Hörmətli jurnalistlər!
Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları və şərəfli fəaliyyətinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan milli mətbuatı 150 ildən artıq tarixi ərzində xalqımızın maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstərmişdir. Xüsusilə müharibə və postmüharibə dövründə jurnalistlərimiz böyük fədakarlıq nümayiş etdirərək, həyatlarını təhlükəyə atmaq bahasına haqq səsimizi dünyaya çatdırmış, Azərbaycan həqiqətlərinin müdafiəsində ön cəbhədə yer almışlar.
Bu əlamətdar gündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, Qarabağ qazisi və Azərbaycanın ilk döyüşçü-jurnalisti mərhum Xaqani Rzaquliyevi dərin ehtiramla yad edirik. O, yalnız peşəkar jurnalist kimi deyil, həm də silaha sarılaraq Vətən uğrunda döyüşən, qələmi və silahı eyni amal uğrunda birləşdirən fədakar ziyalı, əsil Vətən fədaisi idi. Xaqani Rzaquliyev AVMVİB-in yaradıcılarından biri olmuş, uzun illər təşkilatın fəaliyyətinin, veteranlarımızın səsinin cəmiyyətə çatdırılması istiqamətində yorulmadan çalışmışdır. Onun zəngin irsi, vətənpərvərliyi və peşəkarlığı bu gün də hər birimiz üçün örnəkdir.
Əminəm ki, Azərbaycan jurnalistləri bundan sonra da milli maraqlarımızın müdafiəsində, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasında, cəmiyyətimizin obyektiv və operativ məlumatlandırılmasında öz şərəfli missiyalarını layiqincə davam etdirəcəklər.
Bir daha bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə uğurlar, qələminizin daim kəsərli olmasını arzulayıram.
Hörmətlə,
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri



