Hərbi Prokurorluğun inzibati binasındakı Soyqırımı Memorial Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatları, o cümlədən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev iştirak etmişər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfrans iştirakçıları Soyqırımı Memorial Muzeyini ziyarət ediblər. Onlara muzey və orada saxlanılan, tarixi həqiqətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanları barəsində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.
Daha sonra hərbi prokuror Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin bütün dünyaya yayılması istiqamətində yorulmaz fəaliyyətindən söz açıb.
Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov həmin dövrdə baş verənlər barədə xronoloji ardıcıllıqla söz açıb, o cümlədən Xocalı qətliamından, eləcə də o zaman hakimiyyətdə olan şəxslərin yarıtmaz fəaliyyətindən və məsələyə etinadsız münasibətindən bəhs edib.
Sonra Hərbi Prokurorluğun təşəbbüsü ilə hazırlanmış “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.

