Şəhidin ad günü məzarı yanında qeyd olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları rayonun Əlinəzərli  kəndində şəhid Elvin Tələt oğlu İsmayılovun  mövludu ilə bağlı mərasimdə iştirak ediblər.
 Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov məlumat verib.
Şəhidin anım mərasimində şəhid valideyinləri, veteranlar ,kənd camaatı, müəlimlər və şagirdlər iştirak ediblər.
Şəhid Elvin Tələt oğlu İsmayılovun  məzarı başında şəhid ruhlarına dualar oxunub və gül qoyulub. 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımız haqqında danışılıb.

Sonda şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Elvin Tələt oğlu İsmayılov 1989-cu il martın 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Ailəli idi.

Azərbaycan Ordusunun çavuşu olan Elvin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin İsmayılov sentyabrın 27-də Cəbrayılın Rüzgar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Beyləqan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov

Bu xəbəri paylaşın: