Mən müharibə veteranıyam, marketdə işləyirəm. İş yerimdə mənə bildirirlər ki, müharibə veteranlarına verilən güzəştlə əlaqədar əməkhaqqımdan vergi tutulmasa, pensiya fonduna pul köçürülməyəcək. Bu belədirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.
Həmçinin, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.
“Əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, «İşsizlikdən sığorta haqqında» “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.