Qazilər və veteranlar Müzəffər Ali Baş Komandanı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə doğum günü  münasibətilə   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri  adından təbrik

Möhtərəm cənab Prezident!

Zati-aliləri!

    Sizi 24 dekabr   doğum gününüz münasibətilə Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin  90 minlik veteranlar ordusu  adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin möhkəm və sarsılmaz təməllər üzərində qurub yaratdığı, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibinə, Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycan durmadan inkişaf edir və qüdrətlənir. Respublikamızda bütün sahələrdə qazanılan misli görünməmiş nailiyyətlər, ardıcıl uğurlar və əldə edilən şanlı qələbələr Sizin alternativi olmayan qətiyyətli strategiyanızın, dövlətimizin davamlı tərəqqisi naminə yorulmaz fəaliyyətinizin və gərgin əməyinizin sayəsində mümkün olmuşdur.

Müvəffəqiyyətlə yürütdüyünüz siyasi kurs, tutduğunuz prinsipial və cəsarətli mövqe Azərbaycanı dünyada etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü dövlət, təhlükəsizlik və sabitlik məkanı kimi tanıtmışdır. Sizin rəhbərliyiniz ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi qələbə Azərbaycan xalqının qürurunu özünə qaytardı və adınızı xalqımızın tarixinə qızıl hərflərlə yazdırdı.

   Daim xalqının qayğıları ilə yaşayan ölkə başçısı kimi həyata keçirdiyiniz sosialyönümlü islahatlar, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atdığınız inamlı addımlar Sizə olan tükənməz ümumxalq sevgisini daha da alovlandırır. Yüksək sərkərdəlik bacarığınız ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirdiyiniz layihələr hər bir vətəndaşda sonsuz qürur və iftixar hissi oyadır.

Cənab Ali Baş Komandan!

Sizi doğum günü  münasibətilə  səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, doğma Vətənin işıqlı sabahları naminə misilsiz fəaliyyətinizdə yeni-yeni zəfərlər diləyirik.

Biz Sizinlə fəxr edirik və qürur duyuruq! Daim Sizinləyik!

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Füzuli Rzaquliyev,

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri.

Bu xəbəri paylaşın: