Bu gün Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsini təsdiqlədi. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.
Məsələ ilə bağlı Fedai.az-a danışan Ağdərə rayonunun Xatınbəyli kənd sakini, Qarabağ müharibəsi qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin hiss və düşüncələrini oxucularımızın diqqətinə çatdırıq.
Rzaquliyev bildirir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliyi və zərgər dəqiqliyi nəticəsində apardığı hərbi tədbirlər Azərbaycan xalqının nəinki bu gününə, gələcəyinin çiçəklənməsinə də böyük bir töhfədir. Sonuncu 24 saat ərzində işğalçıların ağ bayraq qaldırıb təslim olması isə ölkə başçısının ordu quruculuğu istiqamətində gördüyü işlərin və şəxsi heyətin peşəkarlığının nəticəsidir. Bəli Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunması ilə qəddimiz dikəldi. Bizi bir xalq olaraq sevindirdi. İndi isə ağdərəlilər 2-ci ən böyük arzularına çatırlar.
13 oktyabr 1992-ci il Nazirlər Sovetinin 327 saylı qərarı ilə Ağdərə rayonu ləğv edilib, ərazisinin bir hissəsi Kəlbəcər, bir hissəsi Ağdam, bir hissəsi isə Tərtər rayonlarına verildi. Bu səhv addım idi. 1992-ci ildə Ağdərə rayonunun ləğv edilməsi barədə qərar Ağdərə camaatına qarşı aparılan haqsız siyasət idi. Mən, qardaşım Qarabağ qazisi, mərhum jurnalist Xəqani Ədəboğlu, Ağdərə rayonun diğər ziyalıları dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etdik, qəbullarda olduq ki, Ağdərənin yenidən bərpasına nail olaq. Bir sözlə, Ağdərə rayonunun ləğvi ağdərəlilərə ə qarşı haqsızlıq oldu.

Təsəvvür edin ki, Şuşadan sonra DQMV-nin ən çox azərbaycanlılar yaşayan yaşayış məntəqəsi Ağdərə idi.
İndi ailəlikcə, ellikcə sevincimizin həddi -hüdudu yoxdur. Parçalanaq müxtəlif rayonların ərazisinə verilmiş kəndlər yenə də Ağdərə adı altında toplanacaq. Pərən-pərən olmuş ellərimiz öz yurduna ağdərəli kimi dönəcək. Bundan gözəl sevinc, bundan gözəl hisslər varmı?Yaşadığım bütün sevinc, qürur hissinə görə, isə Müzəffər Ali Baş Komandana və Azərbaycanın Müzəffər Ordusuna minnətdaram».
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, rayonun Ballıqaya, Bəşirlər, Xatınbəyli, Qaraşlar, Qazançı, Məlikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri Ağdam rayonunun, Bazarkənd, Çərəkdar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Çormanlı, Gazarahox, Dəvədaşı, Dovşanlı, Heyvalı, Həsənriz, Xanqutala, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Kərəmli, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar, Şahmansurlu, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ, Vəngli, Yayıcı, Yuxarı Oratağ kəndləri Kəlbəcər rayonunun, Ağdərə şəhəri, Ağabəyyalı, Aşağı Çaylı, Aşağı Oratağ, Çardaqlı, Çaylı, Çıraqlı, Çiləbürt, Dəmirli, Dəstəgül, Göyarx, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Lüləsaz, Meqrelalay, Ortakənd, Seysulan, Suqovuşan, Talış, Təpəkənd, Ulu Qarabəy, Şıxarx, Umudlu, Zəylik, Maralyansarov, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Gülyataq, Yarımca kəndləri isə Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Əntiqə Rəşid (Adalet.az)
