Son günlər Xəzər TV-də yayımlanan süjet Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) adını yanlış kontekstdə hallandıraraq, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edib. Ortada heç bir diqqətəlayiq fakt, şikayət və şaiyə və dedi-qodu əsasında süjet hazırlayan «Xəzər TV»-nin bu məzmunda süjeti efirə verilməsi ən azı məsuliyyətsizlikdir. Bu, yalnız təşkilatın nüfuzuna xələl gətirməklə kifayətlənmir, həm də Vətən müharibəsi qazilərinin və veteranların illərlə qazandığı hörmət və etimada kölgə salır.
Azərbaycanın ən nüfuzlu ictimai birliklərindən biri olan AVMVİB 1994-cü ildə təsis edilib və 31 illik fəaliyyəti ərzində dövlətçiliyin vətənpərvərlik prinsipləri əsasında minlərlə müharibə iştirakçısını öz ətrafında birləşdirib. Bu qurum hər zaman Azərbaycan ərazi bütövlüyünün qorunması uğrunda döyüşən igidlərin səsi, haqq carçısı olub.
Təşkilatın açıqlamasında vurğulanır ki, AVMVİB tərəfindən verilən tanıtma və yubiley nişanlarının heç bir hüquqi imtiyazı olmayıb, onlar sadəcə üzvlərə və bəzi tibb işçilərinə simvolik təşəkkür nişanları kimi təqdim olunub. Onların üzərində təşkilatın loqosu, adı və rəsmi təsis tarixi aydın şəkildə göstərilib. Başqa sözlə, AVMVİB heç vaxt bu nişanları rəsmi dövlət mükafatı kimi təqdim etməyib.
“Bu məsələ dəfələrlə ictimaiyyətə açıqlanıb. Nişanların verilməsi artıq 2 ildən çoxdur ki, dayandırılıb. Belə bir vaxtda məsələni yenidən gündəmə gətirmək obyektivlikdən uzaqdır və təşkilatımızın nüfuzuna qəsdən vurulan qərəzli mövqe kimi qəbul olunur,” – bəyanatda bildirilir.
Qurumun nümayəndələri əlavə ediblər ki, belə yanaşmalar yalnız veteranların, qazilərin və müharibə iştirakçılarının illərlə formalaşmış hörmətinə kölgə salmaq məqsədi güdür:
“Bizim fəaliyyətimizi şübhə altına almaq – Azərbaycanın qəhrəman övladlarının mübarizə yoluna kölgə salmaq deməkdir.”
AVMVİB rəhbərliyi bir daha bəyan edib ki, təşkilat daim dövlətin yanında olub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq olaraq, şəffaf və hüquqi əsaslarla fəaliyyət göstərib. Qarabağın azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələri, qazilər və veteranlar təşkilatın ən böyük qayğısı olaraq qalır.
Sonda AVMVİB ictimaiyyətə müraciət edərək vurğulayıb ki, hər zaman dövlət orqanları ilə əməkdaşlığa açıqdır və məqsədi yalnız şəffaflıq, qarşılıqlı hörmət və vətənpərvərliyin gücləndirilməsidir.
AVMVİB-in Mətbuat xidməti
