«2021-ci ilin yanvar razılaşmasının vacib müddəalarından biri Ermənistan sərhədlərinin müttəfiqlərimiz üçün “qırmızı xətt” olması idi».
APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan «Vətəndaş Müqaviləsi» partiyasının qurultayında deyib.
Ermənistan Baş naziri Azərbaycanın 2021-ci il mayın 12-də Sotk-Xoznavar istiqamətində sərhədi «pozduğunu» iddia edib. O əlavə edib ki, həmin vaxt Ermənistan tərəfi “qırmızı xətt”in «pozulduğunu» və mexanizmlərin işə salınmalı olduğunun vacibliyini bildirib. «Onlar bizə dedilər ki, «amma deyəsən (Azərbaycanla) sərhəd demarkasiya olunmayıb”. “Sərhədin haradan keçdiyini bilmirik” demək KTMT-nin mövcud olmaması deməkdir, çünki KTMT-nin məsuliyyəti var və bu, üzv dövlətlərin sərhədlərini əhatə edir. Əgər (üzv) dövlətlərdən birinin sərhədi yoxdursa, bu, o deməkdir ki, KTMT-nin məsuliyyət zonası yoxdur. Bu, o deməkdir ki, KTMT təşkilatı yoxdur. Bizim mövqeyimiz ondan ibarətdir ki, sərhəd var», — Paşinyan vurğulayıb.
O qeyd edib ki, KTMT, eləcə də ikitərəfli formatda təhlükəsizlik öhdəlikləri olan Rusiya Federasiyası üçün bu öhdəliklərin “zəngi” çalınıb.