“Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız həyata keçirilməlidir” 

“Biləsuvarda məktəbdə direktorla müəllim arasında baş vermiş qarşıdurma məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu bir daha göstərdi. Son insident mütləq ciddi araşdırılmalı, müvafiq tədbirlər görülməli və nəticəsi barədə cəmiyyətə də ətraflı məlumat verilməlidir”. 

Fedai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, o, bu cür həssas məsələləri daim diqqət mərkəzində saxlayır: “Əvvəllər də bu məsələyə toxunmuşam. Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız, ayrı-seçkiliyə yol verilmədən, ciddi araşdırmalar aparılaraq həyata keçirilməlidir. Bu cür xoşagəlməz hadisənin baş verdiyi məktəbdə hansı normal təhsil mühitindən söhbət gedə bilər? 

Son hadisə ağıllara belə bir sualı da gətirir. Neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var?» 

C.Məmmədovun sözlərinə görə, həmin hadisə onu da göstərdi ki, bu prosesə yenidən baxılmalı, vəzifəyə uyğun olmayan direktorlarla bağlı obyektiv, ciddi əsaslandırılmış qərarlar qəbul edilməlidir. Əks-halda belə xoşagəlməz halların tez-tez şahidi olacağıq. (Yenisabah)

Bu xəbəri paylaşın: