Anım günü Elvin Elsevər oğlu İmaməliyevin doğulduğu Ağstafa rayonunun Qırlı kəndində 4-cü il Anım Günü qeyd olunmuşdur. Anım Günündə və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil sektorunun rəhbərliyi, şəhidin oxuduğu Sirac Əliyev adına tam orta məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, AVMVİB Ağstafa rayon şöbəsinin sədri, eləcə də idarə heyətinin üzvləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak etdilər. Tədbirin sonunda mərhumun ruhuna dualar oxunaraq ehsan süfrəsi açıldı.
Şəhid Elvin İmaməliyev 1989-cu ildə Ağstafa rayonunun Qırlı kəndində doğulub. Sirac Əliyev adına tam orta məktəbi bitirdikdən sonra Bakıdakı Xarici Dillər Universitetinə daxil olmuş və oranı yüksək qiymətlərlə başa vurmuşdur. Ali təhsilini tamamladıqdan sonra hərbi xidmətə yollanan Elvin, xidmətdən sonra Ağstafada Sirac Əliyev adına məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır. Bu müddət ərzində Ağstafa rayon Gənclər Təşkilatının sədri vəzifəsində də çalışmış, məktəb direktorluğu üzrə imtahandan yüksək nəticə əldə edərək Ağstafa şəhər 1 nömrəli məktəbə direktor təyin olunmuşdur.
Elvin İmaməliyev Füzuli, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qələmini döyüş avtomatı ilə əvəz edən bu müəllim və məktəb direktoru, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra müxtəlif medallar və döyüş nişanları ilə təltif olunmuşdur. Allah rəhmət etsin.
AVMVİB Mətbuat xidməti