DÖYÜŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir…

Mühasirələr, əsirlik həyatı və savaş yadigarı mərmilərlə keçən ömür…

Xaqani Ədəboğlu

 Savaş qorxuncdur. Savaş ölüm, dağıntı gətirir. Amma Vətən əzizdir. Ana müqəddəsdir. Barış gözəldir. Bu əziz, müqəddəs və gözəl olanı qorumaq üçün savaş mütləqdir. Sülh istəyirsənsə, savaşmalısan, güclü olmağa məhkumsan. Biz savaş istəmirik, amma savaşa məhkumuq. Bunu belə bilin, bu ölkədə yaşamaq istəyənlər bu savaşı qazanmağa məcburdurlar…

Bir də bu əfsanəvi tarixcəni qanıyla yazmış, uğrunda öldüyü məmləkətdə məzarı belə olmayan şəhidlərimizi unutmayın…

Qarabağ uğrunda döyüşlərin iştirakçısı və Ağdərə rayon Milis Şöbəsinin əməkdaşı, ehtiyyatda olan mayor, AVMVİB sədrinin müavini və AVMVİB Polis veteranları şöbəsinin sədri Abbas Hüseynli milisdə işləyərkən onda qalmış bir sənədi mənə verdi. Adicə bir sənəd, düşmənin necə məkrli bir düşmən olmasını sübut edir. O günləri xatırladım. Sizlər üçün də maraqlı olacağını düşünürəm…

Maraqlı bir dövrdə yaşayırıq. Öncə peşə sahəmizə məqsədli şəkildə doldurulan adamların ucbatından qələmi sındırdım və jurnalistikanın özbəöz peşəm olduğunu uzun illər gizli saxladım. Bu illərdə, bəzilərinin «mən müharibədə əlil olmuşam»- deyə, özlərini reklam edəndə isə müharibədə əlil olduğumu gizlədim. Son günlər hər cür xəyanətkarlara maşalıq etmiş adamların «tank lüləsindən tutub yerə vurmaları barədə» danışdıqları nağılları dinləyincə, bu «qəhrəmanların» harda vuruşduqlarını düşünə — düşünə qalmışdım. Amma bu sənəd və Ağdərə (Mardakert) məhkəməsinin bizlərə qiyabi şəkildə kəsdiyi qərarlar əsasında hər bir şəxsə 6-8-10 il həbs kəsmişdilər… Bu barədə sizlərə silsilə məqalələr təqdim edəcəyəm…

Dağlıq Qarabağda lokal müharibə çoxdan başlamışdı. Məlum «Armud ağacı hərəkatına» qədər ölən də öldürülənlər də yetərincəydi. Toparlandığımız gündən bu hakimiyyətdən bizə kömək olmayacağını anlamışdıq. «Dişə diş, başa baş»-deyə plan cızdıq. Ağdərə-Xankəndi hərbi yolunu 2 kiçik kənd istədiyi vaxt bağlaya bilirdi. Öldürülən və girov götürülən hər şəxs üçün girov götürüb dəyişirdik. Çünki erməninin tək anladığı dilin zor dili olduğunu yaxşı bilirdik. İçimizə yol tapa bilməyən düşmənin içərisinə yol tapmışdıq. İstənilən informasiyanı 12 saata əldə edə bilirdik. Bu dirənişi qırmaq üçün Bakıdan da müstəntiqlər ezam edilərək, Azərbaycan SSR rəsmən azlıqda olan əhalidən erməniləri qoruyurdu və bu məqsədlə göndərilən müstəntiqlər özləri danışsalar yaxşı olar. Yalnız 1989-cu ildə bizə köməyə Bərdə RDİŞ əməkdaşları göndərilmişdi və onları rus komendantlığı xüsusi təyinatlı əsgərlərinin, erməni milislərinin əlindən güclə xilas edib 1 gün sonra geri göndərə bilmişdik. Bir də 4 nəfərlik Bakının Oktyabr (Yasamal) rayon milisləri 1990-cı ilin sentyabr ayının sonundan oktyabr ayının sonunadək bizimlə birgə oldular. İlk gündən bizimlə qaynayıb qarışan qeyrətli milislərimizdən ikisinin adını bu gün də xatırlayıram. Şamaxılı Vaqif və Tovuzdan Xanoğlan adlı milislərimiz əsil qəhrəmanlar idilər və onları axtarıram. Digərlərinin adını nədənsə unutmuşam. Həmin ay içində 4 ədəd AK-SU kiçik çaplı avtomat və bizdə olan silahlar hesabına ən quduz ermənilər yaşayan bölgəni tam nəzarət altında saxlamağa nail olmuşduq. Lakin ermənilərin şikyətiylə bundan sonra Xatınbəyli kəndinə bir daha əlavə qüvvə göndərilmədi.20 oktyabr 1990-cı ildə Cənyataq kəndi yaxınlığında qum yüklü ZİL maşını avtomat silahlarla gülləbaran edilmiş sürücü Quliyev Ramiz Fərman oğlu ağır surətdə yaralanmışdı. Hadisə o zamanın ən məşhur xəbərlər proqramı olan «Время»-da verilmişdi. Fakta dair cinayət işi qaldırmaq əvəzinə, günlərcə süründürməçiliklə yazdıqları faktların, nə cinayət işinə, nə də rəsmi milis qanunvericiliyinə uyğunluğu vardı. Ona görə də cinayət işi ilə bağlı təqdimatı olduğu kimi sizlərə təqdim edirəm:

«Cinayət işi: 34105. maddə. 207 III h. Azərb. SSR. CM (16.XI 1990)

20 oktyabr 1990-cı ildə qaldırılmış 34105 saylı cinayət işində Ramiz Quliyevə qarşı xuliqanlıq (!!!) hərəkətləri Azərb. SSR CM 207-ci maddəsinin II hissəsinin əlamətləri olmaqla, SSRİ İstintaq Qrupunun təqdim etdiyi materiallara uyğunlaşdırılmışdır.

Bu hadisəyə qədər 10 oktyabr 1990-cı ildə Mardakert rayonu Cənyataq kəndindən RDİŞ-nə ərizə ilə müraciət edilmişdi ki, 10 oktyabr 1990-cı il saat 15:30 radələrində OMON-çular bir qrup azərbaycanlı millətindən olan şəxslərlə birlikdə avtomat silahlarla silahlanmaqla Cənyataq kəndinə hücum etmiş və kəndi atəşə tutmuşlar.

Bundan başqa əvvəllər də bu kənd OMON-çuların hücumlarına məruz qalmış, 3 nəfər yaralanaraq, rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəylə bağlı cinayət işi rayon prokrorluğun icraatındadır…

RDİŞ-nin azərbaycanlı əməkdaşlarına tapşırılsın ki, izahat və sorğu yoluyla bu faktın doğruluğu araşdırılsın ki, Ortapəyə kənd sakini Quliyev Ramiz Fərman oğlunun bədən xəsarətləri alması, istintaq yolu ilə öz təsdiqini tapmayıb və ola bilər ki, OMON-çularla Cənyataq kəndinə hücum zamanı bədən xəsarətləri alıb.

R. F. Quliyevin tibbi-ekspertizadan keçirilməsi barədə göndərişlə Ağdam rayonunda ekspertizadan keçirilməsi və ekspert rəyinin surətinin Mardakert RDİŞ-ə göndərilməsi təmin edilsin».

Həmin hadisələrin əsil məzmununu olduğu kimi və olayın təşkilatçısı olaraq sizlərə təqdim edirəm. Azərbaycan milisləri bizim kəndə gəldiyindən qonşu erməni kəndləri bərk narahat idilər. 9 oktyabr 1990-cı ildə axşam bizim inəyin Cənyataq erməniləri tərəfindən oğurlanması xəbəri gəldi. Mən universitetin jurnalistika fakültəsində oxusam da bir həftə idi ki, kənddəydim. Kəndin cavanlarını topladım. Hadisədən duyuq düşən Oktyabr milislərindən Vaqif və Xanoğlan da gəlib bildirdilər ki, o inəyin qatığından biz də yemişik. Birgə gedirik. Sabah 12-yə vədələşdik.

Cənyatağın üzərinə gedib inəyi tapacaqdıq. Dəstə yığışar — yığışmaz bizim rayona yeni rəis müavini təyin olunmuş, 1990-cı ildə İrəvandan yenicə gəlmiş Mamedov soyadlı kürd xalqından olan və bizim dili bilməyən milis zabiti gəlib çıxdı. Yəqin hardansa xəbər tutmuşdu və dəstəni belə getməyə qoymayacağını bildirdi. Gərgin vəziyyət yarananda dedim ki, sən, bilmirəm kimsən, nəçisən, bizimkilər 1989-cu ilin dekabr ayında Ermənistanı tərk ediblər. Sən isə ermənicə danışan biri olaraq İrəvandan bir ay öncə bura hopanıbsan, bizim inəyi gətirib mənə verməyinə nə qədər vaxt istəyirsən? Bu dərələrin, bilirsənmi, nə qədər uzunluğu var? Uşaqlar üstünə yeriyəndə, Mamedov meyit rəngi aldı və dili dolaşa-dolaşa: «Ara sizin dili öyrənəcəm. Mən də sizinlə gedirəm, onda». Vaqif dedi: «Düşürsən, mənim önümə. Bircə səhv hərəkət etsən, səni xərəkdə qaytarıb erməni dilli qohumlarına göndərəcəyik».

Dəstəni iki yerə böldük. Birinci dəstə Daşlı Cəvənin boynuna dolanan cığıra doğru və qardaşım Nizami və onun həmyaşıdlarının olduğu ikinci dəstə isə Popov istiqamətə yönəldik. Sığnaqda Baş Güneypəyədən ova çıxmış gənclərlə qarşılaşdıq və onlar da bizə qoşuldular. Cənyataq kəndinin qəbristanlığının üstündən kəndə doğru ətrafı bələdlədik və istiqamətləri müəyyən etdik. Bu istiqamətdən gəlişimizi ermənilər gözləmirdilər. Popovun dərəsindən xəbər verdilər ki, Rantik adlı çobanı heyvanları ilə birgə tutublar. İkinci dəstəni oradakı dərədən çıxmamağı tapşırdıq və kəndə doğru atəşlə yenməyə başladıq. Öncə qəbristanlıqdakı 4 nəfər kişi qaça-qaça qışqırıb hay saldılar ki, «KELBECER GAMA, KELBECER GAMA». Yəni Kəlbəcər gəlib. 500 evlik kənddə panika başlandı və əhali əllərinə keçəni götürüb qarşı kolluğa doğru qaçırdılar. Qarşı kolluqda üzü yoxuşa qadın-uşaq, kişilər qaçırdılar. 15 dəqiqəyə kənd boşalmışdı və bizim inəyin Slavik adlı erməninin evinin arxasında boğazında kəndir qaça-qaça kəndə tərəf getdiyini gördük. Ermənilər inəyi açıb buraxmışdılar. Atəşi davam etdirə — etdirə ikinci dəstənin yanına getdik. Onlar çobanın əl-ayağını bağlayıb mövqe tutmuşdular. İnəyi buraxdıqlarına görə, çobanın əl-ayağını açıb buraxdıq. Arxaya baxa-baxa qaçıb getdi…

Atılan güllələrdən bir ot tayası yandı və Xanoğlan, Mamedovdan soruşdu ki, neçə güllə atmısan? Sən demə, bircə güllə də atmayıbmış. Vaqif dedi ki, bu bizi satacaq. Çıx təpənin üstünə bütün darağı Cənyatağa tərəf boşalt.

Mamedov bütün darağı kəndə tərəf boşaltdı. Deyib gülə-gülə kəndə qayıtdıq. İnək bizdən qabaq gəlmişdi…

Bir gün sonra bu hadisəni ermənilər böyüdərək, «Советский Карабах» qəzetində «Азербайджанские боевики в черных и белых» adlı məqalə dərc edilmişdi. Hadisələrdə bizim hücumu çox dəqiq surətdə hazırlanmağımız, ağ və qara geyimli olmağımız və bir nəfərin öldürülməsi yazılmışdı. Amma həmin hücumda kimsənin ölmədiyini dəqiq bilirdim. Ona görə də daim mənimlə əməkdaşlığa razılaşan Mişa (bizimkilər ona yerqazan kişi deyirdilər) ilə görüşdüm. 5 litr benzin verdim və öyrəndim ki, öldürülmüş kimi verilən kişi 66 yaşlı bir erməni, hadisədən 2 gün öncə ölübmüş. Fakt düzəltmək üçün meyidə 6 güllə vurub şəklini çəkiblər. Lakin milis şöbəsinin sənədində isə 3 nəfərin yaralanması da yazılmışdı.

Hərdən bu hadisəylə bağlı zarafatla Ramiz Quliyevə deyirdim ki, ermənilər bizim inəyin heyfini səndən aldılar. O, bu atışmadan silahsız ola-ola və yaralı halda çıxa bilmişdi. Hadisəni o vaxt ORT-də «Время» xəbərlər proqramı vermişdi. Bunu da zarafatla deyirdim ki, yeznə belə olar ey, bütün SSRİ, ondan danışır.

O atışmadan aldığı yaradakı qəlpələrlə ömürlük yoldaşlıq edirdi.

Biz Dağlıq Qarabağın sakinləri düşmənlə mübarizədə, əhali azlığına baxmayaraq, silah-sursat korluğu çəkə-çəkə 4 il dayandıq. Bizlərə kömək əvəzinə, daim Bakıdan ermənilərin xeyrinə basqılar və şəxsi ambisiyalı siyasi oyunlar gördük. Xocalı faciəsi isə Yuxarı Qarabağ əhalisini mənəvi cəhətdən sındırdı. 18-19 saat düşmənlə çarpışan Orta Güney və Baş Güney kəndinə 7 milyonluq xalqdan bir nəfər də kömək etmədi. Az qüvvə ilə vurulub bütün mövqelərdən çıxarılmış düşmən açıq döyüşdə qalib gəlmədi. Sadəcə öz taleyinə biganəlik sayəsində bu strateji mövqeləri ələ keçirdi.

Əhalisi və imkanları geniş olan rayonlar bizləri o günlərdə bizləri duymadılar və biz o zaman deyirdik ki, biz çəkilsək, sizlər üçün çətin olacaq. Bizə inanmadılar. İllərcə düşmənlə üzbəüz dayandığımız mövqelər əldən gedincə, rayonlar dalbadal verildi. 1992-ci ilin may ayı, Ağdərə rayonu Çərəkdar kəndi istisna olmaqla, Dağlıq Qarabağdakı 55 azərbaycanlı kəndi işğala məruz qoyulmuşdu. Bu 1988-1992-ci illər ərzində mübarizə aparan əhalini bütün Azərbaycan görməzdən gəldi. Onların hayına hay verilmədi və 8 may 1992-ci il — 29 oktyabr 1993-cü il ərzində Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edildilər. Cəmi 18 ay. Qonşu rayonların Dağlıq Qarabağa girmədən post qurduqlarını xatırlayırsınızmı? Yerli əhali bu postları görüb gələndə, bircə söz soruşurdular: «Bunlar, deyəsən bizi satıblar?»..

Bu hadisələr barədə 12 hekayəti çap etdirməyi planlaşdırmışam. Bu günlər çox «əfsanəvi» qəhrəmanlar çıxıb deyirlər ki, ermənilər bunların başlarına pul qoyubmuş. Ona görə bir döyüşçü kimi ermənilərdən çox «incimişəm». Onlara qarşı o boyda pisliklər etsək də, bizim başımıza pul kəsmədilər, amma Ağdərə azad edildiyi günlərdə bizim kəndin döyüşçüləri, məhkəmə hökmlərini götürmüşdülər. Sən demə onların başına pul, bizlərə isə qiyabi hökmlər kəsiblərmiş. Ağdərəli vetreranlardan o qərarların surətini göndərmələrini xahiş edirəm.

Bir də sonadək mənimlə əməkdaşlıq edən erməni Mişadan (çoxdan ölmüş olar) və oğlundan üzr istəyirəm, ona Cənyataq kəndində «sovet sədri» vəzifəsini söz vermişdim. Vədimə əməl etmədim, etməyə imkan vermədilər…

Bu yazıda adı keçən Ramiz Quliyev bu savaşın həqiqi qəhrəmanlarından idi. Qarabağda ilk yandırılan Gəncxana qəsəbəsi müdafiəçiləri sırasında 1989-cu ildə girov götürülmüş və işğəncələrə məruz qalmışdı. Öz məzarlarını qazdıqları bir anda, Nizami Rzaquliyev və Rəşid Quliyevin, həmçinin kənd əhalisinin şücaəti sayəsində onlara qarşılıq 2 erməni ələ keçirildiyinə görə, ölüm hökmünü quldurlar dəyişdirməli olmuşdular. Onu da deyim ki, qohum-əqraba erməni tutmağa qoymurmuşlar ki, bəs 5 əsiri öldürərlər. Universitetdən çıxıb, danışıq məntəqəsindən evimizə zəng edib Nizamiylə danışdım. O, dedi ki, erməni tuta bilərik, amma ağsaqqallar imkan vermirlər. Xahiş etdim ki, icazə alıb gəlirəm, çalışın erməni ələ keçirin. Kimsəyə qulaq asmayın. Elə səhərisi gün erməniləri ələ keçirdilər və girovlarla dəyişdirildi.

Ramiz Quliyev danışırdı ki, həyatda düşünə bilməyəcəyimiz işgəncələri verdilər. Amma unutmadığım bir gün var, bizi rayon mərkəzinə çıxardılar. Həmin gün işğəncə vermək növbəsi erməni qancıqlarının imiş. Bu varlıqlara qadın deməyə adamın dili gəlmir. Yol boyu sıra ilə dayanıb tutduqları qaz balonunu bizim kürəyimizə vurur, ürəkləri soyumayanlar cırnaq atırdılar. Qız-qadın əllərindəki hər şeylə bizi vururdular.

Sonra bizi qəbristanlığa apardılar və məzarımızı qazmağı əmr etdilər. Hər birimiz öz məzarımızı qazmaqdaykən, bir erməni xəbər gətirdi. «Otboy» dedilər və bizi milis idarəsinə gətirdilər. Heç kim daha bizə işgəncə vermədi. Sabahısı gün girovlar dəyişdirildi…

Ramiz Quliyev kəndlərimizin işğalından sonra Ağdam uğrunda döyüşlərə qatıldı. 4 gün Güllücə istiqamətində mühasirədə qalmışdı. Əlimiz üzülən bir anda gəlib çıxdı…

SÖZ ARDI: … Və bu gün dönüşü olmayan bir yoldadı. Sıralarımızı 2019-cu ildə əbədiyyən tərk etdi. Məşəqqətlərlə dolu bir döyüşçü həyatına səngərlərdə qazandığı şəkər və digər xəstəliklər son qoydu. Yəqin ki, dünyada ölüm olmasaydı belə, onu döyüşçülər kəşf edərdilər.

Ramiz Quliyev Qarabağ həsrətiylə 58 yaşında Haqqa yürüdü. Ağlıma ilk gələn fikir, bu dəfə də bir döyüşçünün Qarabağ həsrətiylə nakam getməsi oldu. Sanki Qarabağsız həyatın dadı qalmayıb, ona görə də Ölüm insana dadlı gəlir. Amma yenə də, hayqırmaq istəyirsən: «Ölmə, qardaş, ölmə, düşmən çoxaldı».

Döyüşçünün faciəsi, əldə silah olmadan ölməsidir. Bunca ağır bir yük varkən, bizi öldürmə, Allahım. Sonuncu sərhəd dirəyimizin yanı qoy məzarımız olsun.

Bu yazı döyüşçü Ramiz Quliyevin sağlığında yazılmışdı və bu gün onun həyat kimi gəlib, ölüm kimi getdiyini yazıram. Vətən savaşçıların sümükləri üzərində bərqərar olar. Dövlət savaşçının ruhuyla dirçələr. Bayraq savaşçının qanıyla ucalar.

Qarabağın azadlığını görmədən dünyadan çəkib gedən nakam döyüşçülərimizə Tanrıdan rəhmət diləyirəm…

Dağda niçin bağırılır?
Feleğe çatmak için.
Açılır tatlı güller
Arılar tatmak için.
Tanrı kızlar yaratmış
Erlere satmak için.
İnsan büyür beşikte
Mezarda yatmak için.
Kahramanlar can verir
Yurdu yaşatmak için…
(Hüseyin Nihal Atsız)

Bu xəbəri paylaşın: