«BƏƏ ilə münasibətlərimizin inkişaf yolu öz bəhrəsini verir” — Millət vəkili

«

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas prioritetlərindən biri ölkəmizin dünyanın ən müxtəlif qütbləri ilə səmərəli əməkdaşlıq müstəvisində təmsil olunmasını təmin etməkdir. Bu baxımdan, ərəb ölkələri, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimizin inkişaf yolu öz bəhrəsini verib”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, iki ölkənin diplomatik münasibətlərin tarixi Azərbaycanın müstəqillik qazanmasından sonrakı ilk illərə təsadüf edir: “2001-ci ildən Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində səfirliyi fəaliyyət göstərir. Oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri və Prezident tərəfindən qəbul edilməsi münasibətlərimizdə yeni səhifələrdən biri hesab oluna bilər. Qonaqlar Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak ediblər. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirərək gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib”.

A.Məmmədovun sözlərinə görə indiyədək özünün neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan, qarşıdakı dövrdə yaşıl enerji imkanları ilə bu sahədə potensialını daha da artırmaqda iddialıdır: “Cənab İlham Əliyev çıxışında Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu bildirib: «Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir».

Millət vəkili qeyd edib ki, son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması iki ölkə arasında münasibətləri daha da gücləndirəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bu xəbəri paylaşın: