Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin üzvü, İkinci Qarabağ müharibəsi qazisi və veteranı İlkin Rzaquliyev Şamaxı şəhərində rəhbərlik etdiyi bölükdə çiyin-çiyinə vuruşduğu şəhid əsgər Abasov Elvin Saxavət oğlunun mövlud günündə iştirak etmişdir.
Anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir çərçivəsində şəhid Elvin Abasovun məzarı ziyarət olunmuş, məzarı önünə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən və yüksək insani keyfiyyətlərindən bəhs etmişlər.
Şəhidin məzarı önündə çıxış edən İlkin Rzaquliyev Elvin Abasovun döyüş yoldaşları arasında xüsusi hörmətə malik olduğunu vurğulayaraq demişdir: “Elvin bizim güvən yerimiz idi. Onun şəhid olması bölüyümüzdə hər kəs üçün ağır itki oldu. Döyüşlərin ən çətin anlarında belə Elvin öz təmkinini, mərdliyini və insanpərvərliyini qoruyub saxlayırdı. Yaralananlar olurdu, yorğunluq və gərginlik yaşanırdı. Amma Elvinin bir sözü, bir təbəssümü sanki hamımıza güc verirdi. O, döyüş yoldaşlarının qəlbində ümid yaradan, hər kəsə mənəvi dayaq olan insanlardan idi. Bu gün onun yoxluğu bizi kədərləndirsə də, qəhrəmanlığı və xatirəsi daim bizimlədir.”
İlkin Rzaquliyev bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad edilməli, onların ailələri diqqət və qayğı ilə əhatə olunmalıdır. O qeyd edib ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç vaxt unutmayacaq, onların göstərdikləri igidlik gələcək nəsillər üçün örnək olaraq yaşayacaqdır.
Mərasim iştirakçıları şəhid Elvin Abasovun əziz xatirəsini dərin ehtiramla yad etmiş, ailəsinə səbir diləmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti

.jpg)
