Azərbaycan Respublikasınıb Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamıyla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki «X» sosial şəbəkəsi) elan edib.
Beləliklə, 2022-ci il avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də işğal edilmişdi.
Bu günün əhəmiyyəti ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirmişdir ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı. Bu Zəfər nəticəsində işğal altında olan bir çox torpaqlarımız kimi, Laçın rayonunun da azad olunması tarixi reallığa çevrildi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə bir güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Daha sonra isə, 2022-ci ilin avqust ayında Laçın şəhəri və ətraf kəndlər tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, ordu quruculuğu sahəsində atdığı məqsədyönlü addımlar və xalq-iqtidar birliyinin bariz nəticəsidir.
Bu gün biz artıq azad Laçındayıq! Bu gün Laçın rayonunda üçrəngli bayrağımız dalğalanır, quruculuq və bərpa işləri geniş vüsət alır. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Laçında müasir infrastruktur yaradılır, sakinlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu, yalnız Laçının deyil, bütün Azərbaycanın dirçəlişidir. 18 may tarixini biz artıq təkcə işğalın deyil, həm də qürurlu dönüşün başlanğıcı kimi xatırlayırıq. Bu gün Laçın şəhidlərinin ruhu şaddır, çünki onların uğrunda can verdiyi torpaqlar artıq azaddır. Növbəti hədəfimiz Zəngəzur dəhlizidir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Allah bütün Vətən oğullarımızı qorusun!»
AVMVİB-in Mətbuat xidməti