İranda etirazlar: ölən və həbs edilənlərin sayı açıqlanıb

İranda etirazlar başlayandan bəri aksiya iştirakçıları arasında ölənlərin sayı 434-ə çatıb, insan haqları qrupu bildirir. ABŞ-da mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, bu müddət ərzində həbs edilənlərin sayı 17 mini keçib.

Saxlanılanlar arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilir. Hüquq müdafiəçilərinə əsasən, 150-yə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışlar olub.

İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən «iğtişaşlar» adlandırıb.

Ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanıb.

İranlı futbolçular milli himni oxumaqdan imtina ediblər

İranın milli futbol yığması Dünya Kuboku çərçivəsində İngiltərə ilə oyundan əvvəl ölkələrində hökumət əleyhinə başlayan etirazlara dəstək ifadə edərək milli himnlərini oxumaqdan imtina ediblər.

Bəzi azarkeşlər himn səslənərkən müxtəlif şüarlar səsləndiriblər, digərləri isə üzərində «Qadın, Həyat, Azadlıq» yazılan lövhələr qaldırıblar.

İran dövlət televiziyası himn səslənən kadrı kəsərək stadionun ümumi görüntüsünü verib.

İranlı azarkeşlər oyunun ilk yarısında etiraz aksiyalarının əsas simalarından biri olan və İslam Respublikasını açıq şəkildə tənqid edən keçmiş futbolçunun adını çəkərək, «Əli Kərimi» deyə qışqırıblar

Futbol fanatları həmçinin etiraz aksiyalarında İranda təhlükəsizlik qüvvələri əleyhinə istifadə edilən «Bişərəf!» ifadəsini də yüksəkdən qışqırıblar.

Hökumət qüvvələri əleyhinə olan bir çox müxalif təmsilçilər futbol komandasını ötən həftə Prezident İbrahim Rəisi ilə görüşdüyünə və nümayişlərə açıq dəstək vermədiklərinə görə tənqid edirdilər.

Oyun başlamazdan əvvəl danışan İran milli komandasının kapitanı Ehsan Hacsafi oyunçuların etirazlarda ölənləri «dəstəklədiyini» bildirib.

Dünya Kuboku, Qətər, İran, etirazlar, futbol
Şəklin alt yazısı,İranın futbol üzrə milli yığmasının kapitanı Ehsan Hacsafi

«…insanlar xoşbəxt deyillər»

İran milli yığmasının 32 yaşlı kapitanı Ehsan Hacsafi mətbuat konfransında bildirib ki, komanda üzvləri [nümayişlərdə] ölənləri «dəstəkləyir».

«Qəbul etməliyik ki, ölkədəki vəziyyət yaxşı deyil və insanlar xoşbəxt deyillər», — Ehsan Hacsafi qeyd edib.

«Hər şeydən əvvəl İranda yas içində olan ailələrə başsağlığı vermək istəyirəm», — komandanın kapitanı Hacsafi mətbuat konfransının açılışında deyib.

Turnirə hazırlıq zamanı İranın Dünya Kubokundan kənarlaşdırılması ilə bağlı çağırışlar edilib. Bu kampaniyanı başladanlar Ukraynanın işğal edilməsində İranın Rusiyaya hərbi dəstək verməsini və İranda qadın hüquqlarının pozulmasını əsas gətiriblər.

Bazar ertəsi İran komandası İngiltərə yığması ilə qarşılaşıb və 2:6 hesabı ilə məğlub olub.

Hənqamə Qaziani
Şəklin alt yazısı,Hənqamə Qaziani

Aktrisalar saxlanılıb

İranda davam edən etirazlara dəstək olaraq iki tanınmış aktrisa başı açıq şəkildə ictimaiyyət qarşısına çıxandan sonra saxlanılıb.

İranın dövlət xəbər agentliyi — İrna-nın məlumatına görə, Hənqamə Qaziani və Katayun Riahi hökumət əleyhinə fəaliyyətdə ittiham olunurlar.

Qadınlar bazar günü saxlanılıblar. Bundan əvvəl Hənqamə Qaziani Twitter hesabında yazıb: «Nə olursa olsun, bilin ki, mən həmişəki kimi, İran xalqının tərəfində olacağam. Bu, mənim son yazım ola bilər».

Etirazçılar Xomeyninin evini yandırıblar

İranda fəallar İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin doğulduğu evi yandırıblar. Sosial mediada görünən fotolarda Xomeyn şəhərindəki evin qismən yandığı görülür.

Xəbər agentlikləri paylaşılan videonun yerini təsdiqləyib, yerli hakimiyyət isə bunun qəsdən yandırılma olduğunu təkzib edib.

Ayətullah Xomeyninin sonradan muzeyə çevrilən bu evdə doğulduğu deyilir.

Xomeyni 1989-cu ilə, vəfat edənə qədər ölkənin mənəvi lideri olub.

Xomeyni şəhərindən yayılan videolarda evin yandığı vaxt onlarla insanın sevinclə alqış etdiyi görünür. Müxaliflər videonun cümə axşamı günü axşam saatlarında çəkildiyini deyir.

Bununla belə, yarı rəsmi Tasnim xəbər agentliyi Xomeyn şəhərinin yerli məmurlarının evə hücum olmadığını açıqladığını yayıb.

Agentlik azsaylı fəalların evin qarşısında toplaşdığını və daha sonra evin videosunu paylaşaraq, oranın hələ də «zəvvarların və mərhum İmamı sevənlərin üzünə açıq olduğunu» bildirib.

«Böyük inqilabın banisinin evinin qapısı ictimaiyyətə açıqdır», — deyə agentlik əlavə edib.

Xomeyninin doğulduğu evdəki yanğın bütün ölkədə Xomeyninin varisi Ayətullah Əli Xameneyi və onun hökumətinə qarşı keçirilən nümayişlərin son hadisələrindən biridir.

İran rejiminə qarşı etirazlar 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra ölməsi ilə başlayıb.

İranın rəsmi mediasının məlumatına görə, son hadisələrdə beş mühafizəçi həyatını itirib.

Eyni zamanda, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən gənc iranlıların dəfn mərasimlərində yeni aksiyalar baş verib.

Ailəsinin verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki İzeh şəhərində təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən 9 yaşlı Kian Pirfalak üçün təşkil edilən dəfn mərasimində izdiham «Xameneyiyə ölüm» şüarları səsləndirib.

Təbriz, Mahabad və Zahedan şəhərlərində təhlükəsizlik qüvvələrinin səbəb olduğu iddia edilən mülki ölümlərə qarşı etirazlar keçirilib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: