Ermənilər tərəfindən Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ermənilər 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb: “1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Erməni daşnakları tərəfindən bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər məhv qətlə yetirilib”.
Deputat deyib ki, 1948-1953-cü illər sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər: “Nəticədə azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan tarixi ata-baba torpaqlarından deportasiyası həyata keçirilib. 1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaranıb. Erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmaq üçün çirkin əməllərə əl atıblar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fıziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilib. Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər xocalı sakini erməni cəlladları tərəfindən amansızcasına qətlə yetirilib. Azərbaycan xalqına qarşı bu qanlı soyqırım aktlarından göründüyü kimi ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər”.
Aqil Məmmədov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə tarixi ədaləti bərpa etdiyini şəhidlərimizin qanını yerdə qoymadığını bildirib: “Xankəndidə, ermənilərin soyqırım həyata keçirdikləri, günahsız azərbaycanlıları amansızcasına qətlə yetirdikləri Xocalıda bu gün şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Xalqımıza qarşı amansızlıq, qəddarlıq edənlərin bir qismi döyüş meydanında layiq olduğu cavabı aldı. Digər bir qismi isə hazırda Azərbaycan qanunları qarşısında cavab verir. Vətən müharibəsindəki tarixi qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Xalqımız tarixən başına gətirilən bütün müsibətləri sözsüz ki, unutmur. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələrə obyektiv qiymət vermə çağırır”.