29.10.2024
““Hər bir Türkün iki Vətəni var: biri doğulduğu ölkə, ikincisi Türkiyə!” -əslən Qazax türklərindən olan görkəmli siyasi xadim Mustafa Çokayın Türk birliyinə səsləyən bu fikirləri deyildiyi zamanlarda olduğu kimi, tarixin bütün dönəmləri üçün, eləcə də həm bu gün, həm də sabah üçün eyni dərəcədə aktual səslənir. Türkiyə damarında türk qanı axan hər bir türk övladının doğma yurd yeri və vətənidir.” – bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev öz sosial şəbəkə hesabında yazıb.
“Bu gün dünya miqyasında söz sahibinə çevrilən qardaş Türkiyə böyük sərkərdə Mustafa Kamal Atatürkün və onun məsləkdaşlarının liderliyi ilə qəhrəman türk xalqının yaratdığı şah əsərdir. Cümhuriyyətin 101 illik yubileyi günündə böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını, qanını fəda etmiş türk qəhrəmanlarını hamılıqla ehtiramla yad edirik!” -millət vəkili qeydlərinə əlavə edib.
“Bütün dünya türklüyünü bu əziz Türkiyə günü münasibətilə təbrik edirəm. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Var olsun Türk Dünyası!
Nə yaxşı ki, Türkiyə var.
Hər sal daşı, qayası da
Dəmirləşən böyük diyar!
Nə yaxşı ki, bu dünyada
İstanbul var, Ankara var.
Nə yaxşı ki, köksümüzün
Türk adlanan səngəri var!”
– Cavanşir Feyziyev öz təbriklərini şeirlə çatdırıb.