“Əhsən ət-təvarix” əsərindən göründüyü kimi, özü də qızılbaş-türk döyüşçüsü olmuş Həsən bəy Rumlu XVI əsr özbəkləri, əslində isə, moğollar barəsində “dargözlü” ifadəsini dəfələrlə işlətmişdir.
Əlavə olaraq, onları sarı bənizli, tüksüz, amma qalın qaşlı, yaşıl gözlü, iri başlı və çənəli adamlar kimi təsvir etmişdir. Həmin əlamətlər isə, monqoloid irqindən daha çox turanid irqinə xasdır.
Haşiyə. İngilis antropoloqu John Randal Baker (1900–1984) özünün “Race” (İrq) adlı kitabında turanid irqini avropoid irqinin bir qrupu hesab etmişdir. Sovet antropoloqu Nikolay Nikolayeviç Çeboksarovun (1907–1980) fikrincə isə, turanid irqi monqoloid irqinin bir qrupudur. Zənnimizcə, J.R.Bakerin iddiası həqiqətə daha yaxındır.
Bir məsələni də qeyd edək ki, indiki özbək xalqı ilə XVI əsr özbəklərini eyniləşdirmək olmaz. Müasir özbək xalqı Orta Asiyanın qədim əhalisi olmuş türklərin törəməsidir. Bu xalq XIII əsrədək Xarəzm türkü, XVI əsrə qədər Çağatay türkü və ya sadəcə türk adlanmışdır.
XVI əsrdə Şeybək xan Cuçinin (1451–1510) başçılığı altında özbək adlı bir moğol tayfası Sibirdən gələrək Mavəraünnəhr və Xarəzmi, yəni indiki Özbəkistanı ələ keçirmiş, elə həmin dövrdən özbək etnonimi ortaya çıxmışdır. Həsən bəy Rumlunun şeirlərinə gəlincə, o, bütövlükdə özbək xalqını deyil, XVI əsrdə Sibirdən gəlmiş bir tayfanın döyüşçülərini təsvir etmişdir.
Onu da vurğulayaq ki, orta əsrlərdə təkcə Asiyada deyil, həm də Avropada belə bir ənənə vardı: Bəzən hansısa etnosa hakim sülalənin, tayfanın adı verilirdi. Məsələn, bugünkü fransızlar etnik baxımdan əsasən kelt mənşəli olsalar da, Fransa və onun xalqı vaxtilə bu ölkəni zəbt etmiş german tayfasının – frankların adını daşıyır.
Həsən bəy Rumlunun məlumatı onu göstərir ki, XVI əsr özbəklərinin xarici görünüşü qızılbaşların özləri üçün tipik deyildi. Burada müqayisə üsulunu tətbiq edərək salnaməçinin üstüörtülü şəkildə verdiyi informasiyanı aşkara çıxara bilərik.
Məsələn, qarşı tərəf haqqında yazılmış “dargözlülər…”, “gözləri qaşlarının altında gizlənmişdir…” kimi ifadələr ona dəlalət edir ki, qızılbaşların özlərinin göz qapaqlarında monqoloid irqinin əsas əlamətlərindən sayılan epikantus yox idi.
Yaxud, “çöhrələri tamam tükdən xalidir…”, “heç birinin üzündə tükdən əsər də yoxdur…”, “saqqalsız qocalar timsalındadır…” misralarına diqqət yetirək… Məlum olduğu kimi, monqoloid və turanid irqlərinin nümayəndələrində tük örtüyü nisbətən zəif olur. Deməli, qızılbaşlar bu cəhətə görə də digər avropoidlərdən çox da fərqlənmirdilər.
Əsərinin başqa bir yerində isə Həsən bəy Rumlu XVI əsr özbəklərinin başlarının iri olduğuna işarə etmişdir. Bu, turanid irqini sırf monqoloid irqindən fərqləndirən əsas əlamətlərdən biridir. Bəllidir ki, orta statistik turanidin, məsələn moğolun başı orta statistik monqoloidin, məsələn, çinlinin başından iri olur. Yazımızn əvvəlində qeyd etdik ki, bəzi miniatürlərdə Səfəvi döyüşçüləri də belə təsvir edilmişlər. Qızılbaş salnaməçisinin yazdıqları isə onu göstərir ki, həmin təsvirlər moğol dövrünün yadigarı olmuş bir üslubun davamı idi. Həqiqəti əks etdirməyən bu miniatürlər yalnız orta əsr rəssamlarının bədii təxəyyülünün məhsulu hesab olunmalıdır.
Zənnimizcə, Səfəvi salnaməçisinin təqdim etdiyi məlumatın ən maraqlı elementi üzərində daha çox dayanacağımız bu misradır: “
Üzləri qalxan tək qırış-qırışdır…”. Digər ordular kimi, sözsüz ki, Ubeyd xanın da qoşunu əsasən gənclərdən ibarət idi. Sifət dərisində erkən qırışların yaranması isə nə turanid, nə də monqoloid irqinin əlaməti sayılır. Belə isə, Həsən bəy Rumlunun bu sözləri nəyi bildirir?
Qədim Roma tarixçisi Ammian Marsellin (330–395) özünün “Tarix” adlı əsərində hunlar haqqında yazırdı: “Əski salnaməçilərin çox az bələd olduğu hun tayfası Meot bataqlığından (Azov dənizindən) Şimal Buzlu Okeanına doğru uzanan ərazidə yaşayır və vəhşilikdə bütün hədləri keçibdir. Körpə doğulan kimi onun yanaqlarında iti silahla dərin kəsiklər qoyur və bu yolla uşağın üzündə tüklərin əmələ gəlməsinə mane olmağa çalışırlar. Onlar ömürlərini beləcə saqqalsız, eybəcər və xədimə bənzəyən qocalar kimi keçirirlər”.
Göründüyü kimi, Ammian Marsellinlə Həsən bəy Rumlunun Avrasiya türkləri – hunlar və moğollar (XVI əsr özbəkləri) haqqında yazdıqları faktiki olaraq üst-üstə düşür. Lakin onların hər ikisi bir məsələdə yanılırdı. IV əsr hunlarının üzlərindəki kəsiklərin və XVI əsr özbəklərinin sifətlərindəki “qırışların” mənşəyi, əslində, eyni idi.
VI əsr qot tarixçisi İordan yazırdı: “Atilla öldükdə hunlar öz adətlərinə uyğun olaraq saçlarının bir hissəsini kəsib üzlərinə dərin yaralar vurdular. Hunlar deyirlər ki, igid döyüşçüyə qadınların göz yaşları ilə deyil, kişilərin qanı ilə ağlamaq lazımdır”.
VII əsr Çin müəllifi Çjou-şun qədim türklərin matəm adətləri haqqında bunları bildirmişdir: “Ölüm günündə olduğu kimi, dəfn günündə də mərhumun qohumları qurban kəsir, at çapır və öz sifətlərini iti silahlarla yaralayırlar”.
VIII əsr Orxon–Yenisey abidələrində belə bir yazı vardır: “Gözlərimdən yaş axır, fəryad qəlbimin dərinliklərindən gəlirdi. İnsanlar ağlayır, nalə çəkirdilər. Xalqın çoxu saçını, üzünü kəsirdi”.
Bu məlumatların üçü də qədim türklərin yuğlama mərasimi haqqındadır. Həmin mərasim barədə daha geniş informasiya “Aşura əzadarlığı və qədim türk ayini – yuğlama” adlı məqaləmizdədir.
Onu da vurğulayaq ki, yuğlama mərasimi əski zamanlarda Azərbaycanda da qeyd olunmuşdur. Yeri gəlmişkən, dilimizdəki bəzi ifadələr məhz həmin ayinin yadigarlarıdır: “Qara qıyma gözləri qan yaşla doldu” (“Kitabi-Dədə Qorqud”dan), “gözlərindən qanlı yaş axdı”, “qan ağladı” və s. Sonradan yuğlamanın sözügedən elemetləri Aşura əzadarlığına (qılıncla alın yarmaq, kürəyə zəncir vurmaq), yaxud orta əsrlərdəki dəfn rituallarına (iti bıçaqla bir qolu doğramaq, çiyinləri xəncərlə kəsmək, dırnaqlarla üzü cırmaq) keçmişdir.
Oruc bəy Bayatın kitabında maraqlı bir informasiya ilə də rastlaşdıq: “Zadəgan öldükdə onun nökərləri qurşağadək soyunmuş halda tabutun önündə gedir və (kəsici silahla) özlərinin sağ əllərini kəsib doğrayırlar. Bunu mərhumun oğlanları da edə bilərlər. Təziyədə qurşağadək soyunmuş mehtərlər də iştirak edirlər. Onların hər iki çiyinlərinə vurduqları yaralardan al qan axır”.
Deməli, Ubeyd xanın döyüşçülərinin üzlərindəki “qırışlar” heç də onların irqi əlamətlərindən biri deyildi. Ola bilsin ki, həmin “qırışlar” bütün türklərin vaxtilə müxtəlif formalarda qeyd etdikləri yuğlama ayininin izləri idi.
Beləliklə, bu nəticəyə gələ bilərik ki, XVI əsrdə yaşamış qızılbaşın xarici görünüşü və fiziki tipi XXI əsrdə yaşayan azərbaycanlının xarici görünüşü və fiziki tipindən heç nə ilə fərqlənmirdi.
Bir sözlə, bugünkü müstəqil Azərbaycan Respublikasının Şuşanı birbaşa hücumla düşmən işğalından azad etmiş xüsusi təyinatlı döyüşçüsü özünün qibtə ediləcək xarici görünüşü, cəsarəti və mənəvi zənginliyi ilə gözlərimiz önündə sanki Səfəvilər dövlətinin şanlı qızılbaşını canlandırır.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
