Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin üzvləri şəhid Elnur Nərbala oğlu Məhərrəmovun məzarını ziyarət ediblər.
Anım mərasimində müharibə veteranları ilə birlikdə ictimaiyyətin nümayəndələri, şəhidin dostları, yaxınları iştirak edib.
Şəhidin məzar önündə çıxış edənlər şəhidin tarixi ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsindən, döyüşlərdə göstərdiyi şücaətdən, qorxmazlığından danışıblar.
Müharibə veteranları şəhidimizin müqəddəs məzarı ziyarət edərək gül qoyub və şəhid ruhlarına dualar oxuyublar.

Elnur Məhərrəmov 2021-ci ildə maddi səbəblərdən ötrü təhsilini dondurmağa qərar vermişdir.Həmin il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, «N» saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan—Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə sıravi əsgər kimi iştirak edən Elnur Məhərrəmov 15 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.[4] Nəşi yaşadığı evə gətirilərək doğulduğu Göyçay rayonunun Şəkər kəndində dəfn edilmişdir. Dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, Elnur Məhərrəmovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli «Rəşadət» ordeni və «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.
Elçin Qədirov
