Bu gün – 27 iyul, şəhid Şəhid Fərzullazadə Mehdi Zaman oğlunun doğum günüdür. Bu, onun dünyaya göz açdığı gündür. 1995-ci ildə Bakıda doğulan bu igid övlad, 25 il sonra – 2020-ci ilin noyabrında öz doğma torpağı üçün əbədi olaraq gözlərini yumdu. Ancaq bizlər üçün heç vaxt ölmədi. Mehdi bu gün də yaşayır – ailəsinin qürurunda, silahdaşlarının yaddaşında, xalqının qəlbində, torpağın altında deyil, torpağın üstündə – onun hər qarışında…
Vətən müharibəsi başlayan ilk gündən – 27 sentyabr 2020-ci ildən döyüşlərə qatıldı Mehdi. Qorxusuz, tərəddüdsüz. Onun yolu Füzuli və Xocavəndin azadlığı uğrunda uzandı. Hər addımında Vətən sevgisi vardı. O, bu sevgi ilə döyüşdü, bu sevgi ilə nəfəs aldı və bu sevgi ilə şəhid oldu.
7 noyabr… Xocavəndin adsız bir yüksəkliyi… Səssiz və sərt dağlar şahid oldu onun son nəfəsinə. Amma elə həmin gün, o yüksəklikdə adını əbədiləşdirdi Mehdi. Artıq o yüksəklik “adsız” deyil – orada Mehdi var.
Bu gün şəhidimizin ad günüdür. Amma biz ad gününü yox, həyat gününü qeyd edirik. Onun fədakarlıqla keçdiyi ömür yolunu, bizim üçün buraxdığı izləri anırıq. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin üzvü, 44 günlük müharibə qazisi, şəhidin komandiri olmuş İlkin Rzaquliyev, AVMVİB-in Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Mehdi ilə birgə döyüşən səngər və silah yoldaşı – şəhid Əlisultanov Vahid Tahir oğlunun ailəsi, ictimaiyyət nümayəndələri, döyüş dostları iştirak etdilər. Məzarı başında dua oxundu, gül dəstələri düzüldü. Amma bu çiçəklər onun susqun daşına yox, bizim qəlbimizə səpilən kədərin, fəxrin simvolu idi.
Mehdinin bölüyündə olanlar deyirlər: o, səssiz, lakin mərd idi. Gözlərində qətiyyət, dilində Vətən var idi. Onun üçün həyat – Vətən idi, şəhidlik isə şərəfli sonluq. Bu gün o, doğum günü tortu yox, səmada ucalan bir ulduzdur – yolu azanlara işıq saçan…
Allah şəhid Mehdi Fərzullazadəyə, Vahid Əlisultanova və bütün şəhidlərimizə rəhmət eləsin.
AVMVİB-in Mətbuaat xidməti


