Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın ilk döyüşçü jurnalisti mərhum Xaqani Ədəboğlunun 61 illiyidir.
Biz, «aramızda olsa idi» ifadəsini işlətməyəcəyik. Çünki Xaqani Ədəboğlu hələ də aramızdadır, qəlbimizdədir və onun fədakarlığı, cəsur qələmi ilə yazdığı hər sətir milli yaddaşımızda yaşayır. Onun irsi gənc nəsil üçün vətənpərvərlik məktəbidir, bizə həqiqəti müdafiə etməyi, xalqımızın səsini duyurmağı və Azərbaycan uğrunda mübarizəni heç bir şəraitdə dayandırmamağı öyrədir. Ədəboğlunun ruhu hər zaman bizimlədir, vətən uğrunda göstərdiyi xidmətlər və qələminin gücü ilə hər birimiz üçün unudulmaz bir örnək olaraq qalır. Böyük Ustadın Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat xidmətinin qurulmasında və faəliyyətində çox böyük xidmətləri olmuş və özünəməxsus cəsarətli dəsti-xətti ilə seçilən hərbi jurnalistika məktəbinin əsasını qoymuşdur. Bununla bağlı bəndənizin «Ədəboğlu məktəbi» məqaləsində bəhs edilmişdir.
Rzaquliyev Xaqani Ədəb oğlu 1963-cü ilin noyabr ayının 9-da Ağdərə rayonunun Xatınbəyli kəndində zəhmətkeş ailədə anadan olmuşdur. O, 1980-cı ildə Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbini, 1982-ci ildə Şuşa şəhər Pedoqoji Texnikomunu bitirmişdir. Xaqani Rzaquliyev 1982-1984-cü İllərdə Sovet Ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissəsində mühəndis-istehkamçı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra Xaqani Ədəboğlu ixtisasına uyğun müxtəlif vəzifələrdə çalışmış, Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbində hərbi rəhbər, Gəncxana qəsəbəsində məktəb direktoru, «Gənclik» jurnalının müxbiri, daha sonra şöbə müdiri vəzifələrində fəaliyyət göstərmişdir. Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının ilk sədri olmuşdur. Uzun müddət AVMVİB-in Mətubat xidmətinin rəhbəri vəzifəsini məsuliyyət və şərəflə yerinə yetirmişdir.
1993-i ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini əyani təhsilalma formasında bitirmişdir. Müharibə başlayan dövrdə isə təhsilini yarıda qoyaraq cəbhəyə yollanan Xaqani müəllim 1992 -ci ilin mart ayının 12-də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanmışdır. O, Azərbaycanın ilk döyüşçü jurnalistidir. Ürəyi daim Vətən eşqi ilə döyünən Ədəboğlu ictimai fəal kimi «Fədai» və «Veteran» qəzetlərinin ilk yaradıcılarındandır. Onun publisistik məqalələri ədəbi əsərlərinin əsasnı təşkil edir. Xaqani Ədəboğlunun «Türkçülükdə «səlcuqlu» xəstəliyi», «Unudulmuş Turanın çöl çiçəkləri» və.s kitabların müəllifidir.
Dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan calışan Xaqani Rzaquliyev 44 günlük Vətən Müharibəsi və ondan sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə ıştirakcılarmızın, döyüş bölgələrində hərbi qulluqçularmızın yanında olmusdur. Qələmi və öz mənəvi dünyası ilə onların cəmiyyətdə adaptasiya olunmasına çalışır. Xaqani Rzaquliyev təbiətcə sakit, təmkinli, diqqətli və xoş rəftar bir insan olmaqla yüzlərlə insanın xeyirxahı olmuşdur.
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə daxil olan Vətən fədailəri, Xaqani Ədəboğlunun işığı ətrafında bir daha cəm olacaqlar. Onun təmənnasız xidmətləri, vətənpərvər ruhu və yorulmaz mübarizəsi həmkarları üçün həm dəyərli bir miras, həm də ilham mənbəyidir. Ədəboğlunun işıq saçan irsi ətrafında toplaşan bu fədailər, onun ideallarına sadiq qalaraq, Azərbaycanın gələcəyinə, sarsılmaz müstəqilliyinə və ərazi bütövlüyünə töhfə verməyə davam edəcəklər. Bu gün bir daha onun ruhuna ehtiram göstərəcək, onun əziz xatirəsini yaşadaraq, həm birliyimizi, həm də mübarizəmizi əbədi möhkəmləndirəcəklər.
Cənnətdəki Mövludun mübarək olsun, böyük Ustad!
AVMVİB Mətbuat xidməti