Professor Əziz Əsgərov Azərbaycanın yeraltı nemətlərini öz doktorluq dissertasiyasında o qədər dolğun göstərmiş və ətraflı təsvir etmişdir ki, onun monoqrafiyası öz strateji əhəmiyyətinə görə «Məxfi» qrifi altında yalnız Moskvanın icazasəsindən sonra çap olunmuşdur.
Professor Əziz Həmzə oğlu Əsgərov may ayının 6-da, 1907-ci ildə Dərbənd şəhərində ziyalı Azərbaycan ailəsində dünyaya göz açmışdır. Əziz Əsgərovun uşaqlıq illəri çox ağır keçməsinə, məktəbdə oxuduğu illərdə atasının rəhmətə qovuşmasına, ailəsinin 1918-1921-ci il inqilabi hadisələri nəticəsində öz doğma şəhərindən didərgin düşməsinə, sonra yenidən ata evinə qayıtmasına, məşəqqətli illərin buraxdığı ağrı-acılara baxmayaraq o, orta məktəbi əla qiymətlərlə bitirməyi bacarır və Dağıstanın Maarif Komissarlığının tövsiyəsi ilə 1924-cü ildə Bakı Pedaqoji Texnikumuna göndərilir. Texnikumu bitirdikdən sonra Əziz Əsgərovu Mahaçqalaya işləməyə dəvət edirlər. O burada «Dağıstan füqarəsi» qəzetinin məsul katibi vəzifəsinədək yüksəlir. Bir illik fəaliyyətdən sonra Əziz Əsgərovu öz xahişi ilə təhsilini davam etdirmək üçün yenidən Bakıya Azərbaycan Dövlət Pedağoji İnstitutuna göndərirlər.
Əziz Əsgərov 1934-cü ildə Azərbaycan Dövlət Pedağoji İnstitutunu fərqlənmə diplomu ilə bitirir və Elmi Şuranın qərarı ilə Geologiya və paleontologiya kafedrasının aspirantı kimi institutda saxlanılır. Tezliklə Hidrogeologiya ixtisası üzrə elmi işlərın aparılması bu gənc və perspektivli kadra həvalə edilir. Təsadüfi deyil ki, onun elmi rəhbəri dünyada tanınmış alim professor V.V.Boqaçov olmuşdur.
Əziz müəllim çöl ekspedisiyalarında hələ tələbəlik illərindən iştirak edirdi. 1930-cu ildən etibarən İ.E.Yakovlevin, daha sonralar isə K.N.Paffenqolsun və A.A.Florentskinin Naxçıvan üzrə geoloji ekspedisiyalarında olmuşdur. N.E.Kruq ilə Kəlbəcərdəki “İstisu” mineral su yatağinda birlikdə çalışmış, S.N.Sokolov ilə birlikdə İstisuda və Naftalanda elmi tədqiqatlar aparmışdır.
1938-ci ildə Moskva Dövlət Universitetində Elmlər namizədliyi dissertasiyasını və 1949-cu ildə həmin Universitetdə “Azərbaycan SSR-nin mineral bulaqları” mövzusunda doktorluq (işin ümumi həcmi 500 səhifədən çox, çoxasaylı coğrafi xəritələrlə birlikdə) dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Bu elmi iş Azərbaycanın yeraltı nemətləri o qədər dolgun göstərmişdir ki, strateji əhəmiyyətinə görə, “Məxfi” qrif altında monografiya Moskvanın icazasəsindən sonra, qısaldılmış formada çap olunmuşdur.
Professor Əziz Əsgərovun «Badamlı» su zavodunun açılmasında çox böyük rolu olmuşdir. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində olduğu üçün Əziz Əsgərov Moskvaya təkidlə yazdığı çoxsaylı məktublarında bu zavodun əhəmiyyətindən bəhs etmiş, açılması üçün icazə əldə etməsinə şəxsi təşəbbüsü ilə müvəffəq olmuşdur.
Əziz Əsgərovun xidmətlərindən biri də onun sonralar dünyada məşhur Badamlı mineral su mənbəyini kəşf etməsi ilə bağlıdır. Əziz müəllim “Badamlı” mineral suyunun mənbəyinin tapılmasını yada salaraq aşağıdakı maraqlı hadisəni qeyd etmişdir:
1944-cü ildə mən Badamlı kəndi və Badamlı-çay istiqamətində elmi-tədqiqat işləri aparırdım. Müəyyən marşrut üzrə hərəkət edərkən hansısa arxın kənarında tədqiqat işlərinin aparılması üçün bəzi yardımçı əşyaları daşıyan ulağa su vermək istədim. Gördüm ki, nədənsə ulaq verdiyim sudan içmədi. Suyu dadanda xoşagəlməz tamının olduğunu gördüm. Arx boyu yuxarı gedib onun mənbəyinə çatdım. Həmin yer mineral suyun çıxan mənbələrindən biri idi. Fikir verirsinizmi, yerli sakinlər suları necə də dəqiq adlandırırlar. Badamlı, yəqin ki, “Bəd tamlı” sözündən yaranmışdır.
Bu su tərkibində olan qazları mənbəyində, hətta şüşələrə doldurarkən belə itirmir, mənbədən uzaqlaşdıqca qazlar itir və su öz dadını dəyişir. Sirab sözünü görünür “Sir-ab” – “Sirli su”, Vayxır isə farscadan suyun içiləndən sonra tamına görə verilən reaksiyadan, yəni “Vay” nidası ilə “xır” – “içmək” sözünün birləşməsi kimi tərcümə olunur.
Göründüyü kimi Əziz Əsgərov həm də geolinqvist kimi bu mənbələrin etimologiyasını çox incəliklə, hərtərəfli təhlil edən tədqiqatçı olmuşdur. 1943-cü ildən Ə.H.Əsgərov ADU-nun (indiki BDU-nun) Geolojiya-coğrafiya fakültəsinin ilk dekanı olaraq faydalı qazıntılar muzeyinin təməlini qoyur.
O 1949-cu ildə «Azərbaycan SSR-nin mineral bulaqları» mövzusunda uğurla elmlər doktoru üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, professor dərəcəsinə sahib olmuşdur. Bu qiymətli elmi tədqiqat işində professor Əziz Əsgərov mineral mənbələrin adları ilə bərabər, həm də onların müalicəvi xüsusiyyətləri də sadalamışdır: qotur-suyun – qaşınmanı müalicə etməsini (dermatit), yelli-suyun – revmatizmi müalicə etməsini, xalatan-suyun, mirvari, yəni insanın dərisində xal salan su, acıbulaq və s. mənbələrin müalicəvi xüsusiyyətini və tibbi əhəmiyyətini də üzə çıxarmışdır. Professor öz işində mineral suların fiziki-kimyəvi xassələrini, onların duz və qaz tərkibini, təsnifatını, yayılma zonalarını, əmələ gəlməsi üçün geoloji şərtlərini hərtərəfli və bütün incəlikləri ilə təsvirini vermişdir. O, həmçinin mineral suların yerləşməsinin hidrokimyəvi sxemini vermiş və mineral su mənbələrdən istifadə perspektivlərini aydınlaşdırmışdır. O bütün ömrü boyu demək olar ki Azərbaycanın bütün coğrafiyasında elmi ekspedisiyalar təşkil edərək Azərbaycan elminə əvəzolunmaz töhfələr vermişdir və ilk dəfə olaraq Azərbaycan Respublikasının termal və mineral suların təsnifatını apararaq onun hidrogeoloji xəritəsini hazırlamışdır.
Akademik və pedaqoji fəaliyyətinə, ən əsas da elmi kəşflərinə görə, professor Əziz Əsgərovu mineral suların öyrənməsi üzrə Azərbaycan hidrogeologiya elminin banisi adlandırılmışdır. Əziz Əsgərov Azərbaycanın ilk hidrogeoloq alimi, geoloji-mineraloji elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, “Badamlı”, “Sirab”, “Vayxır”,” Aşagı İstisu” və “Turşsu” mineral sularından faydalanmaq və istehsalını başlatmaq təşəbbüslərini irəli sürmüşdür. Məhz onun yorulmaz elmi və ictimai fəaliyyətinin nəticəsidir ki, 1979-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə professor Əziz Əsgərova dövlət mukafatı ilə təltif olunmuş, Azərbaycanın milli mədəni və maddi sərvətlərindən hesab olunan qiymətli Badamlı, Sirab, Vayxır və Qalaaltı mineral su mənbələrini ilk kəşf edilməsində və zavodlarının açılmasında böyük xidmətləri olmuşdur.
Təsadüfi deyil ki, professor Əziz Əsgərov 1943-cü ildə artıq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Geoloji-cografiya fakültəsinin memarı və ilk dekanı vəzifəsinə seçildi. O həmçinin Faydalı qazıntılar muzeyinin yaradıcısı və onun rəhbərliyi altında ərsəyə gəlmiş Hidrogeologiya kafedrasına 40 il ardıcıl olaraq rəhbərlik etmişdir. Əziz Əsgərov fəaliyyəti dövründə 5000-dən çox ekspedisiyalar təşkil edib. O, Azərbaycanda kurort işinin də inkişafının təşəbbüşkarı olmuşdur. “Qalaaltı” suyunun unikal olduğunu sübuta yetirərək, Moskvadan icazə alıb, 25 yerlik sanatoriyasının açılışına nail olmuşdur. Onun təşəbbüsü ilə coxlu müalicə müəssisəsi və sanatoriyalar açılmışdır (İstisu, Şıx, Şirvan və s.). Sovet vaxtında professor Əziz Əsgərov “Отличник курортологов СССР” mükafatı ilə təltif olunmuşdur. Professor Əziz Əsgərov SSRİ-nin bu sahədən olan ən görkəmli mütəxəssislərindən biri idi. Dünyada məşhur olan alim-professor O.Langenin dərsliyində Əziz Əsgərov haqqında Rusiyanın görkəmli alimləri öz fikirlərini soyləmişlər.
Professor Əziz Əsgərov Azərbaycanda həm də hidrogeologiya məktəbinin təməlini qoyan alim olmuşdur. Bu gün Əziz müəllimin adı tək Vətənimiz Azərbaycanda yox, ondan uzaqlarda da məşhurdur. Əziz Əsgərov məktəbini keçmiş minlərlə tələbə və onun rəhbərliyi altında Azərbaycandan, Gürcüstandan, Dağıstandan, İordaniyadan, Əfqanıstandan, Banqladeşdən, Əlcəzairdən, Qvineyadan, Zair və Vyetnamdan 40 nəfər elmlər namizədi və 10 nəfər geologiya-mineralogiya elmləri doktoru adına layiq görülmüşlər.
Professor Əziz Əsgərovun kəşf etdiyi mineral sular, xüsusilə “Badamlı” bu gün Azərbaycan brendi və ticarət nişanı altında dünyada getdikcə məşhurlaşmaqdadır. Qürurla söyləyə bilərik ki, Azərbaycan dövləti və xalqı Əziz Əsgərovun bu xidmətlərini heç bir zaman unutmayacaqdır.
Nurlan Məmmədov