Qələbənin, Qalibiyyətin kökündə inkişaf faktoru dayanır və şübhəsiz ki, Azərbaycan inkişaf edərək, güclənərək öz tarixi torpaqlarını düşmən əsarətindən azad etdi

MÜŞFİQ ƏLİYEV

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.
BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

Məlumdur ki, 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, iradəsi, Şanlı Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Zəfərlə başa çatdı. Bu tarixi Qələbə, əbədiyaşar Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.

Vətən müharibəsində qazandığımız  möhtəşəm Qələbəyə, böyük ruh yüksəkliyi ilə keçirdiyimiz Zəfər paradı da xüsusi bir rəng qatdı. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib, ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır”. Doğrudan da bu təbdir, ölkənin müasir tarixində möhtəşəm və unudulmaz bir hadisədir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabr ayının 10-da Bakı şəhərinin Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan hərbçisi ilə yanaşı, türk hərbçiləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər Zəfərin rəmzi, sözsüz ki, Şuşa şəhəridir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş düşmənə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. 44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Vətəm müharibəsi, vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü idi. Həmin vaxt Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə, Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb.

Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub — “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Bu, şübhəsiz ki, Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs idi. Hərbi Qənimətlər Parkındakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşmişdir. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Bütün bunlar, siyasi həmrəyliyin təzahürü olan bəyanatlar idi. Uzun illər ərzində ölkəmizin əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Bu, əlbəttə ki, iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi idi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxlaması ən çox qaçqın və məcburi köçkünlərimizin həyatına təsir etdi, lakin Azərbaycan dövləti tərəfindən hər zaman məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu istiqamətdə verdiyi tapşırıqların icrasına birbaşa özü nəzarət edib. Bəli, bu gün isə qalib Azərbaycan dövləti öz torpaqlarını erməni işğalından azad edib və artıq keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün Qarabağda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramının tam icra edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətidir. Postmünaribə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, hər həftə bir işğaldan azad olunmuş bölgəmizə səfər edir. Müharibədən bir ildən də az vaxt keçməsinə baxmayaraq bu ərazilərdə yeni infrastruktur layihələrinin əsasını qoyulur, təməlqoyma mərasimləri keçirilir. Qarabağda qısa zamanda həyata keçirilən və planlaşdırılan böyük proyektlərə xarici və yerli investorların marağı böyükdür və dövlət başçısı da daima öz fəaliyyətində işğaldan azad olunmuş bölgələri diqqətdə saxlayır. Sürətlə görülən işlər Qarabağa Böyük Qayıdışın sürətlənməsində mühüm rol oynayır..

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Bu xəbəri paylaşın: