“Heydər Əliyev İli” çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Böyük Qayıdış Ulu Öndər Heydər Əliyev strategiyasının nəticəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Millət vəkili Aqil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zeynalov, Türküstan.az saytının baş redaktoru Aqil Camal, müxtəlif Mərkəzi İcra Hakimiyyəti orqanlarında çalışan Kəlbəcərli gənclər və ali təhsil ocaqlarında oxuyan tələbələr iştirak ediblər.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Böyük qayıdışdan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin Moderatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühim işlərdən, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər, Böyük qayıdışın strategiyası və icrası haqqında söhbət açıb.
Tədbirdə çıxış edən Millət vəkili Aqil Məmmədov qeyd edib ki, tarixdə adı millətinin, ölkəsinin adı ilə bərabər çəkilən böyük şəxsiyyətlər çox deyil. Ümummilli lider Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, adı xalqının, Vətəninin adı ilə qoşa çəkilir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən ulu öndər Heydər Əliyevin məqsədini bu gün onun adı ilə qoşa çəkilən, dahi liderin şah əsəri olan və “dünyaya günəş kimi doğan” Azərbaycan daha aydın və uğurla təcəssüm etdirir. Azərbaycan xalqı əvəzsiz liderinin siyasi kursunu bu gün özünün çoxsaylı səsi, dəstəyi, iradəsi ilə yaşadır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu və ləyaqətli bir siyasi varis olaraq bu siyasi kursu davam etdirməsi Azərbaycanı daha da böyük nailiyyətlərə aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin mənbəyində Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını və bu Zəfər nəticəsində torpaq həsrətinə son qoyulmuş Böyük Qayıdışın sevincini bizlərə yaşatmışdır. Bu Zəfərin müəllifləri Ali Baş Komandan və Azərbaycan əsgəridi, xalqdır! Demək, həm də zəfər Heydər Əliyev irsinə, onun siyasi xəttinə məxsusdur! Millət vəkili bildirib ki, Ölkəmiz üçün yeni quruculuq, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Əminəm ki, Azərbaycan xalqı yenə də birlik, güclü iradə göstərəcək və dağıdılmış şəhər, kəndlərimizin bərpa edilməsində öz birliyini əsirgəməyəcəkdir.
Çıxış edən digər natiqlər vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Böyük Lider Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Onun davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərə imza atdı. Beləliklə, 30 il işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu, hazırda üçrəngli Bayrağımız Qarabağda, Şərqi Zəngəzurda, Ağdərə, Xocalıda, Xankəndində qürurla dalğalanır.