Hamımıza məlumdur ki, iqlim dəyişiklikləri müasir dünyamızın ən vacib problemlərindən biridir. Hər il Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təşkil olunan konfranslar iqlim dəyişikliyi ilə mübarizədə dünya dövlətlərini bir araya gətirir. 2024-cü ildə baş tutan COP 29 tədbiri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın bu tədbirə qatılması ölkəmizin taleyüklü bir məsələsi və ekoloji gələcəyi üçün vacib addımlar atmasına imkan yaradır.
Bəs bu tədbir müsbət nə vəd edir? İlk olaraq qeyd edək ki, COP 29 tədbiri Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanı təqdim edəcək. Azərbaycan son illər ekoloji məsələlərə dair beynəlxalq səviyyədəki mövqeyini gücləndirib, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün qlobal səylərə qoşulub. Bu tədbir, Azərbaycanın yeni iqlim siyasətlərini təqdim etmək, digər dövlətlərlə əməkdaşlıq qurmaq və bilik mübadiləsi aparmaq üçün platforma yaratmışdır. COP 29-da Azərbaycanın istixana qazı emissiyalarının azaldılması, təmiz enerji mənbələrinin artırılması və ekosistemin qorunması kimi mühüm mövzulara dair milli öhdəliklərini və konkret fəaliyyət planlarını təqdim etməsi mümkündür. BMT-nin iqlim dəyişikliklərinə dair verdiyi son hədəflərə uyğun olaraq Azərbaycan da təmiz enerjinin inkişaf etdirilməsi və karbon izinin azaldılması üçün əsas məqsədləri öz öhdəsinə götürüb. Azərbaycanın zəngin külək və günəş enerjisi potensialını nümayiş etdirərək təmiz enerji layihələrini təşviq etməsi bu mövzuda maraqlı olan investisiya sahibləri ilə əlaqələr yaratmasına da imkan verəcək ki, bu da tədbirin Azərbaycana başqa bir faydası isə ekoloji təhsil və ictimai məlumatlandırmanın genişləndirilməsi üçün platforma yaratmasıdır. Azərbaycanın COP-29 çərçivəsində qəbul edəcəyi öhdəliklər, əhalinin ekoloji maarifləndirilməsini də əhatə edəcək. Bu, ətraf mühitin qorunması istiqamətində gənclərin və gələcək nəsillərin məlumatlandırılması üçün təkan verəcək, həmçinin Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün əlavə bir stimul yaradacaq.
Qeyd edək ki, COP-29 Azərbaycanın beynəlxalq iqlim səhnəsində mövqeyini gücləndirərək ölkənin təbii resurslarını qorumağa yönəlmiş milli siyasətlərinin səmərəliliyini göstərməsi üçün tarixi fürsət təqdim edir. Ölkə həmçinin iqlim dəyişikliyinin təsir etdiyi regionlardan biri olan Qafqazda ekoloji balansı qorumaq üçün beynəlxalq layihələrdə aktiv rol oynayaraq bölgədə lider mövqe tuta bilər. Belə tədbirlər Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlılığı və ekoloji rifahı üçün strateji əhəmiyyət daşıyır və bu, ölkənin yaşıl inkişaf modelinə keçidini daha da möhkəmləndirəcəkdir.
Nurlan Məmmədli