200 il öncə Çar I Pyotrun Qafqazı və Xəzəryanı əraziləri Rusiya imperiyasına qatmaq cəhdləri 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. I Pyotr Rusiya ordusuna şiddətli müqavimət göstərən müsəlmanlardan ibarət yerli əhalini işğal altında saxlamağın çətin olacağını anlayırdı.
Ona görə də bu ərazilərdə möhkəmlənmək üçün Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini qərara aldı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasət Rusiya imperiyasının sonrakı çarları tərəfindən də davam etdirildi. Məhz bu məqsədlə 1768-ci ildə II Ekaterina “ermənilərin himayə edilməsi” barədə əmr imzalamışdı. 1802-ci ildə isə çar I Aleksandr H.D.Sisianova ünvanladığı məktubunda yazırdı: “Nə olur-olsun ermənilər Azərbaycanın … bu və ya digər xanlıqlarında istifadə olunmalıdır”.
O zamanlara qədər dövlətçiliyi olmayan ermənilər isə öz dövlətlərini yaratmaq üçün Qafqazda imperiya siyasətinin həyata keçirilməsində Rusiyaya xidmət göstərmyə hazır idilər.
XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813 və 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına – şimalın Rusiyanın, cənubun isə İranın idarəçiliyinə keçməsi ilə nəticələndi.
Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Hikolay 21 mart 1828-ci ildə İrəvan və Haxçıvan xanlıqlarının ərazisində “Erməni əyaləti”nin yaradılması haqqında əmr imzalamışdı. Bu əmrə əsasən o zaman 7,331 azərbaycanlının və 2,369 erməninin yaşadığı İrəvan şəhəri “Erməni əyaləti”nin tərkibinə daxil edilmişdi. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İran ərazisindən ermənilərin İrəvan, Qarabağ və Haxçıvana kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edildilər. 1828-1829 -cu və 1877-1878-ci illərdə Türkiyə ilə aparılan müharibələrin sonunda da eyni proseslər baş vermişdi. Yalnız 1829-1830-cu illər ərzində Haxçıvan, Qarabağ və İrəvan ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 min 600 erməni köçürülüb yerləşdirildi.
Bütün bunlar sonrakı iki əsr ərzində Azərbaycan xalqının tarixində bir sıra faciəvi hadisələrə yol açdı.
Artıq XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri hesabına “Böyük Ermənistan” xülyasına aludə olmuşdular. Məhz elə o zamanlar ermənilər Qafqazın yerli əhalisi ilə mübarizə aparmaq üçün ilk növbədə xaricdə gizli təşkilatlar yaratmağa başlamışdılar. 1887-ci ildə Cenevrədə yaradılmış “Qnçaq” və 1890-cı ildə Tiflisdə yaradılmış “Daşnaksütyun” partiyaları, 1895-ci ildə isə Nyu-Yorkda yaradılmış “Erməni vətənpərvərlər ittifaqı” kimi təşkilatların məqsədləri məhz “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsindən ibarət idi. Onlar bu məqsədlə vəsait toplayır, silah-sursat ehtiyatı yığır və Qafqazda yerləşdirilmiş erməniləri hərəkətə gətirmək üçün əlverişli hərbi-siyasi şəraitin yetişməsini gözləyirdilər.
Ermənilər üçün ilk belə fürsət 1905-1907 illərdə yarandı. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Haxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıları öz ata-baba torpaqlarından qovub çıxardılar. İrəvan və Gəncə quberniyalarında azərbaycanlıların yaşadığı 200 kənd, Şuşa, Cəbrayıl və Zəngəzur ərazisində isə 75 kənd ermənilər tərəfindən talan edildi. Bu hadisələrin təsviri M.S.Ordubadinin “Qanlı illər” və M.M.Həvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. Sonrakı illərdə də Rusiya imperiyası tərəfindən ərazinin erməniləşdirilməsi siyasəti gizli şəkildə davam etdirilirdi.
Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış inqilabi vəziyyət ermənilərə öz məqsədlərini həyata keçirmək üçün yeni fürsət yaratmışdı. 1917-ci ildə baş vermiş fevral və oktyabr inqialablarından sonra ermənilər artıq bolşevizm bayrağı altında öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdilər. Moskvadan göndərilmiş Stepan Şaumyanın başçılığı altında fəaliyyət göstərən Bakı kommunası 1918-ci ildə “əksinqilabi elementlərlə mübarizə” şüarı altında azərbaycanlılara qarşı soyqırımına başladı. 1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi.
Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən kütləvi qırğınlar tezliklə daha böyük əraziyə yayıldı. 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdular. Bu təkcə azərbaycanlılara qarşı yox, Azərbaycan ərazisində yaşayan bütün millətlərə qarşı yönəlmiş soyqırımı hadisəsi idi. 1918-ci ilin mart-aprel aylarında on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qətlə yetirilmiş, xalqımıza məxsus tarixi-mədəni abidələr, məktəblər, xəstəxanalar və məscidlər dağıdılmışdı. 1918-ci ilin 30 mart – 3 aprel qırğınları o zamanadək Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciələrdən biri idi, lakin sonuncu deyildi. Onlar sovet dövründə də xalqımıza qarşı etnik təmizləmə və deportasiya siyasətini davam etdirmişdilər. Sovet işğalından sonrakı ilk onillik ərzində Zəngəzur, Dərələyəz və Göyçə mahalının Azərbaycandan qoparılaraq ermənilərə verilməsi, 1920-1930-cu illərdə və 1948-1953-cü illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyaya məruz qoyulması da çar Rusiyası tərəfindən aparılan Qafqazın erməniləşdirilməsi siyasətinin bolşevik Rusiyası tərəfindən davam etdirildiyini göstərir.
1980-ci illərdə SSRİ-nin süqutu ərəfəsində erməni millətçiliyi yeni vüsət aldı. 1988-ci ildə “Miatsum” şüarı ilə Xankəndi şəhərinin mərkəzi meydanında başlayan erməni hərakatı növbəti dəfə bir milyona yaxın azərbaycanlının öz tarixi yaşayış məskənlərindən qovulub çıxarılması və qanuni ərazilərimizin 20 %-nin işğalı ilə nəticələndi. Yenə də imperialist qüvvələrin maraqlarına xidmət edən ermənilər həmin illərdə yaranmış yeni geo-siyasi şəraitdən yararlanmaqla növbəti dəfə “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə cəhd etdilər. Lakin ermənilərin bu dəfəki cəhdi Böyük Ermənistan ideyasının birdəfəlik məhvi ilə nəticələndi. Torpaqlarımızın 20 %-ni 30 ilə yaxın müddət ərzində işğal altında saxlaya bilsələr də öz çirkin niyyətlərinə çata bilmədilər. 2020-ci ilin Vətən müharibəsi 200 illik “erməni arzusunu” 2-ci Qarabağ savaşının alovları içərisində yandırıb külə çevirdi. Tarixi ədalət bərpa olundu. Torpaqlarımız işğaldan azad olundu və 30 illik işğal dövründə Azərbaycana vurulmuş zərərin ödənilməsi üçün Ermənistana qarşı beynəlxalq məhkəmə iddiası hazırlanır. Döyüş meydanında faciəvi məğlubiyyətdən sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə cürət edə bilməz. Lakin son iki əsr ərzində ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş bütün cinayətlər, o cümlədən soyqırımı cinayətləri heç zaman unudulmamalıdır.
Məhz bu məqsədlə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmış və 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri hərtərəfli tədqiqatlara cəlb olunur və bu bəşəri cinayətlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hüquqi və diplomatik addımlar atılmaqla geniş fəaliyyət göstərilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində yaradılmış “Soyqırımı memorial kompleksi“ 2013-cü il sentyabrın 18-də açılmışdır. 1992-ci ilin 26 fevral tarixində ermənilər tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı dünyanın 10-dan artıq ölkəsində insanlığa qarşı cinayət və ya müharibə cinayəti kimi tanınmışdır. Bu gün də işğaldan azad olunmuş ərazilərimizdə kütləvi qətllərə məruz qalmış soydaşlarımızın qalıqları tapılır. İşğal dövründə ermənilər tərəfindən yurd yerlərimizə və soydaşlarımıza qarşı törədilmiş vandalizm və soyqırımı hadisələri bütün təfərrüatları ilə öyrəniləcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı