QAFQAZ SÜVARİ DİVİZİYASI, DİGƏR ADI İLƏ — «VƏHŞİ DİVİZİYA»

Süvari diviziyası, Rus ordusunun hərbi birləşmələrindən biri. 23 avqust 1914-cü ildə yaradılmışdır. Tərkibinin 90%-ni Şimali Qafqaz və Zaqafqaziyanın yerli əhalisi olan Müsəlman könüllülər təşkil edirdi. Rus zadəganlarının bir çoxu bu bölmədə zabit kimi xidmət edirdilər. İmperator II Nikolayın Qafqaz yerli süvari diviziyasının yaradılması haqqında 23 avqust 1914-cü il tarixli əmrinə uyğun olaraq, 3 briqadadan ibarət diviziya yaradıldı.

Bölmə aşağıdakı birləşmələrdən ibarət idi:

• 1-ci briqada: Kabarda süvari alayı (Kabardinlər və Balkarlardan ibarət) və Dağıstan süvari alayından ibarət idi.

• 2-ci briqada: Tatar süvari alayı (Azərbaycanlılardan ibarət) və Çeçen süvari alayından ibarət idi.

• 3-cü briqada: Çərkəz Süvari Alayı (Noqaylar, Çərkəzlər, Abazinlər, Abxazlar və Qaraçaylardan ibarət) və İnquş süvari alayından ibarət idi.

Diviziyaya daha sonralar müvvəqəti olaraq, Osetin piyada briqadası və 8-ci Don kazak artilleriya batalyonu da birləşdirildi.

Diviziyanın ilk komandiri 23 avqust tarixli ən yüksək sərəncamla, Çarın kiçik qardaşı, Əlahəzrətin köməkçisi, General-Mayor, Böyük Hersoq Mixail Aleksandroviç Romanov təyin edildi. Diviziyanın qərargah rəisi vəzifəsinə Ali Baş Komandanın Qərargahında xidmət edən, Müsəlman etiqadlı, milliyətcə Litva Tatarı olan Polkovnik Yakov Yuzefoviç təyin edildi.

Qafqaz Müsəlmanları Rusiya imperiyasında hərbi xidmətdən azad edilmişdilər və dolayısıyla bu müharibədə iştirak edə bilməzdilər. Amma şərəf borcu və anadangəlmə döyüş şücaəti onlara kənarda durmağa imkan vermirdi. Bir ay ərzində diqqətlə seçilən bu könüllülər ən unikal bölmə oldular. Rusiya ordusunda heç vaxt belə çoxmillətli birləşmə olmamışdı. Rus knyaz və qrafları, İtalyan markizləri, Fransız və Fars əsilzadələri, Lev Nikolayeviç Tolstoyun oğlu Mixail, Knyaz Vorontsov-Daşkovun oğlu, Polşanın ən nüfuzlu knyazı Stanislav Radzivilin nəvəsi, General Baqration Dmitrinin nəslindən olan şəxslər, İran şahlarının nəslindən olan Feyzulla Mirzə Qacar da bu diviziyada xidmət etməyi özlərinə şərəf hesab edirdilər.

Az öncə də qeyd etdiyim kimi, diviziyaya Rusiyada 3-cü şəxs olan, İmperator II Nikolayın qardaşı, Böyük Hersoq Mixail Aleksandroviç Romanov komandirlik edirdi. Bütün Rusiya bu atlılar haqqında bilirdi. Qəzetlər onlar haqqında yazır, saraylarda, fəhlə qəsəbələrində barələrində heyranlıqla danışırdılar. Diviziyanın atlılarının göründüyü yerdə düşmən müdafiəsini qatbaqat gücləndirdi. Göndərdikləri yerdə mərhəmət və lütf yox idi. Onların qeyri-adi görünüşü görənləri təəccübləndirdi və düşmənləri dəhşətə gətirdi. Diviziyanın süvariləri məşhur Brusilovun hücumunun önündə idilər. Bu əməliyyatdan heyrətlənən II Nikolay döyüşün bütün iştirakçılarının Müqəddəs Georgi xaçı ilə təltif edilmələri haqqında əmr vermişdi. Nadir faktdır ki, bir döyüşdə bir hərbi hissənin bütün şəxsi heyəti döyüş mükafatlarına layiq görülmüşdü.

1914-cü ilin dekabrında dəhşətli şayiələr Avstriya-Macarıstan imperiyasını narahat edirdi. Səngərlərdə olan əsgərlər və cəbhəyanı şəhərlərin sakinləri bu söz-söhbətlərdən dəhşətə gəlirdilər. Asiyanın dərinliklərindən Ruslar hansısa naməlum qüvvəni, vəhşi atlılar dəstəsini onların qarşısına gətirmişdi. Onların arxasında ağ-qara qanadları var. Uşaq əti yeyirlər. Bunlar həqiqətən dəhşətli insanlardır. Avropada heç vaxt belə bir şey olmayıb. Tezliklə Avstriyalılar və Almanlar onları «tüklü papaqlı şeytanlar», Rus çarı isə «Qafqaz qartalları» adlandıracaqdı. Amma onlar tarixə başqa adla – «Vəhşi Diviziya» ilə düşəcəklər…

Diviziyanın döyüş rəşadətləri haqqında bir neçə tarixi fakt:

…1915-ci ilin oktyabrında Vəhşi Diviziyanın Çeçen alayının bir hissəsi mühasirəyə alındı. Avstriyalılar xoşbəxtdir — bu dəhşətli Dağlıları əsir götürə bilərcəklər. Təslim olmaq təklifi ilə elçi göndərirlər. Çeçen tərcüməçi utanır, “əsirlik” sözünü Çeçen dilinə necə tərcümə edəcəyini bilmir və özünəməxsus şəkildə tərcümə edir: “Bizə çiyin qayışlarımızı, kəmərimizi, çəkmələrimizi çıxarmaq, silahlarımızı yerə qoymaq, əllərimizi qaldırıb Almanlarla evlənməyimizi təklif edirlər”. Çeçenlər qəzəblənirlər. Onlar atəşkəsi pozmağa hazırdırlar. Elçinin isə sadəcə olaraq başını kəsirlər…

…Komandanlıq Vəhşi Diviziyanı cənub-qərb cəbhəsinə, Qalisiyaya — Karpat dağlarına göndərir. Məhz orada Qafqazlılar özlərini ən yaxşı tərəfdən göstərə bilirlər, çünki bura onlara tanış olan dağ şəraitidir. 8 dekabr 1914-cü ildə Vəhşi Diviziya ilk döyüşünə girdi. Avstriyalılar və Macarlarla toqquşma əvvəlcə Dağlıları ruhdan saldı. Lakin, bir neçə saatdan sonra Dağlılar çığırtılar və qışqırıqlarla düşmənin üstünə qaçdılar, rəqiblərini qılınc və xəncər ilə doğradılar və qaçan düşməni atlar dərin qarda ilişib qalana qədər təqib etdilər…

…1915-ci ilin əvvəllərində Rus ordusunda kəskin silah çatışmazlığı var idi. Vəhşi diviziyanın əsgərlərinin xəncərləri isə əvəzolunmaz idi. Rumın müxbiri Dağlılarla Avstriyalılar arasında gedən döyüşlərdən birinin finalını belə təsvir edirdi: «Yarım saatdan sonra düşmən tamamilə məğlub oldu. Ölənlərin sayı 373 nəfər idi. Onlardan 131-i sırf xəncər yarasından ölmüşdü. İnquşlar gecələr və dağ keçidlərindəki döyüşlərdə fərqlənirlər, lakin artilleriya atəşi onları çaşdırır. Dağıstanlıların süvariləri nisbətən yaxşı təşkil olunmayıb, lakin onların piyada döyüşü və müdafiədə tayı-bərabəri yoxdur…

…1915-ci ilin payızında Vəhşi Diviziyanın atlıları xəndəklərə tanış olur. Mövqe müharibəsi var. Və bu, Qafqazlıları yorur. Dağlılar səngərdə oturmağa nifrət edirdilər. Bu, onların fikirincə heç də cigit işi deyildi. Onların fikrincə, yer dirilərə deyil, ölülərə sığınacaq olmalıdır. Zabitlərin nəzarəti altında olsalar belə, hər cür bəhanələrlə səngərləri tərk edirdilər və sırf Müsəlman fanatizmi ilə, yerin altında təhlükəsiz olmaqdansa, güllələrin altında oturmaq və ya yatmağı üstün tutdular…

…29 may 1916-cı ildə Vəhşi Diviziyanın Çeçen alayının 50 atlısı Dnestr çayını keçdi, və dərhal əsas körpünü zəbt etdi. Sonra 250 Avstriyalı və Macar əsgəri əsir götürüldü. Həmin gecə diviziyanın qalan hissəsi də körpünü keçdi. Bir həftə sonra, iyunun 4-də Rus ordusu cənub-qərb cəbhəsinə hücuma keçəcək. Bu, güclü hərbi əməliyyat olacaq. Bu, iki ay yarım davam edəcək və tarixə «Brusilovski sıçrayışı» kimi düşəcək. Çeçenlər tərəfindən ələ keçirilən körpü isə sıçrayışın gedişində mühüm rol oynayacaqdı…

…Müharibə illərində Vəhşi Diviziyanın tərkibi 4 dəfə dəyişdi. 1916-cı ilin yayına qədər diviziyada, müharibənin ilk günlərindən bəri xidmət edən atlılar demək olar ki, qalmamışdı. İyulun ortalarında Vəhşi Diviziyanın İnquş alayı Avstriyalıların arxasında kəşfiyyat aparmaq tapşırığını aldı. Hər şey plana uyğun gedirdi lakin, gözlənilmədən Kayzer Almaniyasının məhşur Dəmir Diviziyasının bölmələri ilə qarşılaşdılar. Rus komandanlığı, Almanların məğlub olan Avstriyalılara kömək etmək üçün Fransadan seçilmiş hərbi hissələrini təcili Qərbi Ukraynaya köçürdüyündən xəbərsiz idi. Dəmir diviziya Qərb cəbhəsində İngilis və Fransız qoşunlarının qorxulu yuxusu idi və indi də İnquş alayına qarşı çevrilirmişdi. Qafqaz Dağlılarının 500 qılınclısına qarşı 3000 Alman süngüsü, pulemyot və ağır artilleriyası. İnquşlar əmr gözləmədən özbaşına cəbhəni yarıb hücuma keçdilər. Bu döyüşün iştirakçısı olan Alman zabiti Feliks fon Botmer illər sonra öz xatirlərində bunları yazır: «Atlı qoşunu üzərimizə doğru irəliləyirdi. Hücum edənlərin görünüşü həqiqətən də dəhşətli idi. Xına ilə saqqalları boyanmış süvarilər sürətlə səngərlərimizə yaxınlaşdılar. Onlar çaparaq Məhəmməd peyğəmbəri tərifləyirdilər. Hər dəstənin qabağında bir molla, və hər mollanın əlində də Quran, və çiyinlərində tüfəng var idi. Bu bədheybətlərlə görüşdən təqribən bir saat yarım sonra Kayzer ordusunun qüruru mövcudluğunu dayandırdı»… Unutmadan onu da qeyd edim ki, hərbi hissə olaraq diviziyanın öz ayrıca döyüş bayrağı var idi. Alayların içində isə ayrıca döyüş bayrağına sahib olan tək bölmə İnquş süvari alayı idi. Məhz Dəmir diviziyanı məğlub etdikdən sonra İnquş alayı bu imtiyaza layiq görülmüşdü və diviziyanın fəxri, və ən döyüşkən bölməsinə çevirilmişdi.

Vəhşi diviziyada başqa Qafqaz xalqlarından əlavə, sırf Azərbaycanlılardan ibarət Tatar süvari alayı da var idi. Diviziyanın digər alaylarının komandiri əsasən Rus və Gürcü zabitləri olsa da, bizim alayın komandirləri Naxçıvan xanları nəslindən olan Azərbaycanlılar idi. Onu da qeyd etməkdə fayda var ki, müharibə bitdikdən sonra Tatar süvari alayının keçmiş döyüşçüləri, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibinə daxil oldular müstəqil ordumuzun ilk bölməsini təşkil etdilər (1918-1920)

Rus ordusunda və bütövlükdə Rusiya dövlətində ümumi tənəzzül və xaos dövründə belə, diviziya nizam-intizamı itirməyən, hərbi anda sona qədər sadiq qalan azsaylı birləşmələrdən biri olaraq qaldı. Diviziyanın atlıları heç vaxt yaralı yoldaşlarını döyüş meydanında qoymur, komandirlərini heç vaxt ruhdan salmırdılar. Onlar başqa hökumətə beyət etməkdən imtina etdilər və sona qədər şərəfli və cəsarətli əsgərlər olaraq qaldılar.

Qafqaz süvari diviziyasının daxili həyatının fərqli bir xüsusiyyəti, onun zabitləri və atlıları arasında münasibətləri müəyyən edən xüsusi mənəvi-psixoloji mühit idi. Hər şeydən əvvəl rütbələr və titullar deyil, şəxsi cəsarət və sədaqət dəyərləndirilirdi.

Ənənəvi patriarxal-ailə həyat tərzi Qafqaz alaylarının daxili həyatında öz izini qoydu. Alay zabitlərinin yığıncaqlarında fəxri yerləri tez-tez komissar olmayanlar, hətta adi atlılar arasından hörmətli və yaşca böyük olan hörmətli insanlar tuturdu. Bu da çox təbii idi, çünki bir çox döyüşçülər bir-biri ilə qohum idilər.

Bölmə zabitləri arasındakı münasibətlərin xarakterik xüsusiyyəti müxtəlif dinlərə mənsub insanların bir-birinin inanc və adətlərinə qarşılıqlı hörməti idi. Xüsusən də Kabarda alayında adyutant zabit, məclisində neçə Müsəlmanın, neçə Xristianın olduğunu sayırdı. Müsəlmanlar üstünlük təşkil edirdisə, orada olanların hamısı Müsəlman adətinə görə papaqda qalır, Xristianlar daha çox olarsa, bütün papaqlar çıxarılırdı.

Bölmənin zabit korpusu əsasən kazak komandirlərindən ibarət idi, lakin hər bir alayın əsas hissəsini təşkil edən millətin nümayəndələrinə də rast gəlinirdi. Yeni qəbul edilmiş könüllülər müharibə boyu xidmət edəcəklərinə təntənəli söz verdilər. Döyüş şəraitində diviziya güclü olduğunu sübut etdi, yüksək nizam-intizamı ilə seçildi və Fevral inqilabına qədər bir dənə də olsun fərarilik halı yox idi.

Ağqvardiyaçı General Anton Denikin «Rus zabitinin yolu» kitabında yazırdı: «Qeyri-Xristian təbəələrə təqdim edilən mükafatlarda Xristian müqəddəslərinin (Müqəddəs Georgi, Müqəddəs Vladimir, Müqəddəs Anna və.s) təsvirləri və Rusiya İmperiyasının dövlət gerbi — ikibaşlı qartal ilə təsvir edilmiş nişanlar var idi. Ancaq Dağlılar tezliklə verilən nişanları qaytarmaq istədilər, çünki Dağlılar arasında «toyuq» ilə mükafatlandırıldıqlarına dair bir fikir var idi — (ikibaşlı qartalı onlar belə adlandırırdılar)

Diviziyanın alaylarında dağlı adətləri — böyüklərə hörmət, qonaqpərvərlik və digər adətlər güclü idi. Bu, bölmənin həyatında və xidmətində öz izini qoydu. Diviziyanın bəzi yerlərində qonaqları evdə, Qafqazda olduğu kimi qarşıladılar. Gənc zabit, nizamnaməyə zidd olaraq, lakin dağlı adətlərinə uyğun olaraq, dincələn zaman,
xüsusilə yaşlı süvarilərə hörmət göstərirdi. Bununla belə, Dağlılar digər adətlərə də hörmətlə yanaşırdılar. Məsələn, bir vaxtlar 1913-cü ildə öldürülən abrek Zəlimxanın tutulmasında iştirak edən milliyyətcə Osetin olan Kapitan Kibirov, Çeçen alayının atlılarının gözünə görünməkdən ehtiyat edirdi. O, qan davasından qorxurdu, çünki məşhur abrekin qohumları həmin alayda xidmət edirdi…

Vəhşi diviziyanın xatirəsi Rusiyada, özəlliklə də Şimal Qafqaz bölgəsində əbədiləşdirilib:

• 1998-ci ildə Dağıstanda «Anji Mahaçqala» futbol klubunun «Vəhşi Diviziya» adlanan azarkeşlər klubu yaradılıb.

• 2012-ci ildə İnquşetiyanın Nazran şəhərindəki Xatirə və Şöhrət Memorialının ərazisində, heykəltəraş Ravil Yusupovun yaratdığı Vəhşi diviziyanın İnquş süvari alayına həsr olunan abidənin açılışı olub.

• 2014-cü ildə “Vəhşi diviziya”nın 100 illiyi münasibətilə İnquşetiyanın Malqobek rayonunda, diviziyada döyüşən Sağopşi kəndinin 18 yerli sakininin xatirəsinə abidə ucaldılmışdır.

• İnquşetiyada atçılıq həvəskarlarının “Vəhşi Diviziya” adlı ictimai təşkilatı var.

• 2010-cu ildə Çeçenistanın Qroznı şəhərində açılan terrorizmə qarşı mübarizədə həlak olanların xatirəsinə həsr olunmuş Memorialda, Vəhşi diviziyanın Çeçen süvari alayının zabit və atlılarının adlarının həkk olunduğu sütun var.

Şəkildə — Qafqaz süvari diviziyasının İnquş alayının fəxri döyüş bayrağı və geyim forması. Rusiya Federasiyası, İnquşetiya respublikası, Nazran şəhərinin tarix muzeyi.

Rafael Dağlı

Bu xəbəri paylaşın: