Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrə münasibət bildirənlərin sayı artmaqdadır.

TÜRKİYƏ. Bir daha dünyanın gözü qarşısında Azərbaycanın haqlı tərəf olduğu göründü və sübut olundu.
Bu sözləri AZƏRTAC-ın müxbirinə açıqlamasında Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek deyib.
O deyib: “İşğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağ, eləcə də Xocalı və Azərbaycanın digər bölgələrində soyqırımların törədildiyi dünya miqyasında öz təsdiqini tapmışkən Ermənistan liderinin yeganə sığınacaq yeri özləri tərəfindən uydurulan yalanlardır.
Məhz bu səbəbdən Nikol Paşinyanın İlham Əliyevin qarşısına çıxması cəsarətdir. N.Paşinyanın tarixdən xəbəri belə olmayan biri kimi tarixi təhrif etməyə çalışması, hətta Qarabağın Azərbaycan torpağı hesab edilməsində Stalin, Lenin və Atatürkü günahlandırması ağılsızlıqdan başqa bir şey deyil.
Qarabağ əsirlər boyu bir türk yurdu olub. O bölgədəki tarixi abidələrə, heykəllərə, qəbirlərə və qayaların üstündəki yazılara baxdıqda Qarabağın hər guşəsinin türk əsərləri ilə dolu olduğunu görməmək mümkün deyil.

TÜRKİYƏ. “Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər. Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım”.
Bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.
M. Mənsimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentlər, həm də beynəlxalq hüquq baxımından Paşinyanı diz çökdürüb: “Paşinyan məcbur edildi ki, o, bir tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin. Üçüncü məqamı xüsusilə vurğulamaq istərdim. Paşinyan, sadəcə, küçə gədası kimi ağzına gələni danışırdı. Azərbaycan və Ermənistan rəhbərlərinin 2007-ci ildə Soçi görüşü yadıma düşdü. Prezident Putin bağlı qapılar arxasında tərəflərə müraciət edəndə ki, savaşmayın, çəkişməyin, Prezident İlham Əliyev çox gözəl tərzdə təxminən belə cavab vermişdi: “Çəki dərəcələrimiz fərqlidir. Mən onu bir dəfə vursam, palçıq olub divara yapışar, başqa planetə uçar.” O vaxt İlham Əliyevdən bunu soruşanda, o təsdiqlədi ki, belə bir hadisə olub. Mən bundan qürur duydum, hətta buna görə cənab Əliyevə öz minnətdarlığımı da bildirdim. Və dünən Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. Azərbaycanın dövlət başçısı onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah, 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim zəfər ilimiz olacaq. Mən buna əminəm”.

TÜRKİYƏ. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana tarixi, siyasi, əxlaqi və diplomatik dərs keçdi. Sanki cənab Əliyev müəllim, Paşinyan isə şagird idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, dünya bir daha Azərbaycan prezidentinin sənədlər və arqumentlərə əsaslanaraq tarixdən danışdığını gördü, Paşinyan isə əvvəlki yalanları təkrarlayırdı.
Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyəti qarşısında açıq müzakirəyə çıxarmaqla, Azərbaycanın xarici siyasətinə yenilik gətirdi: “İlk müzakirədə Prezident İlham Əliyev konstruktivliyini və məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olduğunu açıq göstərdi və Ermənistanın hökumət başçısını dalana dirədi. Qarşı tərəfin səsləndirdiyi ziddiyyətli ifadələr, yalan dolu “tarix” danışması və müasir dünyanın gözü qarşısında törətdikləri cinayətləri ört-basdır etmə cəhdi, işğal altındakı 7 rayondan, bir milyondan çox məcburi köçkün və qaçqınlar barədə danışmaq istəməməsi ilə özünü doğrulda bilməzdi. Çünki o, tarixi faktlar, dərin mühakimələr və beynəlxalq hüququn müəyyən etdiyi gerçəkliklə rlə üz-üzə qalmışdı”.
***
ABŞ. Amerikalı-israilli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.
Bunu professor “Twitter”səhifəsində yazıb.
“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında «Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir» deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, — B.Şaffer bildirib.
Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir.
Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş “Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin formalaşması» kitabının müəllifidir.
***
RUSİYA. Azərbaycan və Ermənistan spikerlərinin tam fərqli düşüncə tərzi Qarabağ məsələsinin həlli yollunun qaranlıqdan çıxmasını qəlizləşdirir. Bir tərəfdən biz və bütün dünya Azərbaycan prezidentinin məntiqli və dəqiq mövqeyini, o biri tərəfdən isə Ermənistan baş nazirinin populist və cəfəng, heç bir intellekt çərçivələrinə sıxmayan çıxışını gördük.
Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyev və Nikol Paşinyanın Münhendəki debatını şərh edən məşhur rusiyalı politoloq İqor Korotçenko deyib. Onun sözlərinə görə, bunun adı Paşinyanın çıxışının adı demoqogiya və mövqesizlikdir.
“Nikol hər yerdə özünü piar etməklə məşğuldur. Amma o bilməlidir ki, bu, kənardan sezilir, xüsusən də bu tip mötəbər tədbirlərdə bu tip hərəkətlər gülünc görünür. O, dünya ictimayətinin gözünə toz üfürməyə çalışırdı”, — deyə Korotçenko qeyd edib.
O əlavə edib ki, İlham Əliyev Paşinyandan fərqli olaraq, özünü dünya mediası önündə əsl diplomat və orator kimi yenidən göstərə bildi:
“Burada qeyri-adi bir şey də yoxdur. Əliyev təhsilini Moskvanın ən nüfuzlu ali məktəblərindən birində — Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. O, ingilis dilini səlis bilir. Nikol onunla danışanda özü də utanır. İlham Əliyev beynəlxalq diplomatiya, müasir tarix biliklərinə malik olduğunu, dəqiq və sistematik arqumentlərlə çıxış etməyi yüksək səviyyədə bacardığını sübut etdi. Təsadüfü deyil ki, onun çıxışına baxan azərbaycanlılar fəxr edir, ermənilər isə öz liderlərinə görə utanc hissi keçirdiklərini gizlətmirlər. Paşinyan öz karyerasını küçədə düzənləyib. Onun başı bu saat ancaq öz kreslosundan bərk-bərk yapışmaga, bu yolda qarşısına çıxanlara qarşı İrəvanda cinayət işi açmağa qarışıb. Ermənistanda ağalıq edən Nikol ölkədən kənara çıxan kimi başaşağı olur”.
“Əliyev bu dəfə də Paşinyanı əzə bildi və bunun şahidi milyonlar oldu. İlham Əliyev bu qalibiyyətlə Münhen konfransı iştirakçılarının rəğbətini qazandı”, — deyə rusiyalı ekspert qeyd edib.

ERMƏNİSTAN. “Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində Paşinyan və Əliyevin debatının şahidi olduq. Əvvəlcə, psixoloji hazırlığa və “bədən dili”nə toxunacağam. Əliyevin davranışı, duruşu, Paşinyana vaxtaşırı ironik gülümsəməsi, bəzən açıq gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi”.
Bu barədə politoloq Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.
O, Paşinyanın bu debatda məğlub tərəf olduğunu etiraf edib:
“Hətta Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Paşinyanın çıxışına güldü ki, bu da dövlətimizin başçısına, dolayısı ilə dövlətimizə hörmətsiz münasibətdir. Bunun günahkarı Paşinyandadır. Əgər açıq görüşdə bu mənzərə yaşanırsa, görün, pərdə arxasında nələr olur. Qapalı görüşlərdə kimin necə davrandığı, kimin diktə etdiyi və kimin uduzduğu məlum oldu”.
Politoloq qeyd edib ki, debatdan rəsmi Bakının Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyü, Şuşa və digər yaşayış məntəqələrini azərbaycanlılara qaytarmaq istədiyi məlumdur:
“Əliyev bütün bunlara mərhələli şəkildə nail olmağa razıdır: azad edilmiş əraziləri geri qaytarmaq, qaçqın və məcburi köçkünləri torpaqlarına köçürmək və s.
Əliyevin “Şahin” görünüşü fonunda Paşinyan Qərbin gözündə xal toplamaq üçün “Sülh göyərçini” kimi çıxış etməyə çalışır, amma bu, xüsusilə Münhendə mənasız və təhlükəli bir fəaliyyətdir”.
“Paşinyan beynəlxalq auditoriya qarşısında belə bir ehtiyat və görüntü ilə danışaraq, bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür! Çox!”, — deyə politoloq qeyd edib.

***
“Münhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi”.
Bu barədə Ermənistanın keçmiş Müdafiə naziri Artak Zakaryan öz “Facebook” hesabında yazıb.
O, Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib:
“Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər — bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı.
Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”.
Keçmiş nazir hesab edir ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib:
“Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”

***
N.Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.
A.Turcottenin fikrincə, N. Paşinyan Münhendəki diskusiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi «zorakılığa” diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər «yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçısı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında «bu tarixi faktı” unutması yolverilməz və bağışlanılmazdır.
Paşinyanın Azərbaycan prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte, Ermənistan baş naziri haqqında «ayıb olsun” ifadəsini işlədib.
Fedai.az AQ
