Qanunsuz məskunlaşma — QUBADLI

Qarabağın Zəngəzur mahalında Qubadlının öz yeri və mövqeyi olub. Öncə xatırladaq ki, hazırda Qarabağ danışıqları Madrid prinsipləri adlı təkliflər əsasında aparılır. 2007-ci il noyabrın 29-da Rusiya, Fransa, ABŞ-ın Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdiyi təkliflər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.

Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət, 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.

Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi.

Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı…

1993-cü il hesabatına görə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaq, oxu zalı, 21300 oxucu kontingenti olmuşdur.

Ermənilər Qubadlı rayonunu Sanasar adlandırır və Kovsakan adlandırdıqları Zəngilanla birgə Kaşataq bölgəsi kimi təqdim edirlər. Bu rayonda da aktiv məskunlaşma aparmağa çalışırlar. Xüsusən də Xanlıq kəndində bu işə ciddi diqqət yetirilir. Çünki bu kəndin ərazilərində yabanı şəkildə bitən narkotik bitkinin dünyada analoqu yoxdur. Xatırladaq ki, bu qadağan olmuş fəaliyyətlə rusiyalı Sterliqov da məşğuldur. Paketlənmiş narkotiklər Rusiya və Avropaya daşınır…

Qanunsuz məskunlaşma aparan düşmənlərimiz barədə ölkə rəhbəri İlham Əliyevin fikirlərini bir daha diqqətinizə çatdırıram: «İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın.»

Hazırladı: Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: