Son günlər cəbhəboyu ərazilərdə baş verən proseslərlə bağlı çoxsaylı xəbər və məlumatlar bir-birini sosial şəbəkələrin Azərbaycan seqmenti boyunca qovalayır… Əvəzləmir, məhz, qovalayır… Bu, həm də əsassız və «düşmən dəyirmanına su tökən» şaiyələrin çoxalmasına, eləcə də Azərbaycan cəmiyyətində çoxsaylı fikir ayrılıqlarının yaranmasına, çaşqınlığın meydana çıxmasına gətirib çıxarır. Ən pisi də odur ki, bu şaiyə və xəbər olmayan «xəbərləri» peşəkarlıqdan dəm vuran bəzi saytlar da tirajlamaqdan utanmırlar…
Hesab edirəm ki, hazırkı dövrdə həmkarlarım arasında heç kim mənim qədər cəbhə bölgəsində sırf hərbi və hərbi yönümlü xəbərlərlə işləməyib… Ən birincisi ona görə ki, mən jurnalistikaya elə hərbidən gəlmişəm. Hərbi xidmətimi başa vurub bu sahənin «şəyirdləri»nin sırasına qoşulmuşam… tam 22 ildir ki, yaradıcılığımın 75 faizindən çoxu hərbiyə və hərbi sahə ilə əlaqəli mövzulara həsr edilib. Bunun tam 20 ili boyunca cəbhə bölgəsində (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Tərtər və Goranboy) Azadlıq radiosunu, Lider TV-ni, APA İnformasiya Agentliyini, Azərbaycan Dövlət Televizyasını təmsil etmişəm. Adlarından da göründüyü kimi, çalışdığım media qurumlarının hər biri yetərincə ciddi statusa malik olub.
Keçək əsas məsələyə…
1991, 1992, 1993-ü ilin ortalarına qədər müharibəni, rayonunda ağır döyüşlər gedən bir yeniyetmə kimi izləmişəm. 1994-cü ilin yanvarından 1995-ci ilin may ayına qədər Ağdam və Tərtər rayonlarında, 1997-ci ilin mayından 1998-ci ilin aprelinə qədər isə Gədəbəydə xidmətdə olmuşam. 1998-ci ilin oktyabr ayından isə «Gənclik» qəzetində jurnalistikanı öyrənməyə başlamışam.
1999-cu ildən cəbhə bölgələrində olur, xəbərlər hazırlayır, torpaqlarımız uğrunda canını-qanı əsirgəməyən soydaşlarımızla bağı məqalələr yazmışam.
Bütün bunları ona görə yazdım ki, bundan sonra yazacaqlarımı dəyərli oxucum mənim «biləndər»liyim kimi qəbul eləməsin…
Azərbaycan cəmiyyəti bu 30 ildə heç bir halda informasiya müharibəsinə hazırlanmayıb. Bunu heç kim inkar edə bilməz. Bu gün də Azərbaycan cəmiyyəti düşmən bazarına sərf eləyən şaiyələrin, dezinformasiyaların qurbanına çevrilir və nə yazıqlar olsun ki, aidiyyatlı qurumlar bu neqativ faktın aradan qaldırılmasında hələ də acizdir. Ümumiyyətlə, tam məsuliyyətlə deyirəm ki, əksər dövlət qurumlarının informasiya siyasəti çürük səviyyədədir. Daha doğrusu, bu siyasəti həyata keçirəcək vəzifəli şəxslərin hamısı «başının milçəyini qorumaq»la, yaxud da «yuxarılar»ın istəyinə uyğun xəbər tirajlamaqla məşğuldur.
Azərbaycan cəmiyyəti bu 30 ildə hələ də elə bilir ki, müharibə təkcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin problemidir.
Azərbaycan cəmiyyətində bu 30 ildə düşmənin və yad qüvvələrin Azərbaycana qarşı apardığı informasiya müharibəsinə cavab verə bilmək üçün samballı, hər bir vətəndaşın güvənəcəyi, istinad edəcəyi peşəkar hərbi yönümlü bir dənə olsa da media qurumu (Son illər fəaliyyətə başlayan Ordu.az saytını misal gətirəcək dostlara deyə bilərəm ki, bu sayt istisnadır və bu kollektivin zəhmətini danmaq kimi fikrim də yoxdur. Amma təbii ki, Ordu.az təkbaşına Ermənistanın və erməni lobbisinin böyük informasiya müharibəsi institutlarına qarşı vuruşmaq gücündə deyil. Yəni bu qədər yükü yalnız bir analitik saytın üzərinə də qoymaq ədalətsizlik olardı) formalaşdırılmayıb.
30 ildir müharibə şəraitində yaşayan Azərbaycanda hərbi təyinatlı, müstəqil televiziya kanalı mövcud deyil.
1988-ci ildən bu yana könüllü özünümüdafiə dəstələri də daxil olmaqla 1991-ci ildə yaradılan müasir Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında qəhrəmanlıq göstərən minlərlə soydaşımızın olmasına rəğmən, Azərbaycanda bir dənə də olsa, qəhrəmanlıq bədii filmi çəkilməyib. Layihə şəklində lentə alınan məhsulların hamısı isə kustar üsulla ərsəyə gətirilib, adi bir kinoteatr səviyyəsində də uğur qazana bilməyib. Bu məhsulların böyük əksəriyyəti isə ədəbi-bədii pafosdan başqa bir şey deyil.
Azərbaycan televiziyalarında mövcud olan hərbi verilişlərin tamaşaçını müharibəyə hazırlamaq imkanı isə sıfıra bərabərdir.
Azərbaycanda xidmətdə və istefada olan zabitləri özündə birləşdirən elmi-siyasi, hərbi-analitik mərkəz yoxdur.
Azərbaycanda az ya çox ictimai çəkiyə malik, sosial şəbəkələrdə öz oxucu auditoriyası olan istefada və yaxud təqaüddəki zabitlərin hamısı qruplaşmalara daxildir, ya da əksinə öz-özlərini qütbləşdirərək ümumi mənafedən çıxış etmək üçün təkbaşına çaba göstərirlər.
Azərbaycanda müharibədən yazan KİV-lərin hər birinin, yaxud qruplaşmış redaksiyaların öz «ekspertləri» var. Bəzən şəxsi münasibətləri yetərincə normal olan bu ekspertlərin-istefada olan zabitlərin KİV də «atışması»nın az şahidi olmuruq.
Hansısa bir sayt və ya informasiya resursu müharibəyə dair hardansa əldə etdiyi çiy xəbəri yayan kimi, bütün digər saytlar, portlallar, sosial şəbəkədəki xəbər qrupları zəncirvari istinadla həmin dezinformasiyanı tirajlayırlar. Heç bir kütləvi informasiya vasitəsi adiyyatlı qurumları cəmiyyətə tam, dolğun və əhatəli informasiya verməyə vadar edə bilmir.
Bütün bunlardan əlavə sadalaya biləcəyimiz çoxsaylı incə məqamlar var ki, hamısı boşluqlardan ibarətdir deyə, düşmənin təbliğat-təşviqat, dezinformasiya maşını bizim cəmiyyətimizdə rahatlıqla və effektiv şəkildə işləyə bilir.
Son günlər cəbhə kəndlərinin boşaldılması ilə bağlı yayılan şaiyələrə yerli icra hakimiyyətləri səviyyəsində də olsa, münasibət bildirilmədi. Hansı ki, bu tip xəbərlərin yayıldığı rayonların rəhbərləri, vəzifəli şəxsləri dərhal sözügedən kəndlərdə görüşlər keçirməli, bu tədbirlər isə KİV-lərdə işıqlandırılmalı idi… Həmçinin, bütün bu kimi hallar həmişə cavabsız qalır və nəticədə qorxulu, sarsıdıcı şaiyələrin bütün ölkəni bürüməsinə yol açır….
Bir sözlə… Düşmənlə informasiya müharibəsini bu ölkədə adlarını çəkmədiyim və sayları 10 nəfəri ötməyən jurnalist və blogerlər aparır. Ekstermal hallarda isə, həmin informasiya döyüşçüləri cəbhə kəndlərinə buraxılmır… Ən azından, cəbhə kəndlərində yaşayanların da səslərini dünyaya çatdırmaq… problemlərindən danışmaq, ölkəni bürüyən şaiyələrə onların da münasibət bildirmək hüququ var.. Qeyd edim ki, 2014-cü ilin oktyabr ayına qədər cəbhə kəndlərində KİV-lərin fəaliyyəti mümkün idi… Bu isə şaiyələrlə doğru xəbərin arasındakı fərqi müəyyən etmək üçün cəmiyyətə çox köməklik göstərirdi…

Hərbi jurnalist Teymur Zahidoğlu
