Bir ilin ağrısı, yüz ilin itkisi

Onun yoxluğu boşluq deyil, dopdolu beyinlər, qəlblər və gözlər deməkdir…


Özündən sonra qoyub getdiyi üç yadigar övlad, Türkün tarixinə adi üç mükəmməl kitabla yanaşı, minlərlə ürəyə köçürdüyü yurdsevərlik, milli canıyananlıq, Turançılıq kimi ölçüyəgəlməz üçlük – ideya, irs və xəzinədir.


Keçən ilin noyabrında 59 yaşını qeyd etmək üçün dostları başına toplaşmağa qoymayan qazimiz, fədaimiz “gələn il 60 illik yubileyimdə altmış dostumu bir yerə yığacam” deyə söz vermişdi. Onu otuz beş ildən çoxdur tanıyan bəndəniz heç vaxt yalan danışmağının, vədinə xilaf çıxmasının şahidi olmamışdı. Amma bu, onun birinci və sonuncu dəfə verdiyi sözün altından “yayınması” oldu. Ömür karvanının altmışıncı dayanacağına yetişməsinə sədaqətsiz ürək rəva görmədi. İntəhası, bu gün qardaşı, doğmaları, ən yaxın dostları, qazi yoldaşları, ailə üzvləri, bir sözlə Xaqanini sevənlər onun başına toplaşıb 60 illiyini sükutla, ağrı ilə qeyd etdilər…
Sizə Xaqani Ədəb oğlu Rzaquliyevdən bəhs edirəm. Canından çox sevdiyi və sonda yolunda fəda etdiyi Vətəninin çox dəyərli oğlu Xaqanımızdan. Altmış illiyində bizlərə qara mərmərdən baxıb gülümsəyən Xaqanidən danışıram. Axı, bir il əvvəl bizi millətlə, tarixlə, mənəviyyatla bağlı dərin, faydalı və şirin söhbətlərindən yetim qoyub getməyə necə qıydın? Ürəklərində özünə taxt qurduğun insanların gözünü niyə yollarda qoydun? Sən axı bu qədər insafsız deyildin?


Ağrımızın yaşı bir ilə yaxındır, itikimiz isə tonlarla deyil, yüz illərlə ölçüyə gəlməz. Bəli, elə oğulllar yüz ildə bir doğulur.


Müdriklərdən birinin sözüdür: ömrün ən gözəl anı hər şeydən bezdiyiniz və imtina etdiyiniz zaman bizi həyata bağlayan birinin olduğunu düşündüyünüz andır. Bəli, o bizim ərk yerimiz, ümid çırağımız, güvəniləsi ünvanımız və həyata bağlayan böyük İnsan idi.


Bilirəm və əminəm ki, bu gün bizləri birləşdirən, sıralarımızı seyrəlməyə qoymayan, hədəflədiyimiz ünvana yetişdirəcək ruhun sağ və şaddır, Xaqani!
Həsənqalalı

Bu xəbəri paylaşın: