Mavi gözlər – bəlkə də çoxlarının arzusudur. Xüsusilə son illərin gözəllik simvolu rəngli, əsasən də mavi gözlərdir. Qadınlar yaxşı bilir ki, mavi gözlərlə tətbiq olunan makiyajlar daha gözəgəlimli görünür. Ən çox tələbat da mavi rəngli linzalaradır. Bəs insan necə mavi gözlü olur? Deyəcəksiniz ki, piqmentlərin sayəsində. Doğrudur. Bəs piqmentlərə nə təsir edir?… Hə… bax burda mütəxəssislər qollarını çırmalayıb araşdırma aparıblar.
Belə məlum olub ki, bütün insanlar qəhvəyi gözlü yaranıb. Mavi göz isə HERC2 geninin mutasiyası nəticəsində əmələ gəlib. İlk mavi gözlü insan da 10 min il bundan əvvəl yaşayıb. Daha doğrusu, adam qəhvəyi gözlü doğulub, gözündə gedən iltihabi prosesdən sonra bir müddət görmə çətinliyi yaşayıb, daha sonra isə gözünün rəngi dəyişib. Ekspertlərin sözlərinə görə, zamanla gözün rənginin dəyişməsinə xarici faktorlar da səbəb ola bilər.
Deyirlər insanların hamısı uzaq qohumdurlar, yəni hamımız Adəm və Həvvadan yaranmışıq. Amma mavi gözlü insanlar lap yaxın qohumluq genlərini daşıyırlar. Hətta o da bildirilir ki, mavi gözlü insanlar bir-biri ilə evlənməməlidirlər, çünki bu evlilik insest münasibətlərdən hesab oluna bilər.
Ümumiyyətlə, «gözlər qəlbin aynasıdır” deyərkən atalarımız yanılmayıblar. Gözün rəngi, forması, hətta vərdişi belə sahibinin kimliyindən xəbər verir. Qarşınızdakı insanı tanımaq, onun xarakterinə güzgü tutmaq üçün gözlərə baxmaq kifayətdir, çünki insanın xarici görünüşündə aldada bilməyən, rol oynamağı bacarmayan yalnız gözlərdir. Aşağıdakıları oxuduqdan sonra daha diqqətli olacağınıza əminəm.
Geniş açılmış gözlər — sahibinin başqa insanlara böyük marağından xəbər verir. Ümid və intizardan xəbər verən belə gözlər həm də böyük qorxudan bir əlamətdir. Zarafatı sevən, içkiyə aludəli olan bu adamlarda qara ciyər zəifləyir.
Orta açıq gözlər — dürüstlükdən, açıq danışan adamdan xəbər verir. Heç kəsə bədxahlıq istəməyən və bunu gözləməyən adamlar belə baxır, özgələrini səbrlə dinləyə bilirlər. Ətrafda baş verənlərin ağrı-acısını ağır yaşayırlar. Belə gözlər xeyirxahlığa, həyatsevərliyə əlamətdir.
Yarıqapalı gözlər – ətrafda cərəyan edən hadisələrə biganədir, onlardan yorulur, darıxır. Elə bir rəy yarana bilir ki, həyat belə gözlərin önündən ötüb keçir. Bu həm də daxili qürurdan, mənəmlik duyğularından bir nişanədir.
Bağlı gözlər — Tez-tez gözlərini yumub bir neçə saniyə saxladandan sonra açırsa, belə adamlar kəskin hərəkət edən, son həddədək gedə bilən olur. Adamlardan, dünyadan bəzən tam təcrid olmağı bacarırlar. Belələri düşünür ki, o heç kəsi görmürsə, deməli başqaları da onu sezmir.
Belə deyirlər ki, gözlərin rəngi, ifadəsi də onun şəxsi sandığını açıb tökür.
Qara gözlərin xeyirxah, yumşaq təbiətli sahibi olur. Hətta bu, itaətkarlığa da gətirib çıxara bilər.
Ala gözlər — Ədəb və tərbiyə görmüş adamlarda olur. Onlar hər şeyin yerini bilən, özünü-sözünü bilən, ciddi, səbrli, sədaqətli və həyalı şəxslər kimi tanınırlar.
Mavi gözlər — Fərasət və güclü zəkaya, bəzən də, laqeyidliyə əlamətdir.
Yaşıl gözlər — sahibləri görünüşcə gözəl olur, bununla yanaşı zalımlığı, ilə seçilirlər.
Gözlərin forması da xasiyyətin pərdəarxası tərəflərini göstərir:
Parlaq gözlər — zəkadan xəbər verir, ədəb və tərbiyəni göstərir.
Kiçik gözlər — xəfif təbiətli, içkiyə meyilli, özünübəyənməyə, fəaliyyətə, yorulmazlığa işarədir.
Böyük gözlər — əxlaqlı və zarafatı xoşlamağa, həm də həsəd aparmağa əlamətdir.
Yumru gözlər — qəlbin zəifliyinə, beynin tez yorulmasına, qaraürəkli, qısqanc olmağa göstəricidir.
Tez-tez qırpılan gözlər — uğursuzluğa və ümidsizliyə əlamətdir.
Süzgün gözlər — ürək və ruh ovlamaqdan həzz alan, aşiqə zülm edənlərdə olur.
Qaçağan gözlər — əliəyriliyə, uğursuzluğa, inada, heyvani hisslərə meyl etməyə işarədir.
Gülər gözlər — xeyirxah adamlarda olur.
Qıyqacı baxışlar — öz gücünə güvənməyən, hər hansı vəziyyətdən çıxmağı bacarmayan adamlarda olur.
Çaşqın baxışlar — ətrafdakılarla ünsiyyət yaratma istəyindən xəbər verir. Bu narahat baxışlarda çox vaxt yaranmış vəziyyətin mahiyyətindən xəbər tutmaq istəyi oxunur.
Həyasız baxışlar — ətrafdakılara məhəl qoymayan, öz istəklərini kobud həyasızlıqla söyləyir.