Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının ildönümüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların rəhbərliyini, şəxsi heyətini və veteranlarını təbrik edib.
Təbrik müraciətində vurğulanır ki, Daxili Qoşunlar ölkəmizin təhlükəsizliyinin və ictimai asayişinin təmin edilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. Xüsusilə, Vətən müharibəsi zamanı Daxili Qoşunların şəxsi heyətinin göstərdiyi şücaət və qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Füzuli Rzaquliyev qeyd edib ki, bu şanlı yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Daxili Qoşunlar daha da güclənib, müasir döyüş və taktiki imkanlarını genişləndirib.
Sonda o, Daxili Qoşunların bütün şəxsi heyətinə, veteranlarına möhkəm cansağlığı, xidməti fəaliyyətlərində uğurlar və Vətənə sədaqətlə xidmət etməyi arzulayıb.
Qeyd edək ki, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə — Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.
1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün — martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
Ulu öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olub.
Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib.
2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.
Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir.
Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir. Hərbi hissələrdə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.
Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.
AVMVİB-in Mətbuat xidməti