
Müşfiq Əliyev
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi
XƏZƏR RAYON SAKİNİ
Məlumdur ki, Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də, dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır.
Bu gün, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.
Digər dövlətlərlə olduğu kimi, Azərbaycan və Albaniya arasında da konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Siyasi dialoqun çox güclü dinamizmi var. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib.
Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan — inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var — qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır.
Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq — son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.
Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün, Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…
