Hərbi yönümlü təşkilatların Qarabağ səfəri: Zəfər məkanları, tarixi yaddaş və yeni hədəflər

İttifaqa daxil olan təşkilatların rəhbərləri Ağdam, Xankəndi, Xocalı, Ağdərə və Xocavəndin bir sıra ərazilərini ziyarət edib, şəhidlərin xatirəsini yad edib və gələcək birgə fəaliyyət istiqamətlərini müzakirə ediblər. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Qarabağın işğaldan azad olunması Azərbaycan dövlətinin siyasi iradəsinin, xalqımızın milli həmrəyliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümüdür. Bu baxımdan Hərbi Yönümlü Təşkilatların İttifaqında birləşən qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndə heyətinin Qarabağa səfəri həm mənəvi, həm də ictimai əhəmiyyət daşıyan mühüm tədbir olmuşdur. Səfərin məqsədi Zəfər torpaqlarını ziyarət etmək, şəhidlərimizin xatirəsini yad etmək, Qarabağda aparılan quruculuq işləri ilə tanış olmaq və təşkilatlar arasında gələcək birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olmuşdur. Səfərin xüsusi mənəvi əhəmiyyət daşıyan məqamlarından biri də nümayəndə heyətinin müharibə veteranları və qazilərdən ibarət olmasıdır. Nümayəndə heyətində təmsil olunanların bir qismi məhz səfər etdikləri ərazilərdə gedən döyüşlərdə iştirak etmiş, həmin torpaqların azadlığı uğrunda mübarizə aparmışlar. Bu baxımdan onların illər sonra Qarabağa qayıdışı sıradan bir səfər deyil, keçmiş döyüş yollarına, Zəfər tariximizin canlı yaddaşına mənəvi dönüş xarakteri daşımışdır. Veteran və qazilərin bu gün həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərini öz gözləri ilə görməsi səfərə xüsusi mənəvi dəyər qazandırmışdır.

Səfər çərçivəsində nümayəndə heyəti Ağdam şəhərində yerləşən Şəhidlər Xiyabanını və tarixi Ağdam Cümə Məscidini ziyarət etmiş, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir. Səfər proqramı Xankəndi şəhərində davam etdirilmiş, Zəfər Parkı və şəhərin digər mühüm məkanları ziyarət olunmuşdur. Daha sonra nümayəndə heyəti Xocalı şəhəri və Xocalı rayonunun ərazilərinə, Ağdərə rayonunun Vəngli kəndinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə, eləcə də digər ərazilərə səfər etmişdir. Səfər iştirakçıları bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri və Böyük Qayıdış çərçivəsində görülən işlərlə yaxından tanış olmuşlar.

Səfərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və Hərbi Yönümlü Təşkilatların İttifaqının sədri Emin Həsənli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin birinci müavini və Hərbi Yönümlü Təşkilatların İttifaqının katibi Vahid Abdurəhmanov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Firuddin Məmmədov, Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşviq Əliyev, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədr müavini Həsən Əmirov, Şəhid Ailələri, Müharibə Əlilləri və Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov iştirak etmişlər. Bu nümayəndə heyətinin Qarabağda bir araya gəlməsi hərbi yönümlü və veteran təşkilatları arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Səfər çərçivəsində Hərbi Yönümlü Təşkilatların İttifaqının geniş tərkibli iclası və dəyirmi masası keçirilmişdir. Görüşdə veteranların, qazilərin və şəhid ailələrinin sosial problemləri, onların hüquq və mənafelərinin müdafiəsi, mövcud məsələlərin aidiyyəti dövlət qurumlarına çatdırılması və həllinə ictimai dəstək göstərilməsi məsələləri müzakirə olunmuşdur. Toplantıda gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin gücləndirilməsi, Vətən müharibəsi həqiqətlərinin gələcək nəsillərə çatdırılması, hərbi-vətənpərvərlik tədbirlərinin genişləndirilməsi və azad edilmiş ərazilərdə təşkilatların birgə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində fikir və təkliflər səsləndirilmişdir.

İclas zamanı xüsusi vurğulanmışdır ki, Hərbi Yönümlü Təşkilatların İttifaqına daxil olan təşkilatlar öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına, dövlətçiliyə, milli maraqlara, ərazi bütövlüyü və suverenliyimizin qorunması prinsipinə əsaslanırlar. İttifaq üzvləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətini, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi və Qarabağda aparılan quruculuq siyasətini yüksək qiymətləndirirlər. Qeyd olunmuşdur ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər xalq–ordu birliyinin, milli həmrəyliyin və dövlətimizin gücünün parlaq nümunəsidir. Hərbi yönümlü təşkilatlar bundan sonra da veteranların, qazilərin və şəhid ailələrinin problemlərinin həllinə ictimai dəstək göstərmək, gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək və dövlətçilik dəyərlərinin təbliğində fəal iştirak etmək niyyətindədirlər.

Səfərin yekununda bildirilib ki, Hərbi Yönümlü Təşkilatların İttifaqının Qarabağa səfəri Zəfər məkanlarının ziyarəti ilə yanaşı, təşkilatlararası əməkdaşlığın möhkəmləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyıb. Qarabağ səfəri iştirakçılarda böyük qürur və mənəvi ruh yüksəkliyi yaradaraq bir daha göstərib ki, Zəfər yalnız keçmişimizin şanlı səhifəsi deyil, həm də gələcəyə aparan böyük məsuliyyətdir. Bu məsuliyyətin əsasını dövlətçilik, milli birlik, vətənpərvərlik və Zəfərimizin qorunması təşkil edir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-08-08-at-14-45-12

Whats-App-Image-2026-08-08-at-14-56-39-(1)

Whats-App-Image-2026-08-08-at-14-56-39

Whats-App-Image-2026-08-08-at-14-56-39

Whats-App-Image-2026-08-08-at-14-45-12-(1)

Whats-App-Image-2026-08-08-at-14-49-17

Whats-App-Image-2026-08-08-at-14-49-17-(1)

Whats-App-Image-2026-08-08-at-14-49-17-(3)

Whats-App-Image-2026-08-08-at-14-54-34

Whats-App-Image-2026-08-08-at-14-55-16-(1)

Whats-App-Image-2026-08-08-at-14-56-39

Whats-App-Image-2026-08-08-at-14-56-39-(2)

Whats-App-Image-2026-08-08-at-14-56-39-(3)

Bu xəbəri paylaşın: