AVMVİB sədri şəhid ailəsinin ziyarətində olub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov , AVMVİB Xətai rayon şöbəsinin sədr müavini Əhli Həbiyev şəhid “Azərbaycan Bayrağı” ordeniylə təltif olunan qəhrəman Altay Sarıkişiyevin valideyinlərinə baş çəkmişlər.

AVMVİB sədri Füzuli Rzaquliyev təşkilat adından şəhid atasına üzvlük vəsiqəsi təqdim etmiş, onu AVMVİB-in təsis etdiyi Xatirə medalları ilə təltif etmişdir.

Füzuli Rzaquliyev ziyarət etdiyi şəhid ailəsinin üzvlərinin də iştirak etdiyi bu görüşündəki nitqində də bir daha vurğulamışdır ki, şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına və Qazilərimizə diqqət hər bir Azərbaycan vətəndaşının borcu və sosial məsuliyyətidir və bu ənənənə mütəmadi olaraq davam etdiriləcəkdir.

Məlumat üçün bildirək ki, şəhidin atası Vaqif İbrahim oğlu Sarıkişiyev uzun müddət Ağdərə rayon Xatınbəyli kənd orta məktəbinin direktoru işləyib və Kolanı Qisascı təşkilatının yaradıcısıdır. Vaqif Sarıkişiyev təşkilatın fəaliyyət proqramını jurnalist Xaqani Rzaquliyevlə birgə hazırlayaraq fəaliyyətə başlamışdılar. Təşkilat 100-ə qədər şəxsi öz ətrafında birləşdirərək erməniləri daim vahimə altında saxlayırdı.

Altay Sarıkişiyev 1971-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildə sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Yol-inşaat fakültəsinə verib. Həm təhsildə, həm də ictimai işlərdə qabaqcıl olan Altay az bir müddətdə müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilib. 1991-ci ilin yazında könüllü olaraq cəbhəyə yollanıb. İlk günlərdən Altay artıq cəsur bir kəşfiyyatçı kimi, həm əsgər yoldaşlarının, həm də komandirlərinin dərin rəğbətini qazanıb.

A.Sarıkişiyev yanvarın 18-də Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 23 yanvar 1993-cü ildə Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra A.Sarıkişiyev Azərbaycan Respublikası Prezidentinin Fərmanıyla “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: