27 may 2025-ci il tarixində, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimli, o cümlədən veteranlar, şəhid baş leytenant Cavid Bədəlovun mövludu münasibətilə təşkil olunmuş anım tədbirində iştirak etdilər. Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olundu və ona dualar oxundu. Bu mənalı anma mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi, müxtəlif idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Cavid Bədəlov 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şanlı sıralarında baş leytenant olaraq döyüşüb və şəhidlik zirvəsinə ucalıb. O, vətən uğrunda göstərdiyi igidliklə, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə öz adını yazdırıb. Onun döyüşlərdəki əzmkarlığı və vətənə olan bağlılığı, gənc nəsil üçün örnək olmağa davam edir.
Tədbirdə iştirak edən veteranlar, Cavid Bədəlovun əziz xatirəsini dərin hörmətlə yad edərək, onun və digər şəhidlərin xalqa, dövlətə və torpağa göstərdiyi xidmətlərin heç vaxt unudulmayacağını vurğuladılar. Tədbir iştirakçıları şəhidin ailəsinə başsağlığı verdilər və bütün şəhidlərimizin ruhu qarşısında baş əydilər.
Rayon icra başçısı tədbirdə çıxış edərək, şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlıqları yüksək qiymətləndirdi və onların adlarını əbədi olaraq yaşatmaq üçün dövlətin və cəmiyyətin səylərinin davamlı olacağını bildirdi. Həmçinin, şəhid ailələrinə dəstək olmağın, onların qayğıları ilə maraqlanmanın vacibliyini qeyd etdi.
ALLAH şəhidlərimizə rəhmət etsin!
AVMVİB-in Mətbuat xidməti




