Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Fedai.az-ın məlumatına görə, dövlət başçısının 61 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2016-cı il düşmən təxribatlarının qarşısının alınmasında qətiyyətiylə düşmənin bir çox mifini alt-üst etdi. Həmçinin, 2018-ci ildə Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Hakimiyyəti dönəmində daim düşmənə qalib gələn Ali Baş Komandan İlham Əliyev beynəlxalq aləmin 30 ilə həll edə bilmədiyi və bu problemin «həlli olmadağını» bəyan etmələrinə baxmayaraq, ən doğru olan yolu seçərək cəmi 44 gün müddətində düşmən işğalına son qoymuşdur. Xalq İlham Əliyevi Müzəffər Ali Baş Komandan və Qarabağ Fatehi kimi tanımaqdadır. Hazırda dünya siyasətçiləri arasında ən reytinqli siyasətçidir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 90 minlik veteran ordusu cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edir, dövlət başçısına uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Zəfər dolu günlər arzulayır!

Çox yaşa, Komandanım!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: