanlarına söz ardı: Makedoniyalı İsgəndər Azərbaycandandır…

  • XAQANİ ƏDƏBOĞLU
  • AVMVİB Mətbuat Xidmətinin Rəhbəri

(Əvvəli: https://fedai.az/?p=84338)

Nizami Gəncəvi İsgəndəri «türk» adlandırmasını araşdıraraq müəyyən nəticələrə gəlib çıxdım.

Makedoniyalı İsgəndər necə türk ola bilərdi? Bəlkə Nizami də Firdovsi kimi tarixi saxtalaşdırıb? Firdovsinin yalanlarını yazan müəllifin yanlışa yol verməsi mümkün deyil. Bu gün dəyərli alimimiz İlhami Cəfərsoy da yazır ki, Makedoniyalı İsgəndər ata xəttiylə Karan, ana xəttilə Aran nəslindəndir.

O dövrü əks etdirən tarixi mənbələrin yazdıqları da N. Gəncəvinin dediklərini təsdiqləyir. Herodot yazır: «İsgəndərin 7-ci nəsil əcdadı Perdik Makedoniyada hakimiyyətə sahiblənə bilir. Onlar Arqosdan qaçıb İlliriya torpaqlarına Temenin nəsli olan 3 qardaş olaraq gəlmişdilər: Qavan, Aerop və Perdik… Onlar muzdlu kimi çarın yanında işə girdilər. Böyük atları, ikincisi inəkləri, kiçiyi isə xırda buynuzlu heyvanları otarırdılar (Гередот «История» Москва 2006. ст.137/530).

Digər müəllif Plutarx yazır: «İsgəndərin mənşəyi şübhə doğurmur. Ata xəttiylə öz başlanğıcını Karan nəsli vasitəsiylə Qerakldan, ana xəttiylə Neoptolma vasitəsiylə Eakdan götürürdü… Deyirlər ki, Filipp Olimpiada ilə gizli sevişib və qardaşı Aribbonun razılığı ilə Olimpiada ilə evlənib (Плутарх «Избранные жизнописания» Москва 1987 г. стр. II. 362). Yəni Plutarx onun yunan, yaxud makedoniyalı olmasını deyil, İ. Cəfərsoy yazdığı kimi Karan və Aran nəslindən olmasını təsdiqləyir.

Digər bir məqam isə Makedoniyalı İsgəndərin babası Aeropun çara məxsus iribuynuzlu heyvanları (öküzlər) otarması ilə diqqət çəkir. Qərblilərin, xüsusən yunan-ellin mifologiyasında və tarixi salnamələrində «Aerop» adına rast gəlinir. Exemin atasının adı Aerop kimi verilir. İkinci Aerop adı isə Makedoniyalı İsgəndərin ulu babası kimi yad edilir. Bu söz nədən diqqət çəkir? Çünki bu sözün hər iki kompanenti türk sözləridir: -Aer (sakca -oir, türkcə -ar, er) və -op (sakca -op, türkcə -op, opa) xam öküzə deyilir. Bu söz indiki anlamda ƏR-BUĞA deməkdir. İsgəndərin babası isə elə buğa otarıb.

M. Kaşğarinin lüğətində «op sözü «xirman döymək üçün qoşulan öküzlərin arasındakı öküz kimi verilir (oğuzca). Türklər, həmçinin qeyri türklər xırman döyərkən iki təlimli öküzün arasına xam buğa bağlayırdılar. Məqsəd buğanı öyrətməkdən ibarət idi. Bu üsulla buğa qoşqu üçün öyrədilirdi. Şəxs adlarının yaradılmasında «buğa» sözü işlənən sözlərdəndir. «Dədə Qorqud» dstanında Buğac, qədim türklərdə Ərbuğa və s. adları misal gətirmək olar. Deməli, Makedoniyalı İsgəndərin ulu babası olan «Aerop» sözü türkcə «Ərbuğa» (Erbua) adının sinonimidir və qədim türkcə (skifcə) olan sözdür. Yəni İsgəndərin babasının adı belə əski türkcədir.

Bir haşiyə çıxım. Mənə belə gəlir ki, Avropa adının Aerop adından alınmasını bu gün bir çox ölkədə qoyulmuş buğa, öküz simvolları da təsdiqləyir.

Bu heykəllər yunan mifləriylə bağlansa da başqa tipli öküz heykəllərinin olması bunun əksini təsdiqləyir. Yunan mifi, bildiyiniz kimi, Zevsin aşiq olduğu Finikiya kralı Agenorun qızı, gözəl Avropa haqqındadır. Möhtəşəm hörüklü gözəl qadını qaçırmaq üçün Zevs qızıl buynuzlu ağ buğaya çevrilir. O, gözəl şahzadənin ayaqları altına uzanıb onu arxası üstə oturmağa dəvət edir. Avropa bunu edən kimi o, qaçdıb özünü dənizə atır və Krit adasına üzür. Orada Avropa, artıq insan şəklində görünən Zevsin arvadı olur.

Qədim dövrlərin əsassız və məqsədli şəkildə tarixi yönləndirmələri var. Məsələn İncildə yəhudilərin assuriyalılara qalib gəlmələri deyilir. Arxeologiya isə bunun təkzibini verən mixi yazılar tapdılar. Aydın oldu ki, yəhudilər assuriyalılar tərəfindən darmadağın edilib. Amma tarixi fakt dəyişsə də hələlik «İncil» kitabı dəyişdirilməyib.

Yəni qədim və orta əsr yazarlarının da tarixi bu cür saxtalaşdırmaq cəhdlərindən biri də Firdovsinin uydurduğu yalanlardır. Yüzlərlə təkzib olsa da «Şahnamə» dəyişilməyib.

Bu faktları bilən və ilk görən dahi Nizami Gəncəvi «İsgəndərnamə» əsərində yazıb:

Yeddi göy altında, ey dünya şahı,

Beşinci ölkənin sənsən pənahı…(s.52)

Bütün qədim mənbələrdə Azərbaycan və Türkistan birgə beşinci ölkə adlandırılırdı. Böyük Nizaminin İsgəndəri işğalçı deyil, «pənah» adlandırmasının kökündə dayanan səbəb elə budur. Türk hökmranlıq gələnəyinin tələblərini yaxşı bilən Nizami İsgəndəri «Kəyan nəslinin varisi» adlandırır.

Öncə bilməmiz lazımdır ki, Firdovsinin yaratdığı yalanların iki özülü var. Persida (Barsida) İran edilir və Kəyaniləri (Kayılar) hökmdarlığı isə İranın hakimiyyəti kimi sırnır.

Əslində Firdovsi kimi orta əsr İran tarixçiləri də Midiyalıları Med deyil, Kayan və “Kayânî” adlandırırdılar. Firdovsinin «Şahnamə»sində Keykavus və Keykubad adları ilə təsvir etdiyi Midiya və ya Kayani padşahlarının bu adları, düşündükləri kimi, fars deyildir. Pəhləvicə tələffüz edilən bu adlar Midiya dilində və ya türk kökənli adlardır. Bunu, həm Səlcuqluların Anadoluda son hökmdarları Keyqubad, Keyxosrov və s. adları daşıması və bu gün də teokratik İranda Ərdəşir, Kavə, Firudun, Ərəş, Əsfəndiyar, Bijən, Manijə, Nahid, Təhminə və s. adlarını daşıyan iranlılar arasında əksəriyyətin açıq şəkildə qaşqay türklərinə aid olması öz təsdiqini tapmış bir faktdır.

Babil tarixçisi Berosus (e.ə. 300 -cü il) və bütün qədim tarixçilər, 19-cu əsrdə oxunmuş Persepolis və Assuriya yazıları, E. Norris, Fr. Lenormant, ser H.C. Rawlinson, J. Oppert, I. Taylor, N.L. Westergaard, F. de Saulcy və M. S. Zaborowski kimi Qərb dilçiləri, tarixçiləri və antropoloqlar Midiyanın dil, din və irq baxımından Turani (Sak, Tatar, Türk) olduğunu açıqlamışlar.

Firdovsi və digər orta əsr fırıldaqçı İran tarixçiləri Kayaniləri özününküləşdirməklə, uydurduqları Piştad krallığı deyilən sırf əfsanəvi padşahlar zəncirinin davamını göstərib gizli İrançılığı vurğulamaq istəmişlər. Ermənilərin tam 30 min illik çarlıq nərdivanı yaratmaları kimi.

Son Əhəmənilər və Sasanilər də «Medes Kayani» adlanırılırdılar. Çünki «Kay» sözü, İranlılara görə Kayanilərin, Qədim Yunanlar və Qərblilərə görə isə Midiya Krallığının ünvanı sayılırdı: bu söz «bəy» və ya «cənab» anlamındadır. İran əsilli padşahlar heç zaman Kay ünvanıyla və adıyla anılmamışlar. Türklər isə tarix boyu bu tituldan istifadə etmişlər. Məlum olduğu kimi, Osmanlıların boyu “Kayı, əslində bu ad “Kayı” yox, “Kay” olmalıdır. Tayfalardan belə adı keçən Kayı Kolanı faktı var (Faruk Sümer).

Digər mənbələr də midiyalıların iranlı ola bilməyəcəyini göstərir. Məsələn, Tövrat. Tövratın Yaradılış kitabında Hz. Nuhun üç oğluna bəşəriyyətin mənşəyi haqqında deyildikdə, Midiya və digər Türk soylularının adları keçərkən, nə fars, nə də İranın adı xatırlanmır. Elə Qurani Kərimdə də Mədyən adı keçir.

Bu sahədə incələmələr aparmış dəyərli araşdırmaçımız Araz Şəhrili Əhəmənilərin və Sasanilərin türk olduğunu sübut edə biləcək araşdırmalar aparıb: «E.ə. VI–IV əsrlərdə Əhəməni imperiyasının süvari hissələri əsasən sakalardan, o cümlədən, yüksək döyüş keyfiyyətlərinə malik parnılardan təşkil olunurdu. E.ə. 331-ci ildə Makedoniyalı İsgəndərlə Əhəməni şahı III Dara arasında baş vermiş Qavqamela döyüşündə parnılar da iştirak etdilər. E.ə. 250-ci ildə istedadlı sərkərdə Ərsak məhz parnı tayfasına arxalanaraq Makedoniya işğalçılarına – Selevkilərə qalib gəldi və qüdrətli Parfiya imperiyasını qurdu. Sonradan parnı tayfası müəmmalı şəkildə “yoxa çıxdı”. IX əsrdə onların vaxtilə yaşadıqları ərazilərdə Oğuz elinin barannı tayfası “peyda oldu”…

Sual yarana bilər ki, araşdırmaçının qənaətinə görə Pəhləvilər və Sasanilər də türklərdir. Bəs niyə Nizami Gəncəvi İsgəndərin hökmdarlığını mədh edib? Cavab çox sadədir və poemada buna cavab verilir. İsgəndər Daraya yazdığı məktubda bu məqama toxunur:

Söylə, ey şəhriyar, ey bəxti uca,

Anandan çatdınmı, bu taxta, taca? (s.136)

Yəni türk hökmdarlıq gələnəyinə görə əsil hökmdar ata və anadan Kəyan olmalıydı. Burada bir sıra yunan dilli mənbələrin də xatırlatdığı bir məqamın doğruluğu üzə çıxır. Kir, Midiya kralı Astiaqın nəvəsi, onun fars əyalətini idarə edən vassalı və şahzadə Mandananın oğlu zadəganlar arasında xainlərlə əlbir olaraq saray çevrilişi ilə hakimiyyəti ələ keçirir. Başqa versiyalar da mövcuddur və Heredot da bu məqamı bir yuxu yozumu ilə bağlayır. Yəni Əhəmənilər sülalə kimi türk olsalar da yalnız ana xətti ilə kəyanilərdəndir.

Firdovsi və digər orta əsr fırıldaqçı bununla İran tarixçiləri Kayaniləri özününküləşdirməklə, uydurduqları Piştad krallığı deyilən sırf əfsanəvi padşahlar zəncirinin davamını göstərib gizli İrançılığı vurğulamaq istəmişlər. Heç bir tarixi mənbədə olmayan «Piştad krallığı» adlı fars nağılı birdən Kəyan taxtına çevrilir. Persida isə İran adlandırılır. Bizlərsə bu fars nağıllarını tarixi mənbələr kimi qəbul edir və mənbələşdiririk. Məsələn, Rza şah Pəhləvi 1935-ci ildə taxta çıxdıqdan sonra ölkənin adını İran qoymağa çalışdı. Bütün dünyanı tarixin gedişatı ilə tanış edib, ölkəni əsl adı ilə çağırmağı xahiş etdi. Hökmdar bu arqumentləri irəli sürürdü ki, iranlıların perslərin ərazisindən istifadə etmir və bu ölkənin heç də bütün sakinləri bu milliyyətə malik deyil.

Heç fars kimliyi də onlara aid deyil. Çünki «-f» səsi öz dillərində yoxsa, onlar necə fars ola bilərlər? Pars kan — Bars kan — günümüzdə Barzan və Fars isə üç min ildən bəri qalmaqdadır və indi ərazilər Fars və Barzan olaraq tanınır, Türk iskit Böyük və Ulu kağanı Alpərtunqanın Böyük oğlu, BARS KAN, BARS XANIN (bu gün Bərzan edilib) qədim yurdudur. Naxçıvan və Qarabağ Alpərtunqanın oğlu Alp Aravazın yurdu olduğu kimi. İlk başlanğıcda yunan və qeyri türklər bu ərazilərə Barsida/Persida demişlər, yəni Parsın yurdu. Adət etdiyimiz bu ad Pars sözündən yaranıb. Bu, İrana yaxın bir ərazidir. Tarixi bilgilərdə deyilir ki, Pars sakinlərin özlərini kiçik ölkələrinin ayrı-ayrı sakinləri hesab etdikləri bütöv bir bölgədir. Onların öz inancı və öz dilləri var idi. Belə bir ərazidə sakinlər həm siyasi, həm də iqtisadi cəhətdən öz təsirlərini genişləndirdilər. Burada da iki böyük sülalə mövcud olmağa başladı: Əhəmənilər, Sasanilər.

Məhz bu kiçik ərazidə yunanlar və parslar arasında qarşılıqlı əlaqələr var idi. Lakin yunanlar da öz növbəsində Persiya anlayışını işlədirdilər. Dağların ərazisi və yerli xalq onlara tanış olduğundan onlar da əsas güc hesab olunurdular, sonra İranın qalan hissəsi bütün insanlar tərəfindən Persiya adlandırılmağa başladı.

Məsələyə Persiyalı Don Juan adlandırılan Oruc-bəy Bayatın yazmış olduğu «КНИГА ОРУДЖ-БЕКА БАЯТА — ДОН ЖУАНА ПЕРСИДСКОГО» əsərində belə münasibət bildirib:

«Strabona Peter Apiana görə, Persiya Parfiya və Karmaniya cənubunda, qərbdə Midiya və şərqdə Hirkaniya arasında yerləşən, cənubda Ərəbistanla sərhəd olan bir ölkədir. Lakin Covanni Botero öz kitabında haqlı olaraq qeyd edir ki, qədim Fars, həqiqətən yalnız indi Fars və ya Farsistan kimi tanınan, sərhədləri Sirto və Yəzdri çayları boyunca uzanan əyalətdir və o, indi Kerman adlanan Karmaniya sərhədlərindən indi Həmədan kimi tanınan Midiya sərhədlərinə qədər uzanır və bu sərhədlər 400 lyedan çox məsafədə bir-birindən ayrılır.

Farsın ən böyük şəhəri və paytaxtı Bənd-i Əmir çayının sahilində yerləşən Şirazdır. Bu şəhər antik dövrdə Persepolis adlanırdı, Makedoniyalı İsgəndər tərəfindən yandırılan şəhər və bu gün əhalisi o vaxtdan bir qədər azdır və indiki divarlarındakı ev sahiblərinin sayına görə 70 min (və ya 315 min) təşkil edir. İndi Josafhat Barbaro hesab edir ki, Şirazın ətrafı 20 mildir, amma şəhəri tez-tez gəzən və belə desək, aşağı-yuxarı tanıyan biri olaraq mən belə hesab edirəm ki, onun maksimum uzunluğu və eni — bağlar və bostanları da buraya daxildir. Buradakı bağlar — dörd Kastiliya liqasına bərabərdir. Şəhərdə ticarət çiçəklənir, çünki Hindistana gedən Çağatay [yaxud Tatarlardan] olan bütün tacirlər bu hissələrdə gömrükxana və quru limanı olan bu şəhərdən keçməliydilər. Fars və ya Farsistan, həmçinin Lip bölgəsini (əks halda Luristan) əhatə edir və Lurun tərkibinə Susiana əyaləti daxildir, onun əsas şəhəri Şüştərdir, Saymar çayı üzərində yerləşir; burada isə iqlim o qədər istidir ki, insanlar ən isti günlərdə boynuna qədər suya girirlər ki, günün hərarəti onlara bu qədər əzab verməsin».

Bu ərazilər müəyyən zamanlarda Perspol, Palmira daxil Suriya, Misir, Harran, Fələstin, İordaniya, Soli, Antakya, Ankara, Silifke, Tarsus və Ereğli, Ereğlidəki Zanapa qalasını və s. torpaqları əhatə edirdi. Məsələn, qədim mənbələrdə Sasani sivilizasiyasının Asiya sahilində (Selezya) idarə edən Azize Zeynəb (Leila Zenobia), ana-ata tərəfindən Oğuzlu (yazı: Anati Okhus, yəni Anası Oğuz) xanədanına uzanan Pars / Parth / Ferhat (Fərat) boylu olduğu üzərinə məlumatlar vardır. Hətta bu Əzizə Zenabionun çəkilmiş tablosu belə günümüzədək gəlib çatıb və bu barədə danışacağıq…

Ardı var

Bu xəbəri paylaşın: