Qarabağdakı erməni separatçıları 44 günlük müharibədən hələ də dərs çıxarmayıblar. Bölgədəki müvəqqəti yerləşmiş rus sülhməramlılarına güvənərək, bir sıra təxribatlara əl atmaqda davam edirlər.
Son iki gündə Ağdam və Kəlbəcərin məhz rusların olduqları ərazidən atəşə tutulması da bunu deməyə əsas verir.
Lakin separatçılar bununla da yetinmirlər. Onlar Qarabağda “referendum” keçirməyə hazırlaşırlar. “Hraparak” qəzetinin yaydığı məlumata görə, separatçılar bu istəklərinin gələn ilin yazında keçirməyi düşünürdülər. “Amma son zamanlar xeyli tələsməyə başlayıblar. Güman edilir ki, bu ilin 20-22 dekabrlarında referendum keçirsinlər”.
Qəzet bunu onunla əsaslandırır ki, dünən Qarabağdakı separatçıların qondarma “parlamenti” təcili toplaşaraq, “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” və “Referendum haqqında qanuna dəyişikliklər edilməsi haqqında” “qanun” layihələrini müzakirə edərək, qəbul edirlər. “Həmin layihəyə əsasən 44 günlük müharibədən sonra Ermənistana köçmüş Qarabağ sakinləri də referendumda iştirak edə biləcəklər. Yəqin ki, Ermənistanda vahid seçki məntəqəsi olacaq və orada operativ qərargahı yerləşəcək”.
Bu əsnada o da məlum olub ki, separatçılar “referendum”dan sonra “prezident seçkiləri” də keçirməyə qarşılarına məqsəd qoyublar. Belə ki, onlar 2024-cü ildə özlərinə yeni “prezident” seçmək niyyətindədirlər.
Görünən odur ki, Qarabağdakı ermənilər 2025-ci ilə qədər, yəni rus sülhməramlılarının çıxarılmasına qədər bir sıra təxribatlara əl atmaq fikirindədirlər. Azərbaycanın suveren ərazisi olan Qarabağda hər hansı “referendum” və ya “prezident seçkiləri” birmənalı olaraq təxribatdır, separatizmdir və bunun qarşısı mütləq alınmalıdır.
Mənbə: JAMAZ.İNFO