
Kanal32.az saytında Mingəçevir şəhər Bələdiyyəsinin adından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir rayon şöbəsinin sədri Natiq Həsənovla bağlı bəzi açıqlamalar verib. Məsələ ilə bağlı sadalanan məqamlara aydınlıq gətirmək üçün araşdırmalara başladıq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənov bildirdi ki, üzvlərimizin problemləriylə bağlı dfələrlə şəhər bələdiyəsində qəbulda olmuşuq və müraciətlər etmişik. Lakin bizim birliyə qarşı həmişə ayrı-seçkilik görməkdəyik. Kanal32.az-da Bələdiyyə sədri Ramiz Əliyevin göndərdiyi cavabdan görünür ki, o, icraçısı olduğu qurumun missiyasını hələ də dəqiq anlamayıb və nədən ibarət olduğunu bilmir. Bircə faktı bildirim ki, mən müraciətlə deyil, auksiyon yolu ilə torpaq almışam. Rüstəmov Mübariz isə icarə müqaviləsini mənimlə deyil, Mingəçevir şəhər bələdiyyəsiylə bağlayıb. Qaldı ki, bizim üv olduğumuz AVMVİB-nə deyil, qeyri bir təşkilata verdiyi sahələri də mənim adımla bağlaması artıq böhtan kimi məhkəmə predmetidir. İddia qaldıracağam ki, sadaladığı bütün yerləri mənə və AVMVİB -yə versin.
N. Həsənov adı çəkilən sahələrlə bağlı aidiyyatlı sənədləri redaksiyamıza təqdim edib. Sənədlərdən və Bələdiyyə adından verilən cavablardan da görünür ki, sədr Ramiz Əliyev hələ «köhnə musiqiləri» dinləyib qurtarmayıb. Mətbuatda gen — bol «reklam» olunan «kirvə-kirvə» sayəsində xalqa məxsus hakimiyyətin zəbt olunması, ötürülməsi kimi bir fakt ciddi araşdırma subyektidir. Bələdiyyə sədri müharibə əlillərinin və müharibə veteranlarının yerlərini təftiş etməkdənsə, təcili olaraq, Kür çayının içərisinin qanunsuz olaraq, satılması, 2013-cü ildə Prezidentin iştirakı ilə istifadəyə verilmiş “Dostluq” parkındakı açıq səhnəni sökdürərək yerində yenisini tikdirməsi, məcburi köçüknlərə qarşı aqressiv münasibəti, sahibkarların fəaliyyətinə maneələr yaradılması barədə də indidən arayışlar hazırlaması məqsədə uyğun olardı. Faktiki olaraq, müharibə əlili Natiq Həsənov, auksion yoluyla aldığı obyektində fəaliyyəti genişləndirmək üçün 20-25 kv.metr yer istəyir. Bu müraciəti müzakirə edib, ölkə rəhbərinin sahibkarlığa yardımçı olmağa çağırışlarına əsaslanaraq, yardım etmək əvəzinə, Mozambikin konustitusiyasından müvafiq maddə tapmaq kimi əziyyətli bir işə girişməyə nə hacət vardı?
Möhtərəm Mingəçevir Bələdiyyə sədri Ramiz Əliyev, sizə tövsiyəmiz, ən yaxşı halda müharibə əlilinin etdiyi müraciətə uyğun onun istəyinin reallaşdırılmasıdır. Çünki mövcud «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» AR Qanunun 30-cu maddəsində deyilir:
«Əlillərin evdə əməyi və sahibkarlıq fəaliyyəti
Müvafiq icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şərait yaradırlar».
Bu Qanun sizin Bələdiyyəyə də aiddir. Ölkə qanunlarının icrasını təmin etmək hər bir məmurun və vətəndaşın ümdə vəzifəsi olmalıdır.
Amma bunun əksini görürük və daha bir xatırlattma edirik ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyi pozanlar inzibati qaydada cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) bu il dəyişiklik edilib. Milli Məclis tərəfindən təsdiqlənmiş məcəlləyə əlavə edilən yeni 205-1-ci maddəyə əsasən, bu əmələ görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Mövzuya bir daha qayıtmaq istəməzdik və inanırıq ki, ağıllı adamlar müharibə iştirakçıları ilə qarşıdurmaya getmirlər. Onların mümkün qanunvericiliyə uyğun şəkildə problemini həll edirlər…

Kanal32.az-da bu məsələ ilə bağlı getmiş yazını da diqqətinizə çatdırmağı özümüzə borc bilirik: «Qarabağ qazisi, 2-ci qrup əlil, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mingəçevir şəhər təşkilatının sədri Natiq Həsənov “Kanal32” İnformasiya Agentliyinin və “Azərbyacn Bələdiyyəsi” qəzetinin redaksiyasına müraciət məktubu göndərib.Təşkilat sədri iddia edir ki, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev Qarabağ döyüşlərinin iştirakçısı olan təşkilat üzvlərinin problemlərinin həllinə biganə yanaşır və onlara lazımi köməkliyi göstərmir. Dəfələrlə müraciət etməyimə baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, bu fəaliyyəti genişləndirmək üçün mənə və birliyin üzvlərinə torpaq sahəsi vermir.
Mingəçevir Bələdiyyəsi Qarabağ qazisi, 2-ci qrup əlil, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mingəçevir şəhər təşkilatının sədri Natiq Həsənovun ittihamlarına cavab verib. Redaksiyamıza rəsmi məktub göndərən şəhər bələdiyyəsi bildirib ki, 2003, 2006 və 2007-ci illərdə Natiq Həsənovun müraciəti əsasında ona həm fərdi mənzil tikintisi, həm də sahibkarlıq fəaliyyəti üçün torpaq sahələri ayrılıb. Lakin sonradan Natiq Həsənov sahibkarlıq fəaliyyəti üçün ona verilmiş torpaq sahəsinin birini birliyin üzvü Allahverdiyev Bəhruz Salman oğluna, digərini isə Rüstəmov Mübariz Adil oğluna icarəyə vermişdir.
Mingəçevir Şəhər Bələdiyyəsi Qarabağ qazisi, 2-ci qrup əlil Həsənov Natiq Nəriman oğlunun iddialarını əsasız sayır. Redaksiyamıza göndərilən həmin rəsmi sənədləri təqdim edirik:
Mingəçevir Şəhər Bələdiyyəsindən o da bildirilib ki, Natiq Həsənov rəhbərlik etdiyi birliyin adından sui istifadə edir və onun cəmiyyətin ümumi istifadəsinə verilmiş torpaq sahələrini başqa şəxslərə icrarəyə verməsi qanunsuzdur.»
Yekun olaraq, qarşı tərəfin də cavab haqqını tanıdığımızı bildiririk və yazıda gedən hər bir fakta öz münasibətlərini bildirə bilərlər. Bir daha bildiririk ki, AVMVİB Natiq Həsənovun müharibə veteranlarının yanında olması və onların problemlərinin həllinə çalışması bizim Nizamnamədən irəli gələn vəzifələrimizdəndir.
Elnur Səlim


P.S. Digər bütün iddialara aid sənədlər redaksiyaya təqdim edilib.
