Bakıda “Rus evi”nin bağlanması yeni reallıqlar fonunda

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

Bakıda “Rus evi”nin bağlanması Azərbaycan-Rusiya münasibətləri və regiondakı geosiyasi dinamika baxımından mühüm hadisədir. Bu qərarın əhəmiyyətini bir neçə aspektdə qiymətləndirmək olar: 1) Azərbaycanın suverenliyi və milli maraqları dövlət siyasətinin əsas prioritetlərindən biridir. 2) “Rus evi”nin fəaliyyəti təkcə mədəni-maarifçilik missiyası ilə məhdudlaşmır, eyni zamanda Rusiya Federasiyasının “yumşaq güc” siyasətinin bir aləti kimi çıxış edirdi. Ona görə də, onun bağlanması həm də Azərbaycanın informasiya məkanında və ictimai rəyində xarici təsirlərin məhdudlaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, Rusiya uzun illər postsovet məkanında öz təsirini qoruyub saxlamağa çalışıb. Lakin Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası, xüsusilə də Qərb və Türkiyə ilə əməkdaşlığın güclənməsi fonunda, Rusiyanın bu cür təsir mexanizmlərinə ehtiyatla yanaşması gözlənilən idi. “Rus evi”nin bağlanması Azərbaycanın bu istiqamətdə daha qətiyyətli addımlar atmağa hazır olduğunu göstərə bilər.

Hesab edirəm ki, Bakıda “Rus evi”nin bağlanması Azərbaycanın informasiya təhlükəsizliyini gücləndirmək, xarici təsirləri azaltmaq və milli-mədəni dəyərlərini qorumaq istiqamətində atdığı mühüm addımlardan biridir. Bu hadisə həm Azərbaycanın müstəqil siyasətinin bir göstəricisi, həm də regionda yeni geosiyasi reallıqların formalaşdığının bir əlaməti kimi Azərbaycan Vətən Müharibəsi Veteranları tərəfindən təqdir edilir. Təşkilatımız hər zaman dövlətimizin və dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev cənablarının siyasətini dəstəkləyir və həmişə onun yanında olacaqdır.



Bu xəbəri paylaşın: